MEHKEME

Məhkəmədə yeniyetmələri şahid qismində necə dindirməli?

Baxış sayı: 1. 012

“Oğlum keçid dövrünü yaşayır, 14 yaşı var. İstintaq zamanı yeniyetmə uşağı 3 müstəntiq 8 saat dindirib. Bundan sonra vəkilim onu psixoloq yanına aparıb. Onun bu emosiyaları təkrar yaşamasını istəmirəm”.

Bu sözlər məhkəmədə övladının dindirilməsindən narahat olan ataya məxsusdur. Yeniyetmələrin məhkəmə, polis orqanlarında şahid qismində dindirilməsi təkcə Yusif Məmmədovu (ad şərtidir) narahat etmir. Bu, istintaq prosesində şahid kimi dindirilən bir çox yeniyetmələrin valideynlərini qayğılandıran məsələdir. Onlar iddia edirlər ki, bütün bu proseslər yeniyetmə və uşaqlara mənəvi, psixoloji təsir göstərir. Bir çox hallarda onları sarsıdır. Bəs necə etməli? İstintaq zamanı, eləcə də məhkəmənin gedişində yeniyetmələri şahid qismində necə dindirməli? Ümumiyyətlə, bu proses hüquqi baxımdan necə tənzimlənir?

 

“Uşaq heç bir halda tək dindirilə bilməz”

Hüquqşünas Fariz Əkbər deyir ki, yetkinlik yaşına çatmayanların məhkəmədə və istintaqda dindirilməsi onun qanuni nümayəndəsi, vəkili tərəfindən həyata keçirilir. Əgər yetkinlik yaşına çatmayan uşaq ailəsi və qohumu tərəfindən zorakılığa məruz qalıbsa, həmin ərazi üzrə rayon icra hakimiyyəti yanında komissiya tərəfindən uşağın müdafiəsi üçün himayəçi təyin olunur: “Eyni zamanda uşağın dindirilməsi o halda həyata keçirilir ki, yanında  mütləq valideynlərindən biri, ya da psixoloqu olmalıdır. Uşaq heç bir halda tək dindirilə bilməz. Valideynləri yoxdursa, hansısa müəssisədə yaşayırsa, yanında müəllimi olmalıdır. Cinayət orqanı uşağı tək dindirə bilməz”.

 

Düzgün məlumatın ortaya çıxması üçün…

Psixoloq Murad İsazadə deyir ki, yetkinlik yaşına çatmayan uşaqların təsir altına salınması, mükafatlandırmaqla ələ alınması ehtimalı çox yüksəkdir. Ona görə də, uşaq tərəfindən dəqiq və düzgün məlumat verilmir: “Biz şahid qismində dindiriləcək uşaqları, ilk növbədə psixoloqa aparmalıyıq. Elə hadisələr var ki, onlar haqda necə danışmalı olduğunu valideynləri öncədən planlayır və öyrədir. Valideynlər öz maraqları, mənfəətləri uğrunda uşaqları təşviq edirlər. Düzgün məlumatın ortaya çıxması üçün mütəxəssis, psixoterapevt, uşaq psixoloqunun xidmətindən istifadə olunmalıdır. Bundan əlavə, uşaqda şahid olduğu hadisə ilə bağlı şok effekti yarana bilər və düzgün qiymətləndirə bilməz. Bu halda yetkinlik yaşına çatmayan gəncin dindirilməsi doğru nəticə verməz.  Ona görə də, ilk olaraq uşaqlar psixoloq tərəfindən sakitləşdirilməli, həqiqi məntiqi təfəkkür və analitik yaddaşı, qabiliyyəti nə deyirsə, onu əsas götürmək lazımdır”.

 

Şahid uşağın travması

Psixoloq deyir ki, uşağın psixoloqsuz və ya valideynsiz istintaqa çəkilməsi gələcəkdə mənfi fəsadlar yarada bilər: “Biz uşaqlara təzyiq göstərməklə gələcəkdə onu mənfi istiqamətə itələyirik. Uşaq get-gedə müəyyən etiket qaydalardan, mental dəyərlərdən uzaqlaşmağa başlaya bilər. Və ya qorxu, özünəinamsızlıq faktoru altında xarakterində depressiv vəziyyət yarana bilər”.

 

“Uşaq cinayəti unuda bilər”

Psixoloq vurğulayır ki, yetkinlik yaşında olan uşağa yanaşma düzgün olmalıdır: “Əks təqdirdə, şok vəziyyətində unutqanlıq yarana bilər. Məsələn, deyirlər gözünün qarşısında olan hadisəni necə unuda bilərsən? Amma, həqiqətən də, affekt halı insanın yaddaşında olan bütün məlumatları silər bilər və heç nə xatırlaya bilməz. Yetkinlik dövründə olan uşaqlara düzgün formada yanaşılmalı, düzgün suallar verilməli, fasilələrlə danışılmalıdır ki, uşaq özünə gəlsin. Ondan sonra qərar qəbul oluna bilər. Əks təqdirdə, ciddi fəsadlar ola bilər, O uşağı anlamadığımıza görə, bizə adekvat qarşılıq verməyə bilər. İntiqam hissi ilə kiməsə zərər verər, yaxud özünə qəsd edər”.

Uşaqlar dövlətin gələcəyidir. Gələcəyimizə sahib çıxaq. Heç bir uşaq cinayətə şahid olmasın!

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir