erken nikah

Gündəm hələ soyumamış yeni nikah xəbəri

Baxış sayı: 661

Azərbaycanda uzun müddətdir müzakirə və tənqid olunan mövzulardan biri erkən nikahlardır. Ölkədə rəsmi nikah yaşı 18 qəbul olunub, lakin istisna hallarda bunun 17 yaşda həyata keçirilməsinə icazə verilirdi. Ancaq Milli Məclisin iki gün öncəki iclasında bu hal da ləğv edilib və rəsmi nikah yaşı yalnız 18 olaraq saxlanılıb.

Bundan əlavə qanunlara əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə də üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ancaq ötən gün gündəmi zəbt edən bu kimi məsələlərə baxmayaraq, Neftçala rayonunda yeniyetmə qızın yaxın günlərdə ərə verilməsi barədə sosial şəbəkədə məlumatlar dolaşır. Məlumata görə, artıq toy mərasiminin keçiriləcəyi tarix də müəyyən edilib – 22 iyun.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.

Almara

Məsələyə münasibət bildirməsi üçün müraciət etdiyimiz PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı “Gencaile.az” saytına açıqlamasında aşağıdakıları dedi: “Biz öz milli kökünə bağlı, milli adətləri yaşadan, öz həyatımızda onları əsas götürən bir xalqıq. Xalqımızın gözəl adətləri çoxdur və bunlardan biri də müqəddəs dəyərlərə bağlı olan toy adətidir. O adət ki, onunla yeni bir ailənin təməli qoyulur. Təəssüflər olsun ki, bəzi toy məclisləri heç də gözəl bir ailənin təməlini qoymaq məqsədilə yox, müxtəlif maraqlar üçün qurulur. Əsasən də müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hal-hazırkı dövrümüzün  aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Bu cür tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır bioloji və psixoloji travma almalarına səbəb olur. Həmçinin erkən nikah qadının təhsil almasını məhdudlaşdırır.”

Almara xanım həmçinin bildirdi ki, erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır.

 

Təqdim etdi: Fateh




5 şərh “Gündəm hələ soyumamış yeni nikah xəbəri

  1. Pərvin

    Bu istiqamətdə aparılan araşdırmalara görə Azərbaycanın cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları daha çoxdu. Bəzi rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir.

    Cavabla
  2. Qabil Talibov

    kənd yerlərində həm erkən nikah halları, həm də erkən yaşda uşaq dünyaya gətirən qadınların çoxu kənd yerlərində yaşayanlardır. Bir məsələni də qeyd etmək lazımdır ki, kənd yerləri dedikdə, buraya Bakı kəndləri də daxildir.

    Cavabla
  3. Xalidə Azadlı

    Azyaşlı uşaqları erkən nikaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz “nümunəsi” kimi dəyərləndirilməlidir.

    Cavabla
  4. Elgun Memmedov

    Psixoloqun meseleye anında reaksiya vermesini alqislayiram. Ancaq bele tovsiyelerle belke neyese nail olmaq olar

    Cavabla
  5. Murad Eyvazov

    Unutmayaq ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Bunun üçün tarixi ənənələrin bizə miras qalmış ağır “yükündən”, bəzi mental stereotiplərdən azad olmalıyıq.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir