Ders

Müəllimlərin maaşı və əmək şəraiti: Dünyada və bizdə…

Baxış sayı: 1. 590

Azərbaycanda müəllimlərin maaşının az olması zaman-zaman müzakirə edilməkdədir. Bir neçə dəfə bu peşə sahiblərinin maaşları artırılsa da, sosial rifahının yüksək səviyyədə olduğunu demək olmaz.

Bəs, xarici ölkələrlə müqayisədə Azərbaycanın təhsil sektorunda əmək haqlarının səviyyəsi necədir?

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, inkişaf etmiş ölkələrdə yaşayan müəllimlər, bizim müəllimlərdən 10 dəfə artıq maaş alırlar: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2014 – 2017 ci illərdə keçirilən və Təhsil Nazirliyinin diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin orta aylıq əmək haqqı 465 manatdır. Prezident İlham Əliyevin orta təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının 2015 – ci ildə 2 dəfə, 2018 – cildə isə 10 faiz artırılması haqqında sərəncam imzaladı. Ölkə başçısının müvafiq sərəncamından sonra müəllimlərin vəzifə maaşları pedaqoji stajdan asılı olaraq, ali təhsilli müəllim üçün 320 manatdan 410 manatadək, orta ixtisas təhsilli müəllim üçün 290 manatdan 350 manatadək müəyyən edilib. Sərəncama görə, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə artırılmaqla, aylıq vəzifə maaşları orta hesabla, 2 dəfə artırılıb. Müəllimin vəzifə maaşının məbləğini 18 saata bölməklə, 1 saatın dəyəri müəyyən edilir. Hazırda müəllimin 1 dərs saatının dəyəri orta hesabla, 34 faiz artıb. 2014-cı ildən keçirilən müəllimlərin diaqnostik qiymətləndirməsindən sonra Azərbaycanda əməkhaqqı artırılan müəllimlərin sayı 100 min nəfəri keçdi. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əməkhaqqının 2018-ci ilin yanvar ayından artımla ödənilməsi deməkdir. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən, 10 dəfə artıq maaş alırlar”.

Bu sahədəki xarici təcrübədən danışan ekspert inkişaf etmiş ölkələrdə müəllimlərin əmək şəraitinin daha yaxşı olduğunu diqqətə çatdırdı: “Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur. Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2-3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar. Avstraliyada isə birinci dərəcəli müəllimlər ayda orta hesabla, 2500 dollar maaş alırlar. Müəllimlər üçün pensiya yaşı isə 55 olaraq qəbul olunur. Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq, bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur. Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin, onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait də verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub. Böyük Britaniyada müəllimlər ortalama 5 min dollar ətrafında maaş alırlar. Bu ölkədə müəllim üçün qoyulan şərt tam gün ərzində tədris prosesində iştirak etmələridir.Yaponiyada müəllim dövlət qulluqçusu statusu daşıyır. Yeni başlayan ibtidai sinif müəllimi aylıq 2 min dollar maaş alır. 25 illik iş stajı olan müəllim isə 65 yaşında təqaüdə çıxır”.

K.Əsədov bir məsələni də xüsusi vurğuladı ki, xarici ölkələrdə müəllimlərin yüksək məbləğdə əmək haqqı alması onların heç də az işləməsi demək deyil: “Məsələn, TALIS (Teaching and Learning International Survey) tədqiqatı göstərib ki, Böyük Britaniyada müəllimlər tədris ili ərzində orta hesabla, həftədə 46 saat işləyirlər. Bu isə 38 saatlıq beynəlxalq normadan 8 saat artıqdır. Bununla belə, Britaniya müəllimləri sinifdə daha az vaxt keçirir, vaxtlarının böyük hissəsini başqa tapşırıqlara həsr edirlər. Finlandiyalı müəllimlər 32 saatlıq iş həftəsinə malikdir. İtaliyada isə müəllimlər həftə ərzində 29 saat işləyirlər. Ümumiləşdirmədə, müəllimin orta iş həftəsi 38 saatdır. Müəllimlərin daha çox işlədiyi Yaponiyada həftəlik iş vaxtı 54 saat təşkil edir. Hər kəsə məlumdur ki, bu gün orta məktəblərdə övladlarımıza bilik verən müəllimlərin böyük faizini qadın müəllimlər təşkil edir. Kişi müəllimlər məktəblərdən “qaçaq düşüb”. Statistikaya görə, hətta orta məktəblərdə çalışan müəllimlərin 70%-dən çoxunu qadın müəllimlər təşkil edir”.

Ekspertin sözlərinə görə, qadın müəllimlərin sayına görə Latviya liderlik edir: “Qadınlar bu ölkədə müəllimlərin ümumi sayının 88,7, Estoniyada 84,5, Slovakiyada 81,8, Bolqarıstanda 81,2, İtaliyada 78,5, Çexiyada 76,5, İsraildə 76,3, Polşada 74,9 faizini təşkil edir. Müəllimlər arasında qadınların sayının ən az olduğu ölkələrə isə 54,6 faizlə Niderland, 53, 8 faizlə Meksika  və 29 faizlə Yaponiyadır. Bildiyiniz kimi Azərbaycanda hər il Təhsil Nazirliyi tərəfindən müəllimlər imtahanla orta məktəblərə qəbul edilirlər. Son qəbul ilində 2500-ə qədər gənc orta məktəblərə qəbul edildi. Buna baxmayaraq, Azərbaycanda müəllimlərin orta yaşı 48-dən yuxarıdır. Beynəlxalq tədqiqata əsasən, müəllimlərin 68 faizi qadınlardır, onların orta yaşı isə 48 yaşdır”.

K.Əsədovun fikrincə, Azərbaycanda müəllimlərin əmək haqlarının artırılması və ya onlara həyat şəraitinin yaxşılaşması üçün müəyyən güzəştlərin edilməsi məqsədəuyğun olar: “Azərbaycanda digər sahələrlə müqayisə etdikdə müəllimlərin maaşı aşağıdır. Nəzərə almalıyıq ki, müəllimlər digər peşələrdə çalışmır, onların gəlirləri yalnız bu sahədəndir. Deməli, müəllimlərin  aldıqları maaş normal dolanışıq üçün yetərli deyil. Ona görə, öncə düşünürəm ki, müəllimlərin əmək haqları artırılmalıdır. Əgər bu tendensiyanı kütləvi şəkildə apara bilmiriksə, onların kommunal və digər xərclərdən azad etməliyik. Orta təhsil müəssisələrində çalışan müəllimlərin kommunal, nəqliyyat, xərcləri dövlət büdcəsi hesabına ödənməlidir. Onlara tibbi sığorta verilməlidir ki, qarşıya çıxan problemlər aradan qalxsın. Hesab edirəm ki, təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılması fonunda bu kimi addımlar atılsa, onun verəcəyi töhfələr də çox olacaq. Müəllimlərin əmək haqlarının artırılması mümkün deyilsə, təhsil işçilərinin kommunal və digər xərclərdən azad edilməsinə böyük ehtiyac var. Belə olarsa, müəllimlərin aldıqları əmək haqqı özlərinə qalar. Nəticə etibari ilə bu kimi addımlar təhsilin inkişafına ciddi təkan verər”.

 

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir