ders

Repetitor və kurslara əhsən: Yüksək balların toplanmasında məktəblərin rolu sıfırdır

Baxış sayı: 646

Artıq iki ildir ki, ölkədə COVID-19 ilə əlaqədar olaraq pandemiya rejiminin davam etməsi bir sıra sahələrlə yanaşı məktəblərin də fəaliyyətini iflic edib.

Cari ildə pandemiya rejiminin məktəblərin nəticələrinə təsiri necə olub? Maraqlıdır, şagirdləri ali məktəbə qəbul olan məktəblər hansılar olub və ümumiyyətlə, abituriyentlərin bu uğurunu kimin adına çıxmaq olar: məktəblərin, yoxsa repetitorların?

 

Dövlət İmtahan Mərkəzinin nəticələri necədir?

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, cari ildə 44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

Bu il, həmçinin qəbul olunan subbakalavrların sayı da 1025 nəfər daha çoxdur.

Ötən ilin rəqəmlərinə nəzər yetirdikdə isə, qeyd edək ki, 2019-2020-ci illərdə 66464 nəfər ali təhsil müəssisələrinin müsabiqəsində  iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Yüksək balların məktəbə dəxli yoxdur

Təhsil eksperti Kamran Əsədov abituriyentlərin cari ildə qazandıqları uğurun məktəbin adı ilə bağlı olmadığını deyir. O bildirir ki, artıq iki ildir ölkədə pandemiya rejimi davam edir və şagirdlər məktəbə gedə bilmirlər. Cari ildə 600-dən artıq bal yığanlar da iki ildir məktəbə ayaq basmırlar. Onlayn təhsil isə keyfiyyətli olmayıb. Bununla da əldə olunan nəticələrin birbaşa olaraq tədris mərkəzləri, kurslar və repetitorlara aid olduğu təsdiqini tapır.

“Uğuru birbaşa olaraq repetitorlar, hazırlıq kurslarının adına bağlasaq da, nəticəsizliyi birbaşa olaraq məktəblərin adına bağlayırıq”, – Əsədov deyib.

Onun sözlərinə görə, yüksək nəticələr əldə edən abituriyentlər də əksər hallarda təşəkkürlərini kurs və repetitorlara bildirirlər:

“Cari ildə də yüksək bal yığıb hansısa məktəbə təşəkkür edən abituriyent görmədik. Bütün bunlar da bilavasitə olaraq onu deməyə əsas verir ki, Azərbaycanda təhsil yükü repetitor və hazırlıq kurslarının çiyinləri üzərindədir”.

Bakı məktəblərin birində, arxiv şəkli

İstisnalar da yox deyil

Lakin istisna hallar da var. Kamran Əsədov şagirdləri yüksək nəticə göstərən məktəblərin adlarını açıqlayıb:

“Nəticələrə baxanda görürük ki, Bakı Dövlət Universitetinin nəzdində olan Gənc İstedadlar Liseyinin şagirdlərinin builki nəticələri yüksək olub. Eyni zamanda da Türkiyə Dəyanət Vəqfi, Sumqayıtın bir neçə məktəbinin də nəticələri yaxşı olub. Bakı üzrə isə daha çox özəl lisey və məktəblərin nəticələri yüksək olub. Adını çəkdiyim həmin məktəblərdə tədris keyfiyyətli təşkil olunub. Onlayn təhsilin keyfiyyəti ilə yanaşı həmin ərazilərdə yaxşı repetitor və hazırlıq kursları da olub”.

Özəl olmayan bir neçə məktəbin də nəticəsi cari ildə müsbət qiymətləndirilib. Təhsil ekspertinin sözlərinə görə, Xətai rayonunun 245 məktəbi, 147 №li Texniki-Humanitar Liseyin də nəticələri yaxşı olub. Rayon məktəbləri arasında da seçilənlər olub. Biləsuvarda Mübariz İbrahimov adına lisey də nəticələrinə görə seçilib.

 

Abituriyentlərin uğurunda məktəbin rolu sıfırdır

Digər təhsil eksperti Adil Vəliyev isə bildirir ki, ali məktəblərə qəbulla bağlı nəticələrə nəzər yetirdikdə ötən illə müqayisədə cüzi də olsa zəifləmə nəzərə çarpır. O, bu vəziyyətin gözlənilən olduğunu söyləyib:

“Builki məzunlar iki ildir pandemik vəziyyətin şahididirlər. Bundan əlavə, ötən ilin müharibəyə təsadüf etməsinin də əldə olunan nəticələrə təsiri var”.

Ekspertin sözlərinə görə, məktəblərin abituriyentlərin uğurları üzərindəki rolu 0 səviyyəsindədir: “Nə dövlət, nə də ki, özəl məktəblərin abituriyentlərin tələbə adını qazanmasında xüsusi rolunun olduğunu demək olar. Bütün bunlar repetitorların uğuru idi”.

ders

Rəqəmlər nə deyir?

Qeyd edək ki, I ixtisas qrupu üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında DİM-in yaydığı məlumata baxdıqda görürük ki, ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan cəmi 8 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 2068 nəfərdir. Lakin həmin ixtisaslar (abituriyentlər şərti olaraq 150 ballıq ixtisaslar deyir) üzrə plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçimində iştirak edə bilməzlər.

II ixtisas qrupunda 200 və 100 ballıq şərtləri ödəyib qəbul ola bilməyənlərin sayı 37, 150 və 50 bal şərtini ödəyənlərin sayı isə 69 nəfərdir.

III ixtisas qrupu ümumi balı 200-dən və imtahanının ikinci mərhələsi üzrə balı 100 az olmayan 557 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. Həmin şəxslər boş qalan yerlərin (169 yer) müsabiqəsinə qoşula bilərlər. 150 və 50 bal şərtini ödəyib qəbul ola bilməyənlərin sayı isə 1680 nəfərdir. Lakin həmin ixtisaslar üzrə də plan yerləri tam dolub və bu abituriyentlər müsabiqə şərtlərinə əsasən boş qalan plan yerlərinin seçiminə buraxılmırlar.

IV ixtisas qrupu üzrə müvafiq göstəricilər 81 və 90 nəfərdir. Burada isə 81 nəfərlə yanaşı 90 nəfərin də müəyyən ixtisaslar üzrə boş qalan yerlərin müsabiqəsində iştirak etmək imkanları var.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə isə qeyd edək ki, I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 4-də plan yerləri 100 %, 15 ali təhsil müəssisəsində 90%-dən, 17 ali təhsil müəssisəsində isə 80%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 75%-dən çox dolub.

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir