gUNAY iSMAY;LOVA

Prinsiplərə əsaslanan inklüzivlik

Baxış sayı: 634

İnklüziv təhsil, bütün şagirdlərin fərdi ehtiyaclarına uyğun şəkildə təhsil aldığı və fərqliliklərin qəbulu ilə hər bir şagirdin potensialını maksimum dərəcədə inkişaf etdirdiyi bir təhsil yanaşmasıdır. Bu yanaşmanın əsas prinsipləri aşağıda təqdim olunur:

1) İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülmür. Bu prinsip mahiyyət etibarilə “Ümumdünya insan hüquqları bəyannaməsi”nə əsaslanır. Bəyannamənin elə ilk bəndində qeyd edilir ki, “bütün insanlar ləyaqət və hüquqlarına görə bərabər doğulurlar” və sonra əlavə edilir ki, “insanlar bir-biriləri ilə qardaşlıq ruhunda davranmalıdırlar”. Başqa sözlə, insanın fiziki və ya intellektual inkişaf səviyyəsi, yaxud malik olduğu potensial ona dəyər qazandırmır. İnsanı dəyərli edən ən vacib amil onun bütün canlı və cansız aləmin fövqündə duran insan kimi dünyaya gəlməsidir. Bacarıq və nailiyyətlərə görə insana qiymət verilməsi təfəkkürü qədim və orta əsr insanına xas olan xüsusiyyətdir. Bu düşüncə tərzi insan və icmalar arasında qeyri-bərabərlik və ziddiyyətli münasibət yaradır. Lakin elmi, mədəni, siyasi və iqtisadi sferalarda yüksək inkişaf səviyyəsi və müasir sivilizasiyada biolojivarlıq kimi insan yüksək dəyərə malikdir.

2) Hər bir insan hiss etmə və düşünmə qabiliyyətinə malikdir. İnklüziv təhsil prinsipləri hər bir insanın hiss etmə və düşünmə qabiliyyətinə malik olduğunu göstərir. Yəni əlilliyin olub-olmamasından asılı olmayaraq hər bir insan özünəməxsus tərzdə düşünə və hiss edə bilir. Bu amillər də insanı bənzərsiz subyektə çevirir. Subyektiv fikirlər və ümumbəşəri hisslərə hörmət etmək inklüziv və tolerant cəmiyyətin ali dəyərlərindəndir.

3) Hər bir insan ünsiyyət hüququna malikdir. İnklüziv təhsilin ünsiyyət hüququnun bir prinsip kimi nəzərə alınması insan üçün həyati əhəmiyyət kəsb edən mənəvi-psixoloji ehtiyaca əsaslanır. Sosial varlıq kimi insan digərləri ilə ünsiyyətə girmək və sosiallaşmaqla şəxsiyyət kimi formalaşır. Əlilliyi olan insanların cəmiyyətə adaptasiyası prosesində ünsiyyət hüququnun təmin edilməsi ciddi əhəmiyyət kəsbedir.

4) Bütün insanların bir-birinə ehtiyacı vardır. Bəzən biz unuduruq ki, sadəcə əlilliyi olan insanlar deyil, bütün insanların bir-birinə ehtiyacı vardır və onlar müəyyən mənada başqalarından asılıdır. Biz bioloji və sosial varlıq kimi ehtiyaclarımızın böyük bir qismini başqalarının köməyi ilə təmin edirik. Lakin əlilliyi olan insanların ehtiyacları nisbətən qabarıq nəzərə çarpdığından bizdə elə təsəvvür formalaşır ki, sadəcə onların xüsusi qayğıya ehtiyacı vardır. Nəzərdə saxlamaq lazımdır ki, hər bir insan bənzərsizdir və özünəməxsus ehtiyacı vardır.

5) Əsl təhsil yalnız real qarşılıqlı münasibətlər zəminində həyata keçirilə bilər. Təhsilin qarşılıqlı münasibətlər zəminində baş tutmasını bir prinsip kimi əsas götürən inklüziv təhsil məntiqli olaraq sosial öyrənmə nəzəriyyəsi və davranış psixologiyasına istinad edir. Çünki insan sosial fenomen kimi nümunəvi davranışları təqlid etməklə şəxsiyyət kimi formalaşır. Qeyd edək ki, təhsildə müasir yanaşma hesab edilən interaktiv təlim də, uşaqların birgə fəaliyyyət və qarşılıqlı münasibətlər əsasında daha yaxşı öyrənməsini təmin edir.

İnklüziv

6) Bütün insanlar həmyaşıdlarının köməyi və dostluğuna ehtiyac duyurlar. Yuxarıda qeyd edildiyi kimi, sosial ünsiyyət ən təbii insani ehtiyac kimi özünü büruzə verir. Lakin inklüziv təhsil kontekstində bunu da nəzərə almaq lazımdır ki, insan öz həmyaşıdları ilə daha səlis və psixoloji maneə olmadan ünsiyyət qurur, dostluq edir və qarşılıqlı surətdə yardımlaşır. Məhz bu nöqteyi-nəzərdən inklüziv təhsil bütün uşaqlar üçün faydalı bir konsepsiyadır.

7) Bütün təhsilalanların nailiyyətləri onların bacarıqları ilə ölçülür. Qiymətləndirmə məsələsinə gəldikdə isə inklüziv təhsil yanaşması uşaqların (ələlxüsus əlilliyi olan uşaqların) bilik və bacarıqlarını təyin olunmuş normativlərə əsasən deyil, uşaqların əvvəlki bilik və bacarıqlarına əsasən qiymətləndirməyi zəruri hesab edir. Yəni əlilliyi olan uşaqların bacarıqları şərti şkala əsasında deyil, real olaraq əldə etdikləri inkişaf əsasında qiymətləndirilməlidir.

8) Rəngarənglik insanın bütün cəhətlərini inkişaf etdirir. İnklüziv təhsilin istinad etdiyi universal dəyərlər yalnız əlilliyi olan insanların deyil, bütün təhsilalanların maraqlarını təmin edir. Bu universal dəyərlər onu deməyə əsas verir ki, inklüziv təhsil özündə hamı üçün təhsil anlayışını ehtiva edir. İnklüziv təhsil məktəbəqədər müəssisələrdə fərqli uşaqların birgə təhsil almasını təmin etməklə onların çoxşaxəli və dolğun inkişafı üçün rəngarəng mühit yaratmış olur.

Əsaslandığı prinsiplərlə yanaşı, inklüziv təhsil yanaşması bəzi xüsusiyyətləri də özündə cəmləyir. Belə ki, inklüziv təlim yanaşması əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin nəzərə alınması üçün optimal imkanların axtarışını tələb edir. Bu yanaşma fərqli maraq və bacarıq səviyyələri olan təhsilalanların maraqlarına cavab verməklə yanaşı, eyni zamanda təsilverənlərin peşəkar inkişafına də təkan verir. Təlim metodlarının rəngarəngliyi uşaqların yaradıcı potensialını aşkara çıxarılması və məsələlərin həll edilməsi bacarığının müxtəlif yollarla stimullaşdırılmasına da imkan verir.

Bundan başqa, inklüziv təhsilə demokratik dəyərlər də xasdır. Belə ki, inklüzivlik bütün uşaqları təhsilə cəlb etmək öz fikrini ifadə etmək, keyfiyyətli tədris prosesində iştirak

edərək şəxsi, sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi və sosial təcridə məruz qala bilən, həmçinin davamiyyəti pis olan uşaqlara dəstəyin göstərilməsini nəzərdə tutur.

İnklüziv təhsil tətbiq edilən təhsil müəssələrində bütün təhsilalanlar, o cümlədən, əlilliyi olan uşaqlar bərabər hüquqludurlar; təhsil prosesi hər bir uşaq üçün əlçatandır, onlara ünsiyyət üçün bərabər imkanlar yaradılır; təlim prosesi səmərəli təşkil edilir, prosesə cəlb olunan pedaqoji işçilər müvafiq bacarıqlara yiyələnmişlər; proqram hər bir uşağın tələbatını nəzərə alır və ailələr təhsil müəssisəsinin həyatında fəal iştirak edirlər.

Beləliklə, inklüziv təhsili fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq bütün şəxslərin öz həmyaşıdları ilə eyni təhsil müəssisələrində təhsil alması prosesi kimi xarakterizə etmək olar.

İnklüziv tehsil

Nəticə

İnklüziv təhsilin əsas prinsipləri, müxtəlif ehtiyaclara və qabiliyyətlərə malik şagirdlərin bərabər təhsil imkanlarına sahib olmalarını təmin etməyə yönəlib. Bu prinsiplərin tətbiqi, bütün şagirdlərin potensialını maksimum dərəcədə inkişaf etdirmək və onların təhsil mühitində daha yaxşı inteqrasiya olunmalarını təmin etmək məqsədini güdür. İnklüziv təhsil, təhsil sisteminin bərabər və ədalətli olmasını təmin etməklə yanaşı, sosial ədaləti və insan hüquqlarını da dəstəkləyir.

 

Günay İsmayılova

“İnclusive Edu Academy” şirkətinin rəhbəri, İnklüziv təhsil mütəxəssisi, ADPK-nin müəllimi




11 şərh “Prinsiplərə əsaslanan inklüzivlik

  1. Sədaqət

    Mənim üçün bu yazı inklüzivliyin nə olduğunu başa düşməyə kömək etdi. Prinsiplərə əsaslanaraq müzakirə etmək, fərqli perspektivlərin dəyərini başa düşməyə imkan verir. Bu yazı inklüzivliyin müasir cəmiyyətlərdəki rolunu əla şəkildə izah edir.

    Cavabla
  2. Kifayət Əlişova

    Prinsiplərə əsaslanan inklüzivlik mütləq nəzəri cəhətdən yaxşıdır, amma real həyatda bu prinsiplərin necə tətbiq olunacağına dair daha konkret nümunələr təqdim edilməlidir. Yazı daha praktik yanaşmalar təqdim edə bilərdi.

    Cavabla
  3. Sabir Quliyev

    Yazını oxuduqda inklüzivliyin yalnız yaxşı niyyətlərə deyil, həm də prinsiplərə əsaslanmalı olduğunu başa düşdüm. Yazının dərin analizi və məsələnin müxtəlif tərəflərinə dair təsvirlər diqqətimi çəkdi və bu sahədə daha çox düşünməyə sövq etdi.

    Cavabla
  4. Camal

    İnklüzivliyin gələcək perspektivlərinə dair təqdim etdiyiniz optimist baxış, oxucuları müsbət düşünməyə və inklüziv yanaşmalara daha çox sərmayə qoymağa təşviq edir. Gələcəyin inklüziv cəmiyyətlərdə daha ədalətli və bərabər imkanların təmin edilməsi mövzusunda verdiyiniz ümidverici mesaj, məqalənizin daha geniş təsir göstərməsinə kömək edir.

    Cavabla
  5. Zivər xanım

    Bu müsbət rəylər, məqalənizin keyfiyyətini və prinsiplərə əsaslanan inklüzivliyin əhəmiyyətini vurğulamaqla yanaşı, oxucuların mövzunu daha dərindən dərk etmələrinə və tətbiq etmələrinə kömək edə bilər.

    Cavabla
  6. Günay

    Oxucu şərhləri daha da dəqiq və qətiyyətli addımlar atmağa imkan yaradır. Təşəkkür edirəm. Çox istərdim görmək istədiyiniz mövzuları, inklüzivlikdə sizi maraqlandıran istiqamətləri bildirəsiniz. Araşdırmaların üfüqləri genişlənmiş olar.

    Cavabla
  7. Aynurə Nağıyeva

    Məncə, müəllifin özünün təkliflərə açıq olmasını alqışlamaq lazımdır. Məhz buna görə mən bəzi təkliflər verə bilərəm. Məsələn, “İnklüziv təhsildə islahatlar və çətinliklər”, “İnklüziv təhsilin əlavə resursları və araşdırmaları” kimi mövzulardan bəhs etmək olar

    Cavabla
  8. Günay

    Rəy bildirən hər kəsə təşəkkür edirəm. Aynur xanım təklifləriniz maraqlı və “İnklüziv Təhsil”in ən yaralı tərəfidir. Ətraflı araşdırma, yazı olacaq.

    Cavabla
  9. Aynurə Nağıyeva

    Günay xanım, təklifimi dəyərləndirmək haqda düşündüyünüz üçün minnətdaram. Uğurlar!

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir