qadin-is

Qadınlar hansı səbəblərdən şəxsi həyatlarını karyeraya qurban verirlər?

Baxış sayı: 1. 554

“Obyektiv demək lazımdır ki, bu gün, xüsusən özləri üçün karyera qurmaq istəyən qadınlar az doğmağa başlayıblar”.  Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyir. Onun sözlərinə görə, əgər müəyyən hallarda ailədə bir uşaq olması məsələsi qarşıda durursa, onda kimlərsə oğlan istəyir: “Mən deməzdim ki, bu hal kütləvi xarakter daşıyır. Azərbaycanda belə deyil. Biz azərbaycanlıların mentalitetində qadına böyük hörmət var. Mən dil ilə bağlı sadə bir təhlil aparmışam. Başqa dillərin heç birində “ağsaqqal”, yəni “nəslin başçısı” anlayışı yoxdur, amma bizdə “ağbirçək”, yəni “nəslin başçısı olan qadın” anlayışı var. Yəqin siz də bilirsiniz, bizdə tarixən belə qadınlar çox olub”.

Qadınların karyera uğruna bəzən şəxsi həyatlarından imtina etməsi təkcə onların deyil, cəmiyyətin ciddi problemidir. Bu mövzu zaman-zaman müzakirə olunur. “Qadınlar hansı səbəblərdən şəxsi həyatlarını karyeraya qurban verir” sualını sosioloq Lalə Mehralıya ünvanladıq. O, genefondun məhv edilməsinin, selektiv abortların faciəli təsirinin hər dəfə qeyd edildiyini bildirir:

“Biz karyera qurmaq arzusunda olan, karyerası uğurlu olan qadınlar arasında bir araşdırma aparsaq, həqiqətən şahidi olarıq ki, əksəriyyətinin oğlan övladı var. Çoxu gizli saxlamağa çalışsa da, ilk övladını abort edib daha sonra oğlan övladına hamilə qalmaq üçün çalışanların da kifayət qədər olduğunu bilirik. Bəzən qadınlar özünü işinə həsr edə bilməsi üçün bir dəfə hamilə qalır. Hətta tanıdığım ailə var ki, süni mayalanma yolu ilə iki övlad sahibi olublar. Hansı ki, qadın da, kişi də sağlamdır, baxmayaraq ki, təbii yolla övlad sahibi olmaq 99 faizə bərabərdir, yenə də süni mayalanma etdirdilər. Bu yolla hamiləliyi bir dəfə yaşamaqla iki və daha çox övlada sahib olmaq imkanı yaranır. Bəzən qadınlar düşünür ki, 9 ay hamiləlik yaşamaqla karyerasından, işindən uzaq düşmək məcburiyyətində qalacaq”.

Lalə Mehralı onu da qeyd edir ki, bəzi hallarda qadınlar karyeralarını ailələrinə qurban vermək istəməsələr də, seçim etmək məcburiyyətində qalırlar:

“Yeri gəlmişkən bir məqamı da unutmayaq. Qadınların karyera arxasınca qaçmasında təkcə onları suçlamaq, günahlandırmaq haqsızlıq olar. Bəzən ailədə qadından pul tələb edən kişilərimiz də olur. Yəni mərdi qova-qova namərd edirlər. Xanımları karyera dalınca qaçmağa məcbur edirlər. Bəzi ailələrdə maddi, sosial problemlər çoxaldığından xanımlar ailə və karyera seçimi qarşısında qalanda çox zaman karyeraya üstünlük verməli olurlar. Eyni zamanda hər qadın həm də ailə sahibi olmağa iddialıdır. Amma bəzən iddialarla istəklərimiz üst-üstə düşmür. Karyerist qadınlar müəyyən yaşdan sonra başa düşürlər ki, təklik, ailəsizlik xoşbəxtlik gətirmir. Ona görə də ailəsi olan qadınlar həyatdakı ən böyük uğurlarını ailə qurmalarında görürlər. Çünki onlar karyeralarını qurban verərkən bir təsəlliyə köklənə bilirlər. Övladlarının düzgün tərbiyəsində, formalaşmasında, ailə qurmasında böyük rol oynadıqlarından həyatın bütün çətinlikləri ailə gözəlliyi tablosu qarşısında sönük görünür”.

L.Mehralının fikrincə, əksər gənc qızlarımız ev xanımlarının yaşadıqları çətinlikləri, maddi sıxıntıları, iqtisadi asılılıqları görəndən sonra özü-öz ayaqlarının üstündə dayanmaq yolunu seçirlər.

Həyat yoldaşından iqtisadi asılılıqları olmaması üçün istəyirlər ki, özləri pul qazansın. “Təbii ki, bunun kökündən yanlış fikir olduğunu iddia edə bilmərik. Çünki biz görürük ki, 3-4 övlad dünyaya gətirən xanımlarımız işləmək çətinliyi qarşısında qalır”.

Azyaşlı uşağı olan xanımların işlə təmin olunmasında problemlər yaşadıqlarını bildirən sosioloq onu da bildirib ki, çoxuşaqlı qadın bəzi iş yerlərinin prinsiplərinə uyğun gəlmir.

“Bilirik ki, bəzən körpə uşağı olan qadınlara iş yerlərindən imtiyazlar tanınmır. Avropada belə bir iş prinsipi var. Körpə uşaqlı qadınlara iş yerlərində övladları ilə müəyyən saat keçirmək üçün əlavə imkanlar yaradılır. Onlar uşaqlarını əmizdirmək, onlarla daha çox zaman keçirmək üçün işdən tez çıxmaq və bu kimi digər imtiyazlardan istifadə edirlər. Bizdə iş yerlərində əluşaqlı qadınlara bu imkanlar yaradılmadığından qadınlarımız dünyaya övlad gətirmək üçün bəzən çox düşünməli olur, ya da seçim qarşısında qalırlar”.

 

İlahə Əhmədqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir