hicab

Dini geyimlər ölkəyə haradan gətirilir? – ARAŞDIRMA

Baxış sayı: 1. 379

Son dövrlər paytaxt Bakıda, eləcə də bölgələrimizdə dini geyimli insanların sayı durmadan artır. Dini geyimlərlə yanaşı dini aksesuarlar da insanların diqqətini çəkə bilib. Heç nə olmasa da qara qaşlı yekə dini üzüklər görmüsünüz. Hətta o üzüklərin mənən ona kömək etdiyini hesab edənlər də az deyil. Bir sözlə dini vasitələrin çoxluğu bizdə maraq oyadır ki, bu vasitələr ölkəyə haradan gətirilir, ölkədə istehsal olunurmu, dini geyimlər milliləşdirilə bilərmi?

Dini geyimlər, aksesurlarla bağlı ümümi mənzərəni görmək üçün şəhərin ayrı-ayrı ticarət mərkəzlərinə baş çəkdik.

İlk yaxınlaşdığımız yer məşhur “28 Moll” kimi tanınan ticarət mərkəzi oldu. Geyim satılan yerləri gəzib, axtarsaq da gözümüzə dəymədi. Oradakı işçilərdən maraqlandıq. Əvvəllər olsa da satışda, sonradan yığışdırıldığını dedilər.

28 may metrosun qarşısında yeraltı keçiddə yerləşən ticarət mərkəzinə də üz tutduq. Çox axtardıq. İç geyimlərindən tutmuş, başmaqlara qədər hər şey satılır. Dini geyimlər isə yoxdur, satışda mövcud deyil. Yenə sual ortaya çıxır ki, bir neçə obiyektə baş çəkmişik, dini geyimlər satılmır, bəs bu yüzlərlə adamlar hardan tapır?

…və nəhayət elə həmin ticarət mərkəzində baş örtükləri satılan bir yer tapdıq. İçəri daxil olub, baş örtüklərə alıcı gözü ilə nəzər saldıq. Satıcı xanım da bir az şübhəli-şübhəli baxdı. Bəy və baş örtük…

Elə yanimizda duran bu satıcı xanımın da başı bağlıdır. Ayaqların üstünə qədər qapalıdır. Soruşuram ki, geyindiyi bu əlbisə haranındır?

Xanım satıcı deyir ki, Türkiyədən gəlir bizim satdığımız mallar: “Bundan başqa Laçın Ticarət Mərkəzi”ndə dini mağazamız var. Orada bütün dini geyimlər satılır. Burada isə yalnız gördüyünüz kimi, baş örtükləridir”

Soruşduğumuz dini geyim maqazalarından məlum olur ki, həm Türkiyə, həm İran respublikasından dini geyimlər ölkəyə gətirilir.

Yəqin çoxunuz fərqinə varmısınız ki, şəhərdə bəzi xanımlar başdan ayağa qara, bəziləri isə rəngli dini geyimlərə üstünlük verirlər. Maraqlandığımız şəxslər bunun İran və Türkiyə istehsalı olması ilə əlaqələndirirlər. Bəs ölkədə milli dini geyimlər hazırlanırmı?

Mövzu ilə bağlı danışan modelyer Şəlalə Maqsudova hesab edir ki, dini geyimlərin milliləşdirilməsi düzgün deyil. Modelyerin sözlərinə görə, dini geyimlər nə qədər sadə olarsa o qədər yaxşı olar, diqqət cəlb etməz:

“Bizim milli geyimlərimizdə çoxlu naxışlar var. Başdan-başa bəzək aksesurları ilə örtülüdür. Milli arnamentlərimiz geyimlərimizin üstündə əks olunur. Modelyer olaraq mən də dini geyimlər hazırlayıram. Düzdür sifariş edənlər çox istəyir ki, üstündə bəzəklər olsun. Hicablar daha çox hazırlayıram. Xanımlarımız baş örtüklərini də çalışırlar nəzərəçarpan görünsün. Adi geyimlərimizdə istər forma, istər rəng seçimi zamanı hər bir rəngdən istifadə olunur. Bunun olması özü bir millilikdir. Ancaq dini geyimlərdə iki rəng – ağ və qara rəng daha üstünlük təşkil edir. Özüm də dinə bağlı insanam. İstəmirəm ki, xanımlarımız nəzərəçarpan dini geyimlər geyinsin. Nə qədər sadə olarsa o qədər yaxşıdır”

Şəlalə xanım ölkədə modelyerlərə dini geyimlə bağlı müraciət edənlərin olmasına da münasibət bildirdi:

“Artıq ölkədə buna tələbat var. Sifariş edənlər az olmur. Bir var hazır gəlmiş geyimlərdə düzəlişlər etmək, bir də var müştərinin zövqünə, istəyinə görə hazırlanmış. Açığı deyim ki, gənc xanımlar var ki, onlar dini geyimlərin də müasir olmasını istiyirlər. Onlara dini geyim adı vermək olmaz. Mənə sifariş edənlərə deyirəm ki, bu dini geyim sayılmır. Dinimizdə vardır ki, geyim elə olmalıdır ki, xanımlarda bədən izləri bilinməsin. Ancaq istəklər bunun tam əksinədir”.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədovdan aldığımız məlumata görə isə, dini geyimlər Ərəb ölkələrindən gətirilir:

“Ümümiyyətlə dini geyim anlayışının özü müəyyən qədər doğru deyil. Geyimlər normal geyimlərdir, lakin onu fərqləndirən müəyyən atributlar ola bilər. Buraya ölçülər – nisbətən uzun olması ola bilər. Bu geyimlər istənilən ölkədən gətirilə bilər. Bunun xüsusi nəzarəti həyata keçirilmir. Milli dini geyimlər dediyimiz anlayışı bizə əsas verir ki, deyək tarixən xalqımız dinə bağlı olub, dini dəyərlərə hörmət bəsləyiblər. Vətəndaş olaraq, bir dövlət qurumunun nümayəndəsi olaraq bu geyimlərin iyirmi birinci əsrdə yenidən gündəmə gəlməsinin tərəfdarıyıq, nəinki xarici ölkələrin mədəniyyətini əks etdirən geyimlərin. Bu gün müşahidələr onu göstərir ki, dini geyimlər adlandırdığımız geyimlərin əksəriyyəti ərəb ölkələrinin, o cümlədən qonşu ölkələrin geyim tərzləridir. Bunun xüsusən dini mahiyyəti mövcud deyil. Biz qeyd edə bilmərik ki, bu dinin buyurduğu formalardır. Bu fərqli-fərqli ölkələrdə, fərqli- fərqli mədəniyyətlərdə müxtəlifcür qəbul edilir. Azərbaycanda da tarixən milli geyimlərimiz olubdur. Müasir dövrümüzdə də dindaşlarımız məhz bu geyimlərdən istifadə etməsi təqdirə layiq olardı. Təbii ki, biz bunun arzusundayıq. Heç kimə də bu geyimi geyinmə qadağa da qoya bilmərik”.

 

Ölkədə milli dini geyimlərin hazırlanması iqtisadiyyat üçün nə qədər əhəmiyyətli ola bilər?

İqtisadçı Akif Nəsirli hesab edir ki, bu Azərbaycan üçün çox aktual bir mövzudur:

“Bilirsiniz ki, pambıqçılığın inkişafı son illərdə sürətlə gedir. Eləcə də aldığımız məhsulu xaricə satma imkanlarımız da güclənir. Ancaq deyə bilərəm ki, ölkədə bu xammalı emal edib, satışa çıxarmaq üçün bir fabrik, müəssisə yoxdur. Dini geyimlərin xaricdən idxalını dayandırıb, yerli müəssisələrimizdə hazırlaya bilərik. Biz bu gün kənd təsərrüfatı sahəsində strateji məhsul kimi bu sahəni inkişaf etdirmişiksə, çalışmalıyıq istehsal elədiyimiz məhsuldan hazır əmtəə əldə edək. Bu strategiyanı inkişaf etdirmək üçün resbublikamız digər ölkələrin praktikasını öyrənməlidir. Bunun üçün Türkiyənin texnologiyaları elə ən məqsədəuyğun sayılır. Belə olan halda biz öz xammalımızdan istifadə edib, iqtisadi gücümüzü artıra bilərik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir