kisi-qadin

Fransada qadına söz atan cərimə olunur, bəs bizdə?

Baxış sayı: 1. 270

Fransada artıq küçədə qadına qarşı ədəbsizlik edən, söz atan şəxslər məsuliyyətə cəlb ediləcək. Belə ki, Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib. Bu ölkənin qadınlar və kişilər arasında bərabərlik məsələləri üzrə dövlət katibi Marlen Şyappanın sözlərinə görə, yeni qanuna müvafiq olaraq, küçədə qadınları təngə gətirməyə görə, 90 avrodan 750 avroya qədər cərimə təyin olunacaq:

 

“Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək”.

Dövlət katibi onu da qeyd edib ki, yeni tədbirlər ötən həftə Parisdə baş vermiş insidentə cavab olaraq həyata keçirilir. Belə ki, Fransanın paytaxtı Parisdə gənc qız onun arxasınca fit çalan şəxsdən susmasını istəyib. O isə qızı vurmuşdu.

Qeyd edək ki, ötən il Amsterdamda da bu cür qərar qəbul edilmişdi. Belə ki, verilmiş qərara əsasən burada küçədə qadınlara söz atanlar sərt şəkildə cəzalandırılır, 4 min 100 avro cərimə edilir.

Ümumiyyətlə sivil ölkələrin bir çoxunda artıq bu cür qanunların yer aldığının şahidi oluruq. Məqsəd küçədə qadına qarşı olan ədəbsiz davranışların qarşısını almaqdır. Bəzi Şərq ölkələrində qadına sataşmağın cəzası daha ağır olur. Hətta qadının üzünə çox baxmaq haram sayılır, qadağandır. Bu arada qeyd edək ki, yezidi adətinə görə yezidi olmayan bir xanıma baxmaq qadağandır və bu böyük qəbahət sayılır.

Mehriban Zeynalova ile ilgili görsel sonucu

Araşdırmalar onu göstərir ki, qadına daha çox sataşılan ölkələr əsasən yoxsul ölkələrdir. Məsələn, bir neçə il bundan əvvəl Mərakəş, Livan, Misir və Fələstində küçədə qadına qarşı qısnamalarla bağlı kişilər arasında sorğu keçirilmişdi. Məlum olmuşdu ki, livanlı kişilərin 31, misirli kişilərin isə 64 faizi etiraf edib ki, ictimai yerlərdə qadına və qızlara qarşı seksual qısnamalar törədiblər. O da məlum olub ki, qadına sataşanlar əsasən ali təhsili olmayan gənclərdir. Onların böyük əksəriyyəti küçədə qadınlara “elə-belə, əyləncə üçün” sataşdıqlarını bildiriblər.

Bəs sivil ölkələrdə qadına küçədə nə qədər sataşırlar? Bir neçə il bundan əvvəl Nyu-Yorkda belə bir eksperiment aparılmışdı. 24 yaşlı bir qız sadə paltar – tünd cins və adi kofta geyinərək Manhattdanda dolaşıb. Məlum olub ki, 10 saatlıq gəzinti ərzində qız 108 dəfə sataşıblar. Yoldan ötənlərdən biri isə bir neçə saat ərzində onu təqib edib. Kişilərin heç də hamısı ona təhqiramiz xarakterli replikalar atmayıb. Çoxları ona uğurlu gün arzulayıb və üzünə gülümsəyiblər.

 

Bəs Azərbaycanda vəziyyət necədir? İctimaiyyətdə qadına sataşmağa görə qanun tətbiq edilməsinə ehtiyac varmı? Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova aşaöıdakıları dedi:

“Bu mövzu bir qədər həssas məsələdir. Əslində, əksər qadınlar üçün çox xoşdur ki, kimsə normal qaydada, sivil şəkildə onlara kompliment desin.  Bu sataşmaq qismində sayılmır. Lakin bir çox hallarda bu komplimentlər ifrat dərəcədə, intim xarakterdə olur ki, bu da heç cürə xoş qarşılanmır. Bu əslində seksual qısqanma sayılır. Qanunumuzda bununla bağlı bir müddəa yoxdur ki, iş yerində və yaxud ictimaiyyətdə bu cür qısnamalar, xoş olmayan təkliflər, ifadələr olduqda hansısa cəza tətbiq edilsin. Bu bir qədər milli bir məsələdir. Məsələn, Fransada kişilər qadınlara kifayət qədər diqqət etmir, onlarda tanış olma problemləri var. Fransada küçədə hansısa kişi qadına söz deyə bilməz.

Əgər ölkəmizdə qadına sataşmaq, xoş olmayan baxışlarla baxmaq və digər bu kimi hallarla bağlı parlamentə təklif verilsə, müzakirələr aparılacaq ki, hansı halda qadına sataşmaq qısnama sayıla bilər.

Tutaq ki, bir qadın kimi ictimaiyyətdə kimsə bizə sataşsa, söz atsa bununla bağlı məhkəməyə müraciət etsək, bizdən tutarlı dəlillər tələb ediləcək. Lakin Fransada bir qadın bu cür halla rastlaşdıqda məhkəmə onun şikayətini qəbul edir, düşünür ki, ortada olay olub ki, qadın məhkəməyə müraciət edib. Bizdə bir qədər vəziyyət başqadır.  Məsələn, hansısa qadınının kiminləsə ədavəti olarsa, qisas almaq üçün yalan uydurub kiminsə barəsində şikayət edə bilər. Ona görə ölkəmizdə də bu cür qanun qəbul etmək istəsələr, bütün bunlar nəzərə alınmalıdır”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir