qumru eyvazova

Evə qeydiyyata alınmış şəxsi necə qeydiyyatdan çıxarmalı? – “VƏKİL BÜROSU”

Baxış sayı: 528

 Hər kəs mülkiyyətində olan əmlaka qeydiyyata aldığı şəxsin kimliyini, onun ailə ilə əlaqəsinin dərəcəsini öyrənməli, gələcəkdə həmin əmlaka dair hansısa bir qərar verilərkən şəxsin mülkiyyətçiyə problem yaradıb-yaratmamasını öncədən düşünməli və yalnız sonra həmin şəxsi öz mülkiyyətinə qeydiyyata almalıdır. Son zamanlar çox hallar müşahidə olunur ki, ailəyə yaxın, dost və yaxud tanış olan şəxslər ilk öncə xahişlə mülkiyyəyyətə qeydiyyata alınsalar da, sonradan əmlakın mülkiyyətçisi şəxsə müraciət edərək onun qeydiyyatdan çıxmasını xahiş etsə də, həmin şəxs bunu etməyəcəyini və mülkiyyətdə qeydiyyatda qalacağını israrla bildirir.

 

Bu məsələyə dair qanun nə deyir?

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarında şərh edilmişdir. Həmin şərhdə qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında, qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilmişdir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir.

 

Bəs qeydiyyata alınmış şəxs yaşayış yerini dəyişdikdə və yaxud qeydiyyatdan çıxmaqdan imtina etdikdə, mülkiyyətçi hansı addımları atmalıdır?

Qanunvericiliyə əsasən, “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Yəni, məsələn, əgər şəxs bir müddət hansısa əmlakda qeydiyyata alınaraq yaşamışsa, və yaxud qeydiyyata alınıb, lakin ümumiyyətlə yaşamamışsa və mülkiyyətçi həmin şəxsi qeydiyyatdan çıxatmaq niyyətindədirsə, o zaman mülkiyyətçi bu barədə ərizə ilə ərazi üzrə Polis orqanına müraciət edir və şəxsin qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin müraciət etdikdə, praktikada müşahidə etdiyimiz kimi, müraciətlərə imtina cavabı verilərək, mülkiyyətçinin məhkəməyə müraciət etməsi tövsiyə edilir.

 

Polis orqanı tərəfindən şəxsin qeydiyyatdan çıxarılmasına imtina edildikdə, mülkiyyətçi hara və hansı qaydada müraciət etməlidir?

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyalarının, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

Qanunun tələblərinə müvafiq olaraq, mülkiyyətçi iddia ərizəsi və ona əlavə edilmiş zəruri sənədlərlə ərazi üzrə İnzibati Məhkəməyə müraciət etməlidir. Qeyd edək ki, qanunvericiliyə müvafiq olaraq, inzibati işlər üzrə iddia ərizəsinə görə dövlət rüsumu ödənilmir. Hazırda, inzibati məhkəmələrdə elektron sistem olmadığından, inzibati məhkəmələrə iddia ərizələri kağız formasında konvertə əlavə olunmaqla poçt vasitəsilə yollanılır.

menzil

Əlavə olaraq qeyd edək ki, Konstitusiya Məhkəməsinin Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.

Onu da qeyd etmək yerinə düşər ki, qeydiyyatda olan şəxsin müraciət edən mülkiyyətçinin mülkiyyətində olan əmlakdan qeydiyyatdan çıxarılması onun qeydiyyatsız qalması anlamına gəlmir. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

Məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərək və inzibati qaydada işə baxaraq,  şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

Hər bir halda, bir məqamı qeyd etmək vacib olar ki, mülkiyyətinizə qeydiyyata qəbul etdiyiniz şəxsin kimliyini araşdırmamış və həmin şəxsin nə dərəcədə güvənli birisi olmasını dəqiqləşdirməmiş, onu qeydiyyata alaraq gələcək işlərinizi risk altına almayın. Qədim atalar sözündə deyildiyi kimi “İş tərs gələndə, xaşıl da diş sındırar”.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir