SAHIB ALTAY

Qadın qətlləri niyə baş verir? – SOSİOLOQ YAZIR

Baxış sayı: 2. 006

Yer Kürəsində cinayətin insanlıq qədər yaşı var. Baş verən və verə biləcək cinayətlərə, hətta cinayət statusu olmayan davranışlara qarşı, sosial nizamı təmin etmək  üçün müəyyən müdafiə mexanizmləri yaratmışıq – kültür, din, müasir hüquq. Çox təəssüf ki, nə öncəki dövrlərin hüququ əvəz edən qeyri-rəsmi hüquq göstəriciləri, nə müasir dövrün rəsmi və sosioloji, psixoloji tədqiqatlara əsaslı cinayət hüququ insan cinayətkarlığının qarşısını ala bilmir. Sadəcə baş vermiş cinayəti dəyərləndirib, cinayətkara cəza verir. Bir cinayətkarın cəzalanması isə növbəti potensial cinayətkarın öz cinayətindən yayınmasını təmin etmir.

İnsanın törətdiyi cinayət əməlləri zaman, məkan, səbəb, nəticə və tərəf  baxımından müxtəlif növlərə ayrılır. Bu növlərdən biri də “məişət cinayətkarlığı”dır. Məişət cinayətkarlığı hüquqi baxımdan  qətl kimi qiymətləndirilməyən məişət zorakılığının son neqativ mərhələsidir. Məişət zorakılığı 3 növə ayrılır – psixoloji şiddət, iqtisadi şiddət və fiziki şiddət. Məişətdə qətl məişət zorakılığının fiziki şiddət növünə aid, bir tərəfin qarşı tərəfi öldürüb, varlığına son qoyması hadisəsidir.

Dünyanın indiyə kimi tarixi təcrübəsində məişət qətllərinə ən çox qadınların kişilər tərəfindən qətlə yetirilməsi fonunda rast gəlinir. Bəzən bu fikri səsləndirəndə bir çox adamlar cinsi mühafizəkarlığın təsiriylə qeyd edirlər ki, yaşadığımız planetin cinayətkarlıq statistikasına görə 1 il ərzində qətlə yetirilən kişilərin sayı, qadınların sayından dəfələrlə çoxdur. Nəticə etibarilə doğru rəydir, səbəb etibarilə tamamilə yanlış. Nəzərə almaq lazımdır ki, statistik göstəricilərə görə, sayca qadınlardan dəfələrlə çox cinayətkarlığın qurbanı olan kişilər də kişilər tərəfindən qətlə yetirilir. Məsələ hansı tərəfin daha çox qətlə yetirilməsi yox, hansı tərəfin daha çox qətlə yetirməsidir.

Ancaq maraqlıdır; əsrlər öncə qadına “Tanrı” deyib, baş əyən də kişi, onu gözəllik, nəciblik, incəlik, şəfqət, sevgi, mərhəmət simvolu hesab edən də kişi, qətlə yetirən də kişi?!

cinayet

Qadın qətllərini sosial sorğularda iştirak edən sıravi insanlar və bir çox mütəxəssislər daha çox qısqanclıq, mental əxlaq, mental təfəkkürə əsaslanan, təkcə qadının üzərinə yüklənən əxlaq anlayışı, xəyanətlə əlaqələndirirlər.

Mən bütün mövzularda birtərəfli dəyərləndirmənin əleyhinəyəm. Mental toplumlarda qadın qətllərinin əsas səbəblərindən biri də bəli, məişət zəminində qısqanclıq faktorudur. Yəni patriarxat təfəkkür və sistemdə kişi fiziki cəhətdən güclü tərəf olduğuna görə, öz iyerarxiyasını qorumaq hesabına bir çox məqamlarda bərabərlik hüququnu pozur. Məsələn, mental əxlaqa əsasən hər iki tərəfin xəyanəti əxlaqsızlıq hesab olunsa da kişilərin xəyanəti maksimum cəzalandırma fonunda boşanmayla nəticələnir. Qadınların xəyanəti də eynilə. Ancaq bu, xəyanət edən bütün qadınlara aid deyil. Bir çox qadınlar bu halda cinayətkarlıqla üzləşir, qarşı tərəfin onlara cinayət tərkibli müxtəlif xəsarət yetirmə və ölüm aktıyla üzləşirlər. Bəzən ailə münaqişələrinin tək çıxış yolu kimi boşanma göstərilsə də, bu akt da kağız üzərində baş verir, kişinin vaxtilə birlikdə yaşayıb, boşandığı qadın üzərində nəzarəti davam edir. Çünki mental əxlaqa görə qadın kişinin namusu hesab edilir. Və boşanmadan sonra da qadının hansısa bir kişiylə rəsmi və ya qeyri-rəsmi münasibəti qəbul edilmir. Hətta mental əxlaqa əsaslı namus cinayətlərində mental kütlə cinayətkara “qəhrəman” statusu verir. Bu da mental mühitdə xüsusi sosial statusa sahib olmağa can atan, eyni hallarla qarşılaşan bir çox adama cinayət etmək imtiyazı (qeyri-rəsmi) yaradır.

 

Bəs bütün qadın qətlləri mental təfəkkür və ya xəyanətə görəmi baş verir?

cinayet

Hər bir halda təcrübə önəmlidir. Məsələn, bu günün inkişaf etmiş ölkələrində həm düşüncə, həm hüquq, həm də iqtisadi və siyasi baxımdan gender bərabərliyinə xüsusi üstünlük verilir. Həmin ölkələrdə mentalitet keçmişin qalığı hesab edilir. İnsanlar ailəyə qədər vətəndaş nikahında yaşayıb, bir-birini hərtərəfli tanıyırlar. Nəticə etibarilə bu gün həmin ölkələrdə də qadın qətlləri üst səviyyədə mövcuddur. Hətta Almaniya, Fransa kimi inkişaf tendensiyasının ən yüksək səviyyəsində qərarlaşmış ölkələr, eyni zamanda məişət cinayətkarlığı statistikasında da ön sıralarda gəlirlər. Səbəb nədir?

Təbiətdə bir dişi uğrunda bir neçə erkəyin bir-biriylə mübarizəsi demək olar, bütün bioloji populyasiyalarda mövcuddur. Eləcə də insanda; orta məktəbdə oxuyanda yuxarı sinif şagirdləri arasında məktəbdən çıxdıqdan sonra iki-üç oğlanın bir qızın arxasınca düşdüyünü, yolda əlbəyaxa dava etdiyini az müşahidə etməmişik. Bu, bir rəsmi və ya qeyri-rəsmi münasibətdən öncə baş verən haldır. Bəs necə olur ki, o oğlanlardan biri o qızla ciddi münasibət qurur, evlənir, boşanır, ancaq yenə də həmin qadın uğrunda cinayət tərkibli davranış sərgiləyir?

Erkəklər –kişilər arasındakı rəqabəti formalaşdıran səbəb testosteron hormonudur. Kişinin qadına münasibəti təkcə qadına baxış tərzinin nəticəsi deyil, həm də digər kişilərlə müqayisə zəminində formalaşır. Təbiətdəki digər canlılarda formal şüur, dərketmə qabiliyyəti və anlayış mövcud deyil. Buna görə də heyvanlarda, quşlarda rəsmi və ya qeyri-rəsmi deyə bir münasibət yoxdur. Onların seksual potensialı da sadəcə nəsilartırma üçün mövcuddur. Bu baxımdan da sabit ailə formasiyasına tabe deyillər. Hər dəfə bir qalib erkəklə cütləşir, hər dəfə bir erkəkdən bala doğurlar. Cütləşmə əsnasında erkəklər arasında mübarizə getsə də, bala doğulduqdan sonra erkəklər arasında atalıq mübarizəsi getmir. İnsanda isə formal şüur faktoruna görə, bir tərəfdən seksual ehtiyac fərqlidir –təkcə nəsilartırma üçün nəzərdə tutulmur, həm də davamlı zövq mənbəyidir. Digər tərəfdən “atalıq” anlayışı mövcuddur. Qadın kişinin həm sevişib, seksual ehtiyacını ödədiyi, zövqünü daddığı, həm də onun genlərini gələcəyə daşıyacaq övladı dünyaya gətirən tərəfdir. Sual oluna bilər ki, heyvanlarda da belə deyilmi? Belədir, ancaq onlarda formal şüur olmadığına görə, sosial status mövcud deyil. İnsanda isə konkret anlayışlar var “analıq”, “atalıq”. Məhz bu səbəbdən dolayı, bir qadınla ailə qurub, boşanan kişi yaşadığı cəmiyyətdə mental təfəkkürün olub, olmamasından asılı olmayaraq ayrıldığı qadın üzərində nəzarətini davam etdirir. Çünki o qadın həm də onun övladlarının anasıdır? Qadın boşansa belə kişi onunla birlikdə yaşayan qadının başqasıyla münasibət qurmasını öz eqosuna sığışdıra bilmir, bu baxımdan özünü başqa bir kişiylə rəqabətdə uduzmuş hesab edir. 1. Qadına görə – ərindən boşanan qadın başqa kişiylə münasibət qurduğu zaman birinci kişi, ikinciyə nisbətdə özünü aşağılanmış hesab edir – “Necə olur ki, bu qadın məndən imtina edib, başqasını həyatına alır? Mən o kişidən əksikmiyəm?!” 2. Övlada görə qısqanclıq – Əgər övlad varsa, qadının boşandıqdan sonra başqa kişiylə münasibət qurması, onun övladının atası üçün qəbuledilməz bir hala çevrilir, onun övladının başqa kişiyə ata deməsini qəbul edə bilmir.

Bu səbəblərdən dolayı kişi qadını qətlə yetirir. Bir çox hallarda boşanmadan sonra münasibət qurduğu kişini də bu cinayətin qurbanına çevirir. Çünki onun eqosunu əksildən iki tərəf var –boşandığı qadın və münasibət qurduğu kişi. Bir çox hallarda isə birinci kişi sadəcə boşandığı qadını qətlə yetirməklə kifayətlənir və bununla da onunla digər kişi arasında rəqabət yaradan əsas tərəfi ortadan qaldırmış olur. Qısqanclıq zəminində baş verən bəzi qadın qətlləri ümumiyyətlə boşanmadan sonra qadın münasibət qurmadan baş verir. Səbəb? Kişi boşandığı qadını gələcəkdə onu başqa kişinin qarşısında əksildə biləcəyini düşünərək, səbəbsiz yerə qətlə yetirir.

aile munaqisesi

Qısqanclıq –genin sahiblənmək instinktindən doğan bir hissdir. İnsanın sahib olduğu bütün bioloji və sosial dəyərlər onun eqosunu təşkil edir. Kişinin qadını sahiblənməyində və digər kişilərlə rəqabətə girməyinə səbəb olan testosteron faktoru eyni zamanda qadınını itirən kişiyə eqosundan bir dəyərin azaldığı siqnalını verir. Eqo isə özünü ayaqda saxlamaq üçün hər şeyə qadirdir.

Bütün qadın qətlləri qısqanclıq zəminindəmi baş verir? Xeyr. Qadınlı-kişili bütün insanlar adi halda potensial cinayətkar deyil, bütün insanlar adam bıçaqlamağa, baş kəsməyə, qan tökməyə qadir deyil. İnsan qətlə yetirmək xüsusi bir affekt halının nəticəsidir. Bununla bağlı yüzlərlə, minlərlə elmi tədqiqatlar aparılır, nəziryyələr yazılıb. Elmi tədqiqatlara görə qətl fonunda cinayətkarlıq həm də hormonal məsələdir. Bəzi adamlarda hormonal potensial cinayət edəcək affekt halına meyillidir. Və bu hal təkcə qadın qətllərinin deyil, ümumiyyətlə hər hansısa qətlin reallaşmasına təhrik edən səbəbdir. Yəni bu cür insanlar üçün cinayət etmək qəbulolunmaz hal deyil. Ancaq bütün cinayətlər hormonal təhrikin sayəsində baş veir, demək də yanlışdır. Affekt halının baş verməsi psixoloji vəziyyətə, yaşanan hadisələrə, insanların o hadisələrin təsirində özünü idarə etmək qabiliyyətinə, eyni zamanda sosial dəyər-intellekt, düşüncə faktoruna görə fərqlənir.

Məişət cinayətkarlığını formalaşdıran səbəblərdən biri də narkotik və içki aludəçiliyidir. “İçki dovşanı şirə döndərir” məsəli təsadüfən deyilməyib. Həddən artıq içki qəbulu və narkotik istifadəçiliyi idarəetmənin itirilməsinə səbəb olur. Bu halda həm cinayətkarlıq üçün affekt halları tez formalaşır, həm də insanın şüursal olaraq cinayətlə, hüquqi davranış arasında fərq qoymaq potensialı olmur. Eqo öz amansızlığının pik həddinə çatır. Bəs bu halda kişinin boşandığı qadını qətlə yetirməsinə səbəb nə olur? Eqoist genin alkoqol və narkotikin təsiriylə azğınlaşması, heç bir maddi sübut olmadan şübhəçilik.  Beynin öz qanunauyğun fəaliyyətini itirməsi, keçmişə xəyali səyahət. Şəxsin keçmişdə sahib olduqlarını, yaşadıqlarını xatırlayıb, ona üzülməsi. Və bu kədəri ona bəxş edən adamdan qisas almaq düşüncəsizliyi. Heç təsadüfi deyil ki, tarix boyu bütün müharibələrdə əsgərlərə içki və narkotik verilirdi; hətta günümüzdə də. Səbəb isə çox sadədir. Müharibə kütləvi insan ölümünü formalaşdıran qanlı səhnədir, kütləvi cinayətkarlıqdır. İçki və narkotik isə insan psixologiyasındakı bütün qadağaları ortadan qaldıran, həyəcanı yox edən, insana bütün qeyri-hüquqi müstəvidə “sərbəstlik” verən uyuşdurucu maddə.

Bütün səbəbləri incələyəndə nəticə etibarilə niyə qadınlar kişilər tərəfindən daha çox qətlə yetirilir? Kişilər fiziki baxımdan daha güclüdürlər, ona görə. Səbəbin qısqanclıq və ya başqa səbəblər olmasından asılı olmayaraq, kişilər arasındakı rəqabət. Sosial əsası patriarxat təfəkkür və qazandırdığı dividentlət.

İstənilən halda cinayətkarlıq, insana xəsarət yetirmək, qətlə yetirmək anormal psixoloji durumun nəticəsidir.

 

Sosioloq Sahib Altay




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir