Qumru Eyvazova

Kompensasiya ödənilməklə yaşayış hüququna nə vaxt xitam verilə bilər? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 839

Bir çox ailələr var ki, eyni yaşayış sahəsini illərdir ki bölsələr də, müəyyən səbəblərə görə bir müddət sonra aralarında münaqişələr başlayır və eyni dam altında bir-biri ilə yaşamaları qeyri-mümkün olur. Belə olan halda, hər gün bir-birlərini görməklə aqressiya yaranır, mübahisələr düşür və nəticədə bir birlərinə qarşı zor tətbiq edirlər. Bu kimi halların olmaması və belə münaqişələrin qarşısının alınması məqsədilə, qanunvericilik kompensasiya ödənilməklə, şəxsin yaşayış hüququna xitam verilməsi müddəalarını müəyyən edib.

 

Şəxs kompensasiyanın şəxsə ödənilməsi üçün hansı addımları atmalıdır?

Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu baxımdan Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadəhüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Yəni, şəxs məhkəməyə müraciət edərkən, evdə yaşayış hüququna malik olan şəxsi qeydiyyat çıxarmaqla yaşayış hüququna xitam verdikdə, həmin mənzilin ərazi üzrə təxmini aylqı kirayə haqqını müəyyən etməli və ona praktikaya nəzər salsaq 3 illik kompensasiya məbləği ödəməlidir. Bu isə təbii ki, şəxsin özü tərəfindən deyil, məhz məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi əsasında həyata keçirilməlidir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyədavamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

 

Məhkəməyə müraciət edən şəxs öz iddiasını necə müdafiə etməlidir ki, iddiası təmin edilsin?

Çox hallarda praktikada müşayət edilir ki, şəxs birgə nikah dövründə əldə edilmiş əmlakdan keçmiş arvadını qeydiyyatdan çıxarır, eləcə də yetkinlik yaşına çatmayan və yaxud çatmayan uşağını çıxartmaq istəyir. Lakin qeyd etmək yerinə düşər ki, belə olan hallarda, bu kimi mövzular həssas mövzu olduğu və qanunvericiklə şəxsin yaşayış hüququnu mühafizə etdiyi üçün təmin edilmir. Belə ki, şəxsin keçmiş arvadının qeydiyyatdan çıxararaq yaşayış hüququna xitam vermək istəməsi məsələsi olduqda, ilk öncə məhkəmə müəyyən edir ki, bu əmlak keçmiş arvad (ər) tərəfindən nikah pozulduqdan sonra mübahisələndirilib yoxsa iddia müddəti keçdiyi üçün iddia qaldırılmayıb. Həmçinin, əgər keçmiş ərin (arvadın) adına Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlak mövcuddursa, o zaman məhkəmə iddianı təmin edə bilər və şəxsi qeydiyyatdan çıxara bilər. Lakin iddiaçının övladlarına gəldikdə isə, qeyd etmək lazımdır ki, bu məsələdə məhkəmələr xüsusi diqqət edirlər. Şəxs əgər yetkinlik yaşına çatmayıbsa, Ailə Məcəlləsinə əsasən, valideynlər övladlarına baxmaq öhdəliyi və onlara yaşamaları üçün şərait yaratmaları vəzifələri olduğu üçün, məhkəmələr tərəfindən bu hal nəzərə alaraq iddiarədd edilir. Lakin övlad yetkinlik yaşına çatıbsa və onun adına hər hansısa bir daşınmaz əmlakın olması qeydə alınıbsa, o zaman bu kimi iddialar məhkəmələr tərəfindən təmin edilir.

 

Bəs məhkəmə iclası zamanı tərəflər qarşılıqlı razılığa gələ bilərlərmi?

Nadir hal olsa da, məhkəmə praktikasında belə hallara rast gəlmək olar ki, iddiaçı tərəfin təklif etdiyi kompensasiya məbləği cavabdeh tərəfindən qəbul edilir və onlar elə məhkəmə iclasında barışıq sazişi imzalayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinəəsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Hər bir halda, məhkəmə hər iki tərəfin mövqeyini dinləyib yekun qətnamə qəbul edir.

 

Vəkillər Kollegiyasının üzvü,

Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir