qohum evliliyi

Qohum evliliklərinin mümkün qadağası nə vəd edir? – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 574

Bir neçə gün əvvəl Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsində qohum evlilikləri məsələsi müzakirə edilib və qohumlar arasında evliliklərin qadağan edilməsi ilə bağlı məsələ gündəmə gətirilib. Qeyd edilib ki, qohum evliliklərindən dünyaya gələn uşaqlar genofondumuzu təhlükə altına alır.

Bu məsələ ciddi müzakirələrə səbəb olduğundan qohum evliliklərinin mümkün qadağasının müsbət və mənfi yönlərini PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı ilə müzakirə etdik.

almara Melikova

Mütəxəssis ilk olaraq bu qanunun nə dərəcədə işlək olması məsələsinə toxundu:“Nikahı qadağan etmək şəxslər arasında vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilmir. Bu, sadəcə, nikahsız ailələrin sayının artmasına səbəb olacaq”.

Bununla yanaşı psixoloq bunun müsbət tərəflərinin də olduğunu diqqətə çatdırdı və aşağıdakı fikirləri səsləndirdi:” Məlum olduğu kimi, məsələnin tibbi tərəfləri də var və bu qanunun q\bul edilməsi ilə bağlı müzakirlərin aparılmasında da əsas səbəb elə məsələnin tibbi yönüdür. Belə ki, statistikaya baxsaq, qohum nikahlarından olan uşaqların xəstə doğulması faizinin yüksək olduğunu görərik. Yeni doğulan uşaqlarda genetik xəstəliklərin daha çox olması və bu sahədə artıq bir qanunun qəbul olunmasına çox böyük bir ehtiyacın olduğu məsələsini gündəmə gətirir.”

Psixoloq hesab edir ki, hüquqi tənzimlənmə mexanizmini formalaşdırmağa tələsmək lazım deyil: “İnsanlarla, ailələrlə işləmək, yeniyetmə və gənclərlə maarifləndirmə işləri aparmaq lazımdır. Köhnə stereotipli valideynlərlə müəyyən təşviqat-təbliğat işi aparılsa, yaxşı olar. Orta və ali məktəblərdə sahə müəllimləri tədris proqramlarına bu qəbildən olan mövzular daxil etməlidir. KİV, sosial media vasitəsilə əyani keyslər, qohum evliliklərinin fəsadlarını əks etdirən inandırıcı nümunələr sosial çarxlar vasitəsilə cəmiyyətə çatdırılmalıdır. “Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş sənəd üzərində qohumluqdan imtina etməyə kimi, müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Onlar bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması təhlükəsini dərk etməlidir”.

 

Təqdim etdi: Məsudə Sultan




6 şərh “Qohum evliliklərinin mümkün qadağası nə vəd edir? – PSİXOLOQ DANIŞIR

  1. Cavansir Cahangirli

    Deyirlər, əmi qızı ilə əmi oğlunun nikahı göydə kəsilib. Yüz illərdir bu deyimə inanıb, ailələr qurulur. Əmi uşaqları evlənir, hələ bunların yanına xalauşağı, bibiuşağı da qoşulur. Heç kim gələcəkdə qarşılarına çıxacaqlarını fikirləşmədən bu yola çıxır. Qohum evliliklərdən törəyən bir çox xəstəlik olduğunu çoxumuz bilirik.

    Cavabla
  2. Sevinc Kazimova

    Qohumlar arasında nikah halları və onların törətdiyi fəsadlar digər ölkələrdə olduğu kimi bizim cəmiyyətdə da narahatlıq doğuran aktual ailə məsələlərindən biridir. Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

    Cavabla
  3. Rəsul Sukurlu

    Birinci dərəcə (xala uşaqları, əmiuşaqları, dayı və bibi uşaqları) və ya ikinci dərəcə (nəvə evliliyi) qohum evlilikləri zamanı uşağın ana bətnindən düşməsi və ya ölü doğuş halları ilə yanaşı doğulan uşaqlarda otozomal resesif xəstəliklər daha çox müşahidə edilir.

    Cavabla
  4. Arzu Quliyeva

    Qohum evliliyi eyni tip keyfiyyətsiz genin uşağa ötürülməsinə yol açır. Miras yolu ilə keçən xəstəliklər genetikada yaşanan mutasiyalar nəticəsində meydana gəlir və gen adı verilən miras maddəsində iki doza mutasiyanın yaşanması otozomal resesif xəstəliklərə yol açır

    Cavabla
  5. Elsen Mehemmedov

    Yaxın qohum evliliyi ilə bağlı ciddi cəza tədbirlərinin görülməsi mütləqdir. İnandırıcı deyil ki, bölgələrdə yaxın qohumlar nikaha girəndə bundan icra hakimiyyəti orqanlarının, məktəbin xəbəri olmasın. Rayonlarda əlaqədar qurumlar kompleks şəkildə işləməlidirlər. Ölkədə boşanmaların sayının artması erkən nikahların fəsadlarındandır

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir