Avqustun 15-də “quyruq dondu” deyirlər. O da o deməkdir ki, isti yay geridə qaldı, 15-indən etibarən havalar sərinləşməyə başlayacaq. Son illər isə iyul istiləri lap sentyabrın ortalarına qədər davam edir. Lakin bu il hava bizi təəccübləndirir. Bu il sərinlər tez düşdü. Yay yerini payıza verib.
Əvvəlcə “quyruqdondu” haqqında məlumat verək. Maldarlıq təsərrüfatında yayın ikinci dövrü “quyruqdondu” adlanır. İlin bu dövrünün maldarlıq təsərrüfatında “quyruqdondu” adlandırılmasının səbəbi belə izah edilir. Hava sərin olduğu üçün yaylaqda kəsilən heyvanın quyruğu əridildikdə donar. Bu dövr avqustun 15-dən 17-nə təsadüf edər.
Naxçıvanın bəzi bölgələrində bu dövr “quyruqdoldu” da adlandırılır. Bu da onunla izah edilir ki, həmin dövrdən artıq çöldə otlayan qoç və qoyunun quyruğu dolmağa (kökəlməyə) başlayır. Lakin toplanmış materiallardan məlum olur ki, bu, nə quyruğun donması, nə də quyruğun dolması ilə bağlı deyil. Çünki bu vaxtdan təsərrüfatın digər sahələrində, atmosferdə də dəyişiklik əmələ gəldiyi müşahidə edilir. Beləliklə, “quyruqdoğdu” ifadəsi daha çox yerinə düşür.
Yayın ortası, yay fəslinin yarı olan günü “quyruqdoğdu” adlanır. “Quyruqdoğdu” avqust ayının 5-nə təsadüf edir. El arasında deyərlər ki, bu dövr səmada quyruğa oxşayan ulduzların görünməsinə uyğun olaraq, bu cür adlandırılıb. “Quyruqlu ulduzlar”ın görünməsi ilə artıq yaylaqda dəvələr üzü arana tərəf yatır. Bununla da, artıq maldarlar havaların soyuduğunu, arana köçməyin vaxtı gəlib çatdığını bilərdilər. Yay yarı olanda, quyruq doğduqda quzu qırxımına başlayırdılar.
Keçmişdə yaxşı pendir tutmaq üçün “quyruqdoğdu”dunu gözləyirlərmiş. Arxac, qaşar, axtarma pendirləri daha çox ilin bu dövründən sonra tutularmış. El arasında bu cür pendirlərə “payız pendiri” deyərlərmiş. Çünki ilin bu dövründə süd yağlı olduğundan ondan hazırlanan pendirlər daha dadlı olurmuş.
İstər elmi qaynaqlarda, istərsə də el arasında bu ifadə ilə bağlı çox təzadlı, bəzən isə yanlış fikirlər söylənilir. Nuhcixan.az saytında yayımlanan materialda deyilir ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “Quyruq doğmaq” ifadəsi var. Bu, yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. Lüğətdə əsli “quyruq donmaq” yazılsa da F.Köçərli, S.Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıb.
Üç cildlik “Azərbaycan etnoqrafiyası” kitabında isə bu cür yazılıb: “Yayın ikinci dövrünün adına “quyruq doğdu” da deyirlər. Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər”.
Abbasqulu ağa Bakıxanov “Əsrarur məlakut” əsərində qeyd edir ki, bu ulduzlar səmada hər zaman yox, müəyyən zaman çərçivəsində görünür. Onlar gecə görünərkən günəş kimi işığı çox olduğu üçün gecə gündüzə çevrilir. A.Bakıxanov bu ulduzların görünmə təqvimini işləyib hazırlayıb ki, bunun da “quyruq doğdu”ya heç bir aidiyyatı yoxdur. Tədqiqatçıların əksəriyyəti məşhur Azərbaycan təbiətşünası, maarifçi alim Həsən bəy Zərdabinin 1905-ci ildə yazdığı “Quyruq doğdu, çillə çıxdı” məqaləsinə istinad edirlər. Həsən bəy Zərdabi qeyd edir ki, elə ulduz var ki, ilin bir vaxtında görünür, qeyri-vaxtlarda görünməyir və bir də ulduzlar çox olduğundan onları bir-birindən ayırmaqdan ötrü dəstə-dəstə edib hər bir dəstəyə bu dəstə oxşadığı şeyin, ya da heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. Bu ulduz dəstələrinə cürbəcür adlar qoyublar, o cümlədən onların bir dəstəsinə quyruq deyirlər ki, həqiqətən heyvan quyruğuna şəbahəti (oxşarı) var. O quyruğa oxşayan ulduz dəstəsi bizim yerimizdə tülu edir (görsənir).
“Azərbaycan etnoqrafiyası” kitabında yazılıb: “Alimlər araşdırmalar nəticəsində göstəriblər ki, “Quyruq doğdu” ifadəsi buğa bürcündəki ulduz topası ilə bağlı yaranıb. H.Zərdabinin yazdığı “quyruğa oxşayan ulduz dəstəsi” buğa bürcündəki ülkər ulduzlarıdır. Azərbaycanda həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” deyirlər”. Bunların buğa bürcündəki ülkər ulduzları olduğu həqiqətdir. Lakin bunun da quyruq doğduya aidiyyatı yoxdur. Etnoqraf Qəmərşah Cavadov “Əkinçilik mədəniyyətimizin sorağı ilə” kitabında yenə də Həsən bəy Zərdabinin məqaləsindən istifadə edir. O, qeyd edir ki, əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında Ülkər, Şamtərəzi, Xodək-garvan və Quyruq doğdu adları ilə məlum olan ulduzların görünməsi ilə müəyyən edib. Hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı şərq tərəfə baxarsa, bir-birindən təxminən 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər.
“Quyruq donandan” sonra havalar dəyişməyə, gecələr şeh düşməyə başlayır. Bu durum xalq arasında işlədilən “avqustun on beşi yay, on beşi qış” ifadəsinin doğru olduğunu göstərir. Bəzi mənbələrdə arıçılıq təsərrüfatında da ilin bu dövrünün özünəməxsus yeri olduğu qeyd edilir. “Quyruq doğana” qədər balı kəsməzlər, çünki bu vaxta qədər bal sulu olar, tez süzülsə turşuyarmış.
Arıçı Elvin Bayramlı isə hesab edir ki, deyilən misal keçmişdə əhəmiyyətli ola bilərdi: “Onda arılar kötükdə saxlanır, az bal istehsal olunurdu. İldə bir dəfə də süzüm edilirdi. İndi balı 3-4 dəfə süzmək olur. Texnika var. Arını gəzdirib daha çox bal əldə edirsən. Azərbaycanda bal süzümü gəlirdən asılı olaraq may ayının ortalarından başlayır. Əsasən Aran rayonlarında, Kür qırağında bal bu vaxt süzülür. May balı adlanır. Tərkibi yaz çiçəkləri, akasiya və s. olur”.
Ekoloq Tərlan Zeynalovun sözlərinə görə, 15-17 avqust aralığında iqlim dəyişir: “Xalq arasında “qora bişdi”, “quyruq doğdu” kimi deyimlər təbiət və meyvələrlə bağlıdır. “Quyruq doğdu”sa, demək yay fəslindən keçirik, payız fəslinə… Bunlar dədə-baba qaydasıdır, elmi cəhətdən isə belə şey yoxdur. Ancaq bu il havalar tez soyuyub. Hamısı da silahların işidir. Süni yaradıblar. 2-3 həftə idi ki, istidən nəfəs ala bilmirdik”.
Ləman Mustafaqızı