yaqut qasimova

“Evlilikdən 1 il sonra hamilə qalmaq mümkün olmursa” – GİNEKOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 2. 864

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı mama-ginekoloq Yaqut Qasımovadır. Onunla dövrümüzün ən aktual problemlərindən olan sonsuzluq haqqında danışdıq.

 

– Son dövrlərdə ailələrdə sonsuzluq halları artmaqdadır. Sonsuzluğa nələr səbəb ola bilər?

– Hamiləlik baş verməkdən ötrü qadında fəal olan yumurtalıqlar, fallop boruları və uşaqlıq olmalıdır. Bunların hər hansı birinin zədələnməsi və ya funksiyalarının pozulması qadında sonsuzluğun yaranmasına səbəb ola bilər. Abortlar, xüsusən təkrarlanan abortlar çanağın iltihab xəstəliyi, o cümlədən, fallop borularının və uşaqlığın zədələnməsinə gətirə bilər. Abort və çanağın iltihab xəstəliyi sonsuzluqla yanaşı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb ola bilər. Bir sözlə, bu haqda birmənalı danışmaq olmaz. Səbəblər çoxdur və müxtəlifdir. Məsələn, müasir dövrdə aparılan əməliyyatlar, müasir xroniki və kəskin stress halları, böhran vəziyyətləri hormonal disbalansın yaranmasına səbəb ola bilir ki, nəticədə sonsuzluq problemi meydana gəlir. Daha sonra kiçik çanaqda iltihabi xəstəliklər səbəbindən, eləcə də vərəm, süzənək kimi xəstəliklər uşaqlıq boruların keçiriliciyini bağlayır. Daha sonra kiçik çanaqda aparılan istənilən əməliyyatlar yenə bitişmə yaradır və borunun anatomiyasını dəyişir ki, bu da sonsuzluğa səbəb olur.

 

Ümumiyyətlə sonsuzluq necə müəyyən edilir?

– Adətən, cütlük bir ildən çoxdur ki, kontrasepsiya olmadan hamilə qala bilmirsə, sonsuzluq diaqnozu qoyulur. Hal-hazırda qadınların sosial həyatı və sosial inkişafı daha çox olduğu üçün evlilik yaşı geri çəkilir və çox gecikir. Beləliklə, qadınlar yaşlanırlar. Beləliklə, 35 yaşdan yuxarı olan qadınlara gəldikdə, əgər onlar 6 aydan çox kontrasepsiyadan istifadə etməsələr də, hamilə qalmasalar, bunu sonsuzluq kimi qəbul etməli, analizlər aparmalı və müalicəni nəzərdən keçirməyə başlamalıdırlar.

 

– Amma o da var ki, dünyada mediasında ana olmaq yaşının artması barədə yazılar yayımlanır. Artıq bir çox ölkələrdə bu yaş 30-u keçib. Bizdə vəziyyət necədir? Ümumiyyətlə, ana olmaq üçün uyğun yaş neçədir?

Son illərdə inkişaf etmiş ölkələrdə gec ana olmaq istəyənlərin sayında ciddi artım müşahidə olunur. Bu dəb yavaş-yavaş Azərbaycanda da öz izlərini buraxır. Belə ki, statistik göstəricilərə görə, gec yaşda ana olanların sayı artmaqdadır. Bəli, Azərbaycan qadını son illər gec ana olmağa üstünlük verir. Bu, statistikada da özünü göstərir. Amma yeganə səbəb karyeraya olan həvəs deyil. Qadınların təhsillərini uzun müddət davam etdirmək, karyerasını qurmaq istəyi, sosial həyata can atmaları, hamiləlikdən qorunma üsullarından təsirli istifadə edilməsi və gec yaşlarda da ana olmaq şansının çoxalması bunun əsas səbəblərindəndir. Gec doğuş üçün yaş həddi nəzərə alınır 35 il, ancaq tibdə “köhnə” anlayışı artıq mövcud deyil və sağlamlıqla 40 ildən sonra da uğurla doğum edə bilərsiniz. Ancaq yenə də ananın hansı riskə məruz qaldığını bilməlisiniz – vaxtında tədbirlər görmək və hamiləliyi təsir edə biləcək bütün amilləri istisna etmək üçün. Əslində gec ana olmaq heç də hər zaman qadınların öz seçimi olmur. Belə ki, Azərbaycanda xanımları iki – 35 yaşadək və 35 yaşdan sonra olan qadınlar qrupuna bölsək, onlarda rast gəlinən xəstəliklərin də fərqli olduğunu görərik. 35 yaşadək olan qadınlarda adətən uşaqlıq yolunun, uşaqlıq boynunun xəstəlikləri, aybaşı problemləri olur: “Ona görə də 35 yaşadək olan qadınlar daha çox bu problemlərə görə həkimə müraciət edirlər. 35 yaşdan sonra isə adətən uşaqlıq yolunun problemləri anatomik problemlərlə bağlı olur. Bu qrup qadınlarda uşaqlıqda poliplər, fibromalar, yumurtalıqlarda kistalar ola bilər. Hansı ki, kistalar da müxtəlifdir. Müalicəyə tabe olan və yalnız əməliyyat yolu ilə həll edilən kistalar olur. Qadınlarda doğuşlardan sonra uşaqlıq yolunun həddindən artıq genişlənməsi, uşaqlıq yolunun cırılması nəticəsində yaranan problemlər özünü göstərə bilər. Bu iki qrup qadınların müalicə taktikası da fərqlidir. 35 yaşadək olan gənclərə, xüsusən 15-20 yaş arasında olan qızlara bədənlərinin fizioloji və anatomik quruluşu barədə ətraflı dərslər keçirilsə, cinsi əlaqənin zərərləri və hamiləliklərdən qorunma üsulları ilə bağlı mövzular müzakirə edilsə, çox yaxşı olar.

yaqut qasimova

– Sonsuzluğun diaqnostikası üçün aparılan müayinələr hansılardır?

Qadınlarda məhsuldarlıq testi menstrual tsiklə əsasən başlayır. Hamilə qalmaq istəyən qadınlar menstruasiya zamanı müraciət etməlidirlər. Menstruasiyanın 2-ci və 3-cü günü müracət olunması daha yaxşı olar və zaman hormonal testdən başlayırıq. Fallop borusunun yaxşı olub-olmadığını yoxlamaq lazımdır. Ovulyasiya ultrasəslə yaxşı ovulasiya olub-olmadığını yoxlamaq da vacibdir. Bunu həmçinin ovulyasiya testi vasitəsiylə də yoxlamaq olar. Adətən xanımları ultrasəs müayinəsinə dəvət edir və ovulyasiyanı yoxlayırıq, amma əgər pasient gələ bilmirsə, o zaman ovulyasiya testi almasını və onunla yoxlamasını tövsiyə edirik. Ümumən cütülüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinə keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur; – Kişilər – spermanını keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün Spermoqrammanın müayinəsindən keçməlidirlər; – Qadınlar: – qanın hormonal müayinəsi – qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur; – USM – ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və.s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikul yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır; – histerosalpinqoqrafiya – bü müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orda çapıqların və digər pataloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır. Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı – Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.

 

– Ümumiyyətlə, evlilikdən sonra uşaq olmursa, neçə müddət sonra həkimə müraciət etmək lazımdır?

– Qadının bədəninin formalaşma dövrü ölkə qanunvericiliyində də olduğu kimi əsasən 18 yaşdan sonra başlayır. Yəni, bu yaşda artıq ailə qurmaq düzgündür. Bəzən bir neçə ay sonra bizə də müraciətlər edən olur. Ancaq bu cür vəziyyətdə tələsməmək lazımdır. Belə ki, evlilikdən 1 il sonra hamilə qalmaq mümkün olmursa, bu zaman həkimə müraciət etmək olar. 35 yaşa qədər qadın 1 ildən sonra, 35 yaş üstü xanımlar isə 6 ay sonra, müraciət edə bilərlər. Ancaq qadının yumurtalığında əməliyyat olubsa, eləcə də bir tərəfdə boru, yumurtalıq yoxdursa və s. onda daha tez həkimə müraciət etsinlər.

 

– Son zamanlar sosial şəbəkələrdə hələ də erkən nikahların olduğunun şahidi oluruq. Ümumilikdə erkən nikahın qadın orqanizminə nə kimi ziyanı var?

– Hələ də valideynlərə elə gəlir ki, xüsusən qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat səviyyəsi təmin etmiş olurlar.Halbuki erkən nikahlar əksər hallarda mənfi nəticələrə gətirib çıxarır. Erkən hamiləlik və onunla əlaqədər baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar, cinsi yetkinliyə çatmamış valideynlərdən zəif uşaqların doğulması, erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər erkən nikahların yaratdığı çətinliklərdir. Statistika göstərir ki, 16 yaşında olan hamilələrin doğuş zamanı ölüm ehtimalı 20 yaşından yuxarı olanlarla müqayisədə iki dəfə çoxdur. Erkən hamiləlik 19 yaşa qədər qızların ölümünün ən geniş yayılmış səbəbidir. Təəssüf ki, sadaladığımız bütün bu faktlar ailələri hələ də erkən nikahdan çəkindirmir. Ümid edək ki, parlament bu qərarı qəbul edəcək və ən azı 18 yaşdan daha tez ailə qurulmasının qarşısı alınacaq.

Yaqut Q

– Bir neçə il əvvəl Belarusdan olan ginekoloq Aleksandr Barsukov müsahibəsində Azərbaycan qadınlarının problemlərindən danışmış onların düzgün qidalanmadığını demişdi. Həmçinin qadınların ginekoloq yanına mütləq ana, qayınana, ya da bir qohumla gəlməsini ilk dəfə ölkəmizdə gördüyünü demişdi. Siz ginekoloq olaraq hansı problemlərlə qarşılaşırsınız?

– Həqiqətən ölkəmizdə hamilə xanımlar ginekoloqa ya qaynanası, ya da anası ilə birlikdə gəlirlər. Amma daha yaxşı olar ki, qadınlar öz həyat yoldaşları ilə gəlsinlər. Bu ən əsas onun üçün yaxşıdır ki, adətən hamilə xanımlara həyat yoldaşları qulluq edir ki, bu baxımdan da onların həkimin məsləhətlərini dinləməsi, hamilə xanıma qulluq qaydalarını öyrənməsi, hansı məqamda necə hərəkət etməsini bilməsi çox önəmlidir.

 

Söhbətləşdi: Məsudə Sultan




8 şərh ““Evlilikdən 1 il sonra hamilə qalmaq mümkün olmursa” – GİNEKOLOQLA MÜSAHİBƏ

  1. Aydan Musayeva

    Mənim bir yaxınımın həkimi idi. Uzun müddət idi baş tutmayan hamiləlik məhz Yaqut xanımın müalicəsindən sonra oldu. Həmişəlik minnətdarıq

    Cavabla
  2. Xalidə Suleymanli

    İndi harda işlədiyini bilmirəm, amma hamiləıik məsələləri üzrə uzmandır.

    Cavabla
  3. Melek

    Chox Savadli Bilikli Hekimdir . Pasientle Semimi Basa Salaraq Herseyi Izah Edir Getmeye Deyer Heqiqeten . Meslehetli Hekimdir Chox👍🏻

    Cavabla
  4. Şəlalə

    Mən Yaqut xanımın xəstəsiyəm. Hazırda da müalicə davam edir. Çox razı qaldım. Çox savadlı hekimdir.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir