gUNAY iSMAY;LOVA

İnklüziv təhsildə islahatlar və çətinliklər

Baxış sayı: 452

Artıq silsilə məqalərdən inklüziv təhsilin əlilliyi olan uşaqların məktəbdə təhsil almasına mane olan baryerləri azaltmaq, ümumi məktəblərdə vacib olan öyrənməni təmin etmək məqsədi daşıdığını bilirik. Uşaqların inklüziv öyrənmə mühitində təhsil alması bütün uşaqların öyrənmə bacarıqlarını artırır, uşaqlara hər kəsin dəyər verdiyi, dəstəkləndiyi, töhfə verə biləcəyi bərabər cəmiyyətdə yaşamağı və iştirak etməyi öyrədir. İştirak üçün maneələrin azaldılması məktəb ictimaiyyətinin məsuliyyətidir.  Son onilliklər ərzində dünyanın bir çox ölkələri bütün uşaqların inklüziv, ədalətli və keyfiyyətli təhsilə çıxış əldə etmələrini təmin etmək öhdəliyi götürmək üçün müqavilələr yaratmış və imzalamışdır. Konvensiyalar və müqavilələr inklüziv təhsilin həyata keçirilməsinin planlaşdırılmasında ölkələrin təməli kimi xidmət edən strategiyaları əks etdirir.

Birləşmiş Millətlər Təşkilatının Əlilliyi olan şəxslərin Hüquqları haqqında Konvensiyası (BMTƏHK) dövlətləri inklüziv təhsili həyata keçirməyə məcbur edən ilk hüquqi müstəvidə beynəlxalq müqavilədir (BMT, 2006). BMTƏHK (2016) inklüziv təhsil hüququnun həyata keçirilməsinə dair ətraflı təlimatlar təqdim edir. Həm də açıq şəkildə bildirilir ki, əlilliyi olan uşaqları ümumi təhsil sistemindən kənarlaşdırmaq olmaz. Bəs hansı maneələr var?

Maneə dedikdə şagirdin öyrənməsinə mane olan hər bir şey nəzərdə tutulur. Üç  əsas maneə müəyyən edilə bilər:

  • Davranış maneələri – uşaqların sinifdə iştirakına mane olan münasibət və inanclardakı baryerlərdir:
    • Bütün şagirdlərin eyni şəkildə öyrəndiyini düşünmək
    • Əlilliyi olan şagirdlər haqqında mənfi fikirlər
    • Qızların məktəbə getməməli olduğuna inanmaq
    • Şagirdlərin dini, etnik mənsubiyyəti, cinsi və s.-ə qarşı qərəzli münasibət

 

  • Ətraf-mühit maneələri – fiziki infrastrukturda olan baryerlər:
    • Sinif otaqlarının əlçatmazlığı
    • Tualetlərin və əl yuma vasitələrinin olmaması
    • Şagirdlərin öyrənmələrinə yardım etmək üçün məhdud sayda avadanlıq
    • Əldə edilə bilinməyən məlumatlar
    • Jest dili tərcüməçilərinin olmaması
    • Brayl şrifti ilə işarələrin və şəkillərin olmaması

 

  • Təşkilati maneələr – şagirdlərin iştirakına mane olan siyasətlər, prosedurlar və ya proseslərlə bağlı maneələr:
    • Əlilliyi olan uşaqlar üçün məhdud təhsil müddəası (Əlilliyi olan uşaqlar üçün seqreqasiya bəndi)
    • Şagirdlər üçün tibbi məsləhətləşmələr, fiziki terapiya, xüsusi psixoloji dəstək və s. kimi məhdud sayda olan və ya olmayan dəstək xidmətləri
    • İnklüziv tədris üzrə müəllimlər üçün təlimlərin məhdud olması və ya olmaması
    • Ənənəvi, müəllim mərkəzli pedaqogikaya üstünlük verən müəllim fəaliyyəti
    • Qəliz tədris proqramı
    • Qeyri-çevik sinif planlaşdırması
    • Sərt qiymətləndirmə testləri
    • Məktəbə qəbul üçün tələb olunan sənədlərin qadasında olmaması

Qeyd olunan maneələri aradan qaldırmaq, keyfiyyətli təhsil mühiti yaratmaq üçün yardımçı texnologiyalardan düzgün, səmərəli istifadəni təmin etməyiyik. Bir çox ölkələrdə Yardımçı Texnologiya əlilliyi olan şagirdlərin öyrənmə ehtiyaclarını dəstəkləmək üçün tədricən müntəzəm şəkildə tətbiq olunur. Yardımçı Texnologiyanın seçilməsi, müvafiq xidmətlər və dəstəklərlə yanaşı, şagirdlərin təkcə həmyaşıdları, müəllimləri ilə öyrənmələrini, ünsiyyət qurmalarını deyil, həm də həmyaşıdları ilə oxşar gözlənti və mülahizələrə malik olan ümumi sinif otağının bir hissəsi kimi qarşılanmasını təmin etmək üçün həyati əhəmiyyət kəsb edir. Yardımçı Texnologiyalar dedikdə- İnklüziv resusr otağı; Resurs otağı müəllimləri; Yardımçı cihazlar; Fərdi Tədris Planı nəzərdə tutulur.

İnklüziv resurs otağı nədir? Resurs Otağı müxtəlif tədris materialları və yardımçı cihazlardan ibarət daha kiçik təyinatlı otaqdır, burada təlimat proqramı əlilliyi olan şagirdlər də daxil olmaqla, bütün şagirdlərə çatdırıla bilər. Resurs otaqları tədrisdən əlavə ev tapşırıqlarında köməklik etmək, görüşlərdən tutmuş şagirdlər üçün alternativ sosial məkan kimi müxtəlif üsullarla istifadə olunur. Resurs otağının qapısı əlil arabalarını və digər növ yardımçı cihazları, texnologiyaları yerləşdirmək üçün kifayət qədər genişdir. Resurs otağındakı tədris materialları,yardımçı cihazlarında incə motor bacarıqları və ya əl çevikliyi ilə əlaqəli funksional məhdudiyyətləri olan insanlar üçün açarlar və digər əməliyyat qurğuları üzərində daha böyük ölçülü düymələr olur.

Resurs otağı müəllimləri- İklüziv təhsil müəllimləri; Xüsusi pedaqoqlar (korreksiyaedici pedaqoq). Resurs otağı müəllimlərinin nklüzivlikdə rolu nədir? Əlilliyi olan uşaqların digər uşaqlar kimi eyni əsasda yüksək keyfiyyətli təhsilə çıxışını təmin etmək, inklüziv, təhlükəsiz, stimullaşdırıcı və dəstəkləyici öyrənmə mühitlərinin yaradılmasında məktəblərə dəstək olmaqdan ibarətdir.

İnklüziv təhsildə resurs otağı müəllimləri haqqında ümumi yanlış və doğru təsəvvürlər

                           Yalnış təsəvvür                                 Əslində
 

 

“Resurs otağı müəllimi əlilliyi olan uşaqların təhsili və öyrənmə tərəqqisinə cavabdeh olan yeganə şəxsdir.”

 

Həm əsas müəllimlər, həm də resurs otağı müəllimləri bütün uşaqların təhsili və öyrənmə tərəqqisinə cavabdehdirlər. Onlar bütün uşaqlar üçün öyrənmə fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək üçün əməkdaşlıq edirlər. Onlar həm təlim nəticələrini qiymətləndirir, həm də lazım gəldikdə strategiyada dəyişiklikləri planlaşdırırlar.
 

Resurs otağı müəllimi ayrı-ayrılıqda tək-tək öyrənməni təmin etmək üçün əlilliyi olan uşaqları əsas sinifdən çıxarır.

Resurs otağının müəllimi əlilliyi olan uşağın təcrid edilməsini və ya ümumi sinif fəaliyyətlərini qaçırmamasını təmin etmək üçün sinifdaxili dəstək göstərir və ortaq sinifə “mənsub olmaq” hissini artırır.
“Resurs otağı müəllimi əlilliyi olan uşağın yanında oturur və uşağa yalnız əsas müəllimin göstərişlərinə riayət etməkdə kömək edir” Həm əsas müəllim, həm də resurs otağı müəllimi növbə ilə bütün sinif, kiçik qrup və fərdi tədrisi və dəstəyi təmin edir. Bu, əlilliyi olan uşaqla onun sinif yoldaşları arasında ünsiyyətdə maneələrin qarşısını alır, izolyasiya  və sosial təcridi azaldır.

Bizim inklüziv məktəblərdə yalnış təsəvürlərə, bəzi neqtiv hallara rast gəlirik.Bunun səbəbi isə bir məktəbdə hər sinifdə 2 şagird olmaqla ümumilikdə 32 xüsusi qayğıya ehtiyacı olan şagirdə 2 mütəxəssisin dəstək göstərməsidir. Hər inklüziv məktəbdə 2 nəfər korreksiyaedici pedaqoq var, onlara fiziki olaraq 16 sinifə və fənn müəllimlərinə dəstək olmaq çətindir. Nəzərə alsaq ki, məktəblərdə psixoloqlar üçün vakant yerlərin də sayı çox azdır, kontingent sayına görə 1 və ya 2 psixoloq olur. Bu da məktəbin müəllim heyyətinə çətinliklər törədir. Arzu edərdim ki, koreksiyaedici pedaqoqlarla yanaşı hər sinifdə inklüziv təhsil pedaqoqu da fəaliyyət göstərsin. Yuxarıda qeyd etdiyim əslində olması mümkün olan inklüziv sinifləri rahatlıqla ümumtəhsil məktəblərində təşkil etmək öz əlimizdədir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin timsalında ölkəmizdə olan az saylı kolleclərdə də “İnklüziv Təhsil” ixtisasının mövcudluğunu nəzərə alaraq məzun olan hər bir pedaqoqun bu sahədə günün tələblərinə uyğun hərtərəfli yetişdirilmiş hazır kadırlar olaraq məktəb və bağçalarda işlə təmin olunması vacibdir. Bütün inklüziv siniflərdə əsas müəllimlərlə inlküziv pedaqoqların birgə işi strategiyalara əsaslanarsa yüksək keyfiyyətli nəticələr əldə olunar. Vacib olan mütəxəssislərin bir-birini şəxsən tanıması, güclü tərəflərini və maraqlarını müəyyən etməsi, rollarını, məsuliyyət və vəzifələrini bilmələridir. Eyni zamanda gözləntilər, baxışlar, ideyalar və üstünlük verilən iş yolları haqqında açıq danışılmalıdır.Hüquqa əsaslanan inklüzivlik mütəxəssislərin əməkdaşlığı bütün şagirdlərin sinifə tam daxil olmasını təmin edəcəkdir.

Yardımçı texnologiya cihazları nədir? UNESCO-ya görə, bu, “əlilliyi olan uşağın funksional imkanlarını artırmaq, saxlamaq və ya təkmilləşdirmək üçün istifadə edilən, kommersiya yolu ilə alınmış, dəyişdirilmiş və ya fərdiləşdirilmiş istənilən əşya, avadanlıq sisteminə” aiddir. Şagirdlərə mövcud qabiliyyətləri genişləndirməyə və qarşılaşa biləcəkləri çətinlikləri kompensasiya etməyə, eyni zamanda onların qarşısını almağa kömək edən bir sıra cihaz və xidmətlərdən ibarətdir. Yardımçı texnologiyalar müəllimlərə təlimi effektiv şəkildə çatdırmaqda kömək edir.Bu, şagirdlərin təlimə daxil olmasına imkan yaradır. Yardımçı texnologiyalardan istifadə müəllimdən çox iş tələb etmir. Məsələn, müəllim mövzunu yazılı mətnlər, videolar və ya audiokitablar vasitəsilə öyrənmək üçün seçimlər təqdim edə bilər.

Fərdi Tədris Planı (FTP) nədir? Fərdi Təhsil Planı öyrənmədə çətinlik çəkən şagirdlər üçün dəstək təminatını idarə etmək məqsədi ilə istifadə olunur. FTP-nı müəllimlər, şagirdlər, valideynlər və digər müvafiq maraqlı tərəflər, uşağın qarşılaşa biləcəyi öyrənmə və iştirak maneələrini təhlil etmək, bu maneələrin necə azaldılmasını planlaşdırmaq üçün birlikdə yaradılır.FTPinsan hüquqları nöqteyi-nəzərindən tətbiq edildikdə, öyrənmə və iştirakda çətinlik çəkən şagirdlərin təhsilini dəstəkləmək üçün faydalı vasitə ola bilər.FTP əlilliyi olan uşaqlar və onların təhsili ilə məşğul olanlar üçün çox vacib sənəddir. O, tədrisi, öyrənməni və nəticələri təkmilləşdirməlidir. FTP-ları həmin uşağın unikal ehtiyaclarını qarşılamaq üçün hazırlanmış təhsil proqramını təsvir edir.Plan məktəbdə uşaqla işləyəcək əsas şəxslərin (məsələn, müəllimlər, xüsusi təhsil müəllimləri, psixoloqlar və məsləhətçilər, terapevtlər və s.), ailənin və mümkün olan yerdə uşağın əməkdaşlığı ilə tamamlanmalıdır. Hətta çox kiçik uşaqlar da öz güclü tərəflərini, maraqlarını və əlavə dəstəyə, resurslara ehtiyac duyduqları sahələri müəyyən etməyə kömək edəcək məlumatlar təqdim edə bilərlər.

Şablon bir neçə bölmədən ibarətdir: Ümumi məlumat; İnkişaf Ehtiyaclarının Qiymətləndirilməsi; Məqsədlər; Dəstək Xidmətləri (korreksiya işinin təşkili); Tənzimləmələr.

Unutmayın ki, dəstək bir mütəxəssisin müdaxiləsindən daha çoxu deməkdir. Buraya müəllimlər, uşaqdan uşağa dəstək və icma könüllüləri arasında həmyaşıd dəstəyi daxildir. Qiymətləndirməni planlaşdırarkən sinif mühitinin və təlimatın necə tənzimlənməsi barədə təfərrüatların nəzərə alınması vacibdir. FTP-ın hər bir bölməsi üçün hədəflədiyiniz, məqsədlərinizə çatmaq üçün istifadə olunacaq aydın strategiyalar təqdim edilməli, dinamik olaraq və ən azı hər 6 aydan bir yenilənməlidir.

Nəticə.  Əlilliyi olan uşaqların tərəqqisini, inklüzivliyini və rifahını təşviq etmək üçün müəllim və məktəb kollektivi aşağıdakıları etməlidir:

  • Əlilliyi olan uşaqların ehtiyaclarını anlamaqda və qarşılamaqda onlara dəstək olmalıdırlar.
  • Əlilliyi olan uşaqlar üçün müvafiq düzəlişlərin və giriş tədbirlərinin edilməsini təmin etmək üçün məktəb direktoru və digər müəllimlər üzərilərinə düşən vəzifələri tələblərə uyğun yerinə yetirməlidirlər.
  • Əlilliyi olan uşaqların inkişaf və nailiyyətlərinin monitorinqini və təhlilini dəstəkləməlidirlər.
  • Bütün uşaqların milli kurrikuluma bərabər çıxışını təmin etmək üçün tədris dəstəyini təmin etməlidirlər (birgə tədris, kiçik qrupların tədrisi və tədris strategiyalarının modelləşdirilməsi daxil olmaqla).
  • Digər uşaqlar kimi eyni kurrikuluma bərabər çıxışı təmin etmək üçün şagirdlərin fərdi ehtiyaclarını ödəmək üçün tədris metodlarını inkişaf etdirməli və uyğunlaşdırmalıdırlar.

 

  • Başqalarının təcrübəsini inkişaf etdirmək və təkmilləşdirmək üçün resurs otağı müəllimi aşağıdakıları etməlidir:
  • Bütün məktəbin, inklüziv qaydaların və təcrübənin inkişafı üçün məsləhət verməli və dəstək olmalıdır
  • Əlilliyi olan uşaqların inklüzivləşdirilməsi üçün resursların inkişafı və istifadəsi üzrə məsləhətlər verməlidir
  • Məktəblər və digər tərəfdaşlar üçün ixtisasartırma təliminin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək olmalıdır.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




11 şərh “İnklüziv təhsildə islahatlar və çətinliklər

  1. Aysel Həsənova

    Bu məqalə inklüziv təhsilin tətbiqindəki müasir problemləri və islahatları çox aydın şəkildə təqdim edir. Müəllimlərin hazırlıq səviyyəsi və resurs çatışmazlığı kimi məsələlərə toxunmaq, məktəb mühitindəki real çətinlikləri əks etdirir. Mənim fikrimcə, müəllimlərin inklüziv təhsil sahəsində daha çox təlim keçməsi vacibdir. Təklif olunan tövsiyələr, real həyatda tətbiq olunmağa ehtiyac duyur.

    Cavabla
  2. Mahmud Qurbanov

    Məqalə inklüziv təhsilin inkişafı və çətinlikləri barədə mənə çox faydalı məlumat verdi. Gələcəkdə mən də inklüziv təhsil sahəsində çalışmaq istəyirəm və bu məqalə mənə sahə haqqında dərin anlayış qazandırdı. Çətinliklər bölməsində daha çox real həyatdan nümunələr verilə bilərdi, amma ümumilikdə çox informativdir

    Cavabla
  3. Ayşən Ümid

    İnklüziv təhsildəki islahatların və çətinliklərin müzakirəsi çox yaxşıdır. Məqalədəki problemlərin aydın təsviri və islahat tövsiyələri praktik olaraq necə tətbiq oluna biləcəyini göstərir. Lakin bəzi tövsiyələrin daha konkret fəaliyyət planları ilə dəstəklənməsi yaxşı olardı.

    Cavabla
  4. Fazilə

    Məqalə inklüziv təhsil sahəsindəki müasir islahatları və çətinlikləri çox yaxşı təsvir edir. Məktəb rəhbəri olaraq, resurs çatışmazlığı və müəllimlərin təlim ehtiyaclarını daha da dəqiqləşdirmək üçün belə məqalələrin əhəmiyyətini görürəm. Çətinliklərin aşılması üçün daha ətraflı strategiyaların təqdim edilməsi, real tətbiq üçün daha faydalı ola bilər.

    Cavabla
  5. Xalisə B.

    Bu mövzuda son vaxtlarda gorduyum en yaxsi yazidir deye bilerem. Tesekkur edirem Gunay xanima

    Cavabla
  6. Günay

    Məqaləni maraqla oxuyub rəy yazanların hər birinə təşəkkür edirəm. Çətinlikləri müzakirə etdikçə çıxış yolları tapılır. Bəli həm müəllimlərin həm də məktəb rəhbərlərinin birlikdə əməkdaşlığı və məktəblərdə inklüziv təhsil strategiyalarının hazırlanmasına dəstək ola bilərəm. Inclusive Edu Academy şirkətimiz İnklüziv Təhsilin təkmilləşməsi və təlimlərlə sizin xidmətinizdədir.

    Cavabla
  7. Aysu Bədəlova

    İnklüziv təhsilin vacibliyi və onun tətbiqindəki çətinliklər haqqında bu məqalə çox maarifləndiricidir. Öz uşağımın təhsil mühitində qarşılaşdığı problemləri daha yaxşı başa düşməkdə kömək etdi. Məqalədə bəhs olunan islahatların gerçəkləşdirilməsi, inklüziv təhsilin daha effektiv olması üçün vacibdir. Mənim fikrimcə, valideynlərin də inklüziv təhsil mövzusunda məlumatlılığı artırılmalıdır.

    Cavabla
  8. Leya Mürsəlova

    Təşəkkür edirəm, Günay xanım. Yazınız mox yaxçl alınıb. İslahatların və çətinliklərin detallı təsviri təhsildəki real problemləri əks etdirir. Gələcəkdə, məqalənin daha çox beynəlxalq perspektivləri və innovativ yanaşmaları əhatə etməsi faydalı olar.

    Cavabla
  9. Kifayət Əlişova

    Məqalənin çox informativ olduğunu və inklüziv təhsilin əsas prinsiplərini aydın şəkildə açıqladığını düşünürəm. Ancaq, məsələlərin yalnız nəzəri tərəfi deyil, həm də praktik tətbiqləri ilə bağlı daha çox detal təqdim etmək vacibdir. Misal üçün, inklüziv təhsilin tətbiq olunduğu ölkələrdəki konkret tədbirlər və bu tədbirlərin nəticələri barədə daha ətraflı məlumat, oxucuların təcrübələrdən öyrənməsinə kömək edə bilər. Əlavə olaraq, resurs çatışmazlığı və ictimai müstəvidə inklüziv təhsilin dəstəklənməsi məsələlərinə dair daha çox informasiya təqdim etsəydiniz, bu, məsələnin bütün aspektlərini daha dolğun anlamağa kömək olardı.

    Cavabla
  10. Zivər xanım

    Məqalənin inklüziv təhsildəki islahatları və çətinlikləri əhatə edən yanaşması çox müsbətdir. Lakin, bəzi əhəmiyyətli məsələlər, məsələn, sosial və mədəni maneələrin inklüziv təhsilin qarşısındakı ən böyük çətinliklərdən biri olması, daha geniş şəkildə təsvir oluna bilərdi. Bu, inklüziv təhsilin uğurlu tətbiqi üçün fərqli cəmiyyətlərin xüsusiyyətlərinə uyğun yanaşmaların inkişafını da vurğulaya bilərdi. Eyni zamanda, müəllimlər və məktəb rəhbərləri arasında əməkdaşlığın necə təşviq olunacağına dair strateji tövsiyələr də əlavə etmək faydalı olar.

    Cavabla
  11. Günay

    Təklif xarakterli rəyləri çox bəyəndim, yeni ideyalar yaratdı məndə. Əslində davam etməyə çox da həvəsli olmadığım halda yenidən yazmaq və araşdırmaq istədim. Növbəti yazı beynəlxalq təcrübədən olacaq, mütləq. Təşəkkür edirəm, var olun!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir