CEHIZ

Qız beşikdə, cehiz eşikdə – ARAŞDIRMA

Baxış sayı: 449

“Qız beşikdə, cehiz eşikdə” ata sözünü güman ki, çoxunuz eşitmisiniz. Aramızda elə valideynlər var ki, bu məsələ, sözün əsl mənasında, tam əməl edir, hətta qız övladı doğulmamışdan öncə ona cehiz tutmağa başlayır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay əvvəl bu məsələni həll edir. Qız övladı olan valideynlərin həm ən böyük problemi, həm də unudulmaz zövqü olan cehiz adətimizdən bəhs edəcəyik.

 

Cehiz adətinin kökü

Bəşəriyyət var olduğundan bəri analar-atalar qız köçürəndə ona müəyyən əşyalar verərmiş. Tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş. Məsələn, nənəm söylərdi ki, onun cehizi bir süpürgədən və bir qazandan ibarət olub. Süpürgənin verilməsində məqsəd yeni gəlinin təmizkar, səliqəli olmasına işarə idi, qazan isə ruzili olmaları üçün bir simvol idi. Nənəmin söylədiyinə görə, onun anası ərə gedəndə valideynləri ona bir ləyən və bir aftafa cehiz veriblər, hər axşam həyat yoldaşı işdən gələndə təzə gəlin o ləyəndə aftafa ilə ərinin ayaqlarına su tökərmiş.

Zaman irəlilədikcə cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, hətta daha dəyərli cehiz vermək barədə bir növ yarışa giriblər. O zamanların ən məhşur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi.

İllər ötdükçə cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək, zər-xara paltarlar da əlavə edilməyə başladı. Amma bunları maddi imkanı daha yaxşı olan ailələr edə bilirdi. Elə o zamandan da cehiz adətində bölünmə başladı. Kasıb ailələrinin cehizi ayrı, varlıların cehiz anlayışı isə ayrı oldu.

 

Keçmişdə cehizlik əşyalar

Keçən əsrin əvvəllərində maddi vəziyyəti normal olan ailələrin gəlinlik qıza verdiyi cehiz də o qədər böyük olmurdu. Bunlar bir neçə qab-qaşıq, iki nəfərlik qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, iki yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalış, qayınata-qayınana üçün iki kiçik döşəkdən ibarət idi.

Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri, güləbətinli tirmə araqçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd pul kisəsi, 20-30 cüt çarıqbağı, qələmdanqabı və s. də vardı. Məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt tutqac da cehizə daxil idi.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara dabandaşı da cehizdə olurdu. Bunlardan başqa bir-iki xalça-palaz, camadan-xurcun, saxsı qab-qacaq, nehrə, küpə, kuzə, aşsüzən, yeddi taxta qaşıq, taxta boşqab, oxlov, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, qazan, mis aftafa-ləyən, hamam sətil (bir növ stul), altı kabab şişi və s. metal əşyalar da cehizə qatılırdı.

 

Müasir cehiz adəti: hər şey olsun

Daha cox müsəlman aləmində əməl edilən cehiz adəti şişirdilməsə olduqca gözəl ənənədir. Təəssüf ki, indi cehiz dedikdə adət-ənənə və bu adətin gözəlli düşünülmür, əksinə, qızın ailəsinin nə verəcəyi, nə qədər xərc çəkəcəyi, elektronkanı hansı marka alacağı, mebelin haradan sifariş ediləcəyi və s. kimi məsələlər marağa səbəb olur.

Dövrümüzdə qız ailəsi tərəfindən cehiz olaraq, əsasən, qab-qacaq, yorğan-döşək, elektrik avadanlıqları, dekorativ əşyalar – bir sözlə, zəruri olan bütün əşyalar verilir. Maddi vəziyyəti yaxşı olmayan qız ailəsinə oğlan tərəfi dəstək verir, mebeli oğlan valideyni alır. Maddi imkanı nisbətən yaxşı olan ailələr yataq və qonaq otağı üçün mebel dəsti, daha yaxşı imkana malik olanlar isə mətbəx mebeli və uşaq otağı dəsti də alırlar. Bəzi hallarda qız atası bu cehizin yığılması üçün qızına ev də cehiz verir. Bütün bu bahalı cehizin, dəbdəbəli ev əşyalarının verilməsi cox vaxt qızın baş ucalığı və şan-şöhrət üçün edilir.

 

Qız cehizində mal-qara və ev quşları da olur

Bir-iki xırda nüansı nəzərə almasaq, Azərbaycanın bütün bölgələrdə cehiz eyni formada tutulur, yalnız cənub bölgəsindən başqa. Cənub bölgəsində, əsasən də, Lənkəranda cehiz adəti bir qədər fərqlidir. Lənkəranın Veravul kəndindən olan Asimə Nəsirli deyir ki, Lənkəranda analar qızlarına 10-11 yaşında olandan cehiz tutmağa başlayırlar: “Amma sonra, qız nə vaxt nişanlandı, cehiz almaq ailədə ən prioritet sahəyə çevrilir. Əksər hallarda maddi imkandan asılı olmayaraq valideynlər qızı bütün lazımi əşyalarla təmin etməyə çalışırlar.

Qız toyundan sonra, oğlan toyundan öncə, müəyyən edilmiş bir gündə bütün qohumlar qız evində təşkil olunmuş qonaqlığa gəlirlər və hərə cehiz üçün bir hədiyyə gətirir. Lənkəranda cehiz mədəniyyəti bir qədər fərqlidir, ərə gedən qızlara böyük ləyən dəstləri, toy və ya digər mərasimlərdə istifadə etmək üçün iritutumlu qazanlar və teştlər, 5 və ya 6 dəst namaz üçün canamaz verilir. Bundan əlavə gəlinin gedəcəyi evdə yaşlı insan varsa, onlara xüsusi nimdər (döşəkcə), misdən hazırlanmış aftafa-ləyən də verilir”.

Asimə xanımın sözlərinə görə, Lənkəranda hətta cehizə mal-qara – inək, qoyun, at, ev quşları- qaz, ördək, toyu-cücə də əlavə edilir. Cehiz almaq üçün bankdan kredit alanların da olduğunu söyləyən Lənkəran sakini qız cehizində əksər vaxt həm yataq, həm qonaq otağı mebelləri, həm də mətbəxt mebeli də verildiyini dedi.

Bu günlərdə mətbuatda bir xəbər yayıldı, yeni ailə quran qızın cehizində qoyun olmadığı üçün ər evində zorakılığa məruz qalıb. Daşkəsəndə 19 yaşlı gəlin Aişə Abdullayeva cehiz olaraq qoyun gətirmədiyinə görə döyülüb. Gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən şiddətə məruz qalan gənc qız yaxınları tərəfindən dərhal xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin tramvası diaqnozu qoyulub.

 

Cehizdə yemək sandığı

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində cehiz adətində maraqlı xırdalıqlar var. Qız üçün alınan bütün cehizlər toydan öncə bir növ sərgi halına salınır, kəndin bütün əhalisi cehizə baxmağa gəlir. Qız evindən bir nəfər cehizdəki əşyaları bir-bir nümayiş etdirərək kimin aldığını, neçəyə alındığını deyir.

Qız cehizi oğlan evinə toy günü gəlinin özü ilə birgə gedir. Daha maraqlısı isə odur ki, cehizin ən önəmli atributlarından biri ağzına qədər yemək və şirniyyatla doldurulmuş sandıq olur. Gəlin bir həftə oğlan evinin mətbəxində bişəndən yemir, anasının sandığa qoyduqları 7 gün ona bəs edir.

 

Cehiz əşya deyil, olmamalıdır

İstənilən halda cehiz adəti olduqca gözəl və gərəkli ənənədir, bir şərtlə ki, “ağ etməyəsən”. Cehiz ailələrin mal-mülk müsabiqəsi deyil, milli adətdir. Cehizində nəyin olması və nəyin olmaması önəmli deyil, önəmlisi odur ki, ər evinə köçən qız ata yurdundan əliboş yola salınmır. Amma cehizsiz ailə qurmağı heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan ər evinə mənəvi cehiz – ismət, abır-həya apara bilməkdir.

Bir yataq örtüsünə 700 manat, bir çilçırağa 1000, bir meyvə qabına 300, heç vaxt qıyıb yemək yeməyəcəyi qab dəstinə 5000 manat pul verib misli görünməmiş cehiz tutanlar sonra o qabları istifadə etməyə də qıymırlar. Çox çıxıb mətbuata, cehiz üstə gah qız özünü asır, gah ata borcdan bezib intihara əl atır. Nə məcburdu ay camaat? Niyə siz uşağınıza içində adi yemək yeyəcəyi qab dəstini 9 minə almalısınız? Niyə ömründə bir dəfə qıyıb içində su içməyəcəyi 12 stəkana 2 min pul verirsiniz? İldə bir dəfə – yeni ildə içinə meyvə qoyub selfi edəcəyi meyvə qabına niyə 700 manat verirsiniz?

Təəssüf ki, bəzi qızlar bu məsələdə çox israrçıdı, valideynini hədələyir, “almasanız özümü öldürəcəm” deyə qorxudur. O qızlar beyinlərinə niyə ailə həyatında işlərinə yarayacaq informasiyalar yeritmir, özünü inkişaf etdirmir, adi şüşədən hazırlanıb axmaqlara od qiymətinə sırınan qaba görə min cür alış-veriş səhifəsi gəzir?

Ən adi bir misal, bir neçə il əvvəl yüksək məbləğdə kreditə girib övladı üçün cehiz düzən valideynlərin o qızları həmin dəbdəbəli qab-qacaq komodları, dolabları dəyərinə-dəyməzinə satışa çıxarır. Hər yer doludur bu cür elanlarla – lalafo, tap.az, instaqram və facebookdakı satış səhifələri. 5-6 min manata alınan komodlar 100-150 manata satılır, amma heç kim almır. Ehtiyacdan yox, dövr dəyişdiyi, daha qonaq otağına mətbəx qab-qacağı düzülmədiyi üçün.

Əziz xanımlar, unutmayın, evinizin ən dəyərli qonağı elə siz özünüzsünüz. Özünüzə qıymadığınız qabı ya almayın, ya da almısınızsa elə işlədin getsin. Heç bir əşya sizdən daha dəyərli deyil, bir gün ya qırılacaq, ya da ölümünüzdən sonra dəbdən düşüb deyə zibiliyə atılacaq. Minlərlə manatlıq lazımsız əşyalara görə ömrünüzü kreditlərlə qısaltmayın.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir