urek

Ürək xəstəliklərindən ölümə görə ikincilik…

Baxış sayı: 686

Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatına görə, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub.

Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yerdə qərarlaşıb və bununla ürək, qan-damar sistemi xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib.

Ən riskli ölkələr sırasında Ukrayna 4-cü, Gürcüstan 24-cü, Ermənistan 28-ci olub. Türkiyə isə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinqdə 127-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzinin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir. Statistikaya görə, dünyada və o cümlədən də Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.

Tanınmış kardioloq: “Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram”

Mövzu ilə bağlı tanınmış kardioloq, professor İdris Xəlilov ölkədə ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyətin ağır olması iddialarının doğru olmadığını bildirdi: “Ürək, qan-damar sistemi xəstəlikləri  epidemiya deyil ki, ölkəmizdə onunla bağlı vəziyyət deyildiyi kimi ağır olsun. Yəni bu xəstəliklərdən ölümə görə Azərbaycanın dünyada ikinci yerdə olması mümkün deyil, bunu uzun müddətli müşahidələrimə əsaslanaraq bildirirəm. Bəzən bu cür statistika düzgün aparılmır, düzgün olmayan informasiyalar üzə çıxır. Həmçinin  informasiya məkanlarında bu məsələ ilə bağlı məlumatlar çox yayılır, qabardılır, əhali də onları oxuyur və düşünür ki, bu xəstəliklərdən ölümlər artıb. Azərbaycanda da kimsə dünyasını dəyişəndə səbəbini ürək-damar xəstəliklərinin üstünə yıxırlar”.

İdris Xəlilov ürək, qan-damar sistemi xəstəliklərinin yaranma səbəbləri, qəfləti ölümdən də söz açıb: “Bunun müxtəlif səbəbləri ola bilir. Məsələn, dünyada stress faktoru artıb,  insanların yaşayışı çətinləşir, ekologiya da yaxşı vəziyyətdə deyil, havanın çirklənməsi baş verir, şəhərlərdə avtomobillərin sayı kütləvi artıb. Təbii ki, bütün bu faktorların da təsiri var. Ürək xəstəlikləri ilə bağlı qəfləti ölüm səbəbi əsasən 2 qrupa bölünür: bəlli olan və bəlli olmayan xəstəliklər. İlk öncə onu qeyd edim ki, qəfləti ölüm bir saat ərzində baş verən ölümə deyilir.

O ki qaldı bəlli və bəlli olmayan ürək xəstəliklərinə, məsələn, bəlli olan nədir? Məsələn, bir insan xəstədir qan təzyiqi və ya ürək damar darlığı var, yəni vəziyyət məlumdur. Bu insanlar öz sağlamlıqlarına qarşı ciddi yanaşmadıqda,  vaxtında müayinə olunmadıqda, dərmanları vaxtında qəbul etmədikdə qəfləti ölüm baş verə bilir.  Bəlli olmayan xəstəliklərə gəldikdə, bu zaman insan praktiki olaraq özünü sağlam hesab edir, lakin xüsusən də yaşlı insanlar müayinə olunduqda onlarda müxtəlif anadangəlmə ürək qüsurları və yaxud qazanılmış xəstəliklər aşkarlanır ki, bu da qəfləti ölümü yarada bilir”.

Professor qeyd edir ki, qəfləti ölümlər bütün yaşlarda baş verə bilir: “Hətta yeni doğulan uşaqlarda da ürək qüsurları aşkarlanır. Bu cür uşaqların yaşaması çətin olur. Bütün bunları deməkdə məqsədim odur ki,  insanlar 35 yaşdan sonra ildə heç olmasa bir dəfə müayinələrdən keçməlidir. Əgər ilk dəfə ürək, döş qəfəsində, hətta qarın nahiyəsində diskomfortluq hiss edərsə, mütləq şəkildə həkimə müraciət etməlidir. Bəzən ürək xəstəlikləri tamamilə simptomsuz keçir. Ola bilir ki, şəxsin qarnı, çiyni, qolları ağrısın, bunun özü də  mikroinfarktın əlaməti ola bilər. Yəni istənilən halda əgər hər hansı diskomfortluq varsa, mütləq  ürək xəstəlikləri təsdiq və inkar olunmalıdır. Bir daha qeyd edirəm, qəfləti ölümlər çox da yayılmayb, hər 10 min nəfərin arasında ola bilər.  Bu baxımdan, insanlar arasında panika yaratmaq lazım deyil. İnformasiya vasitələrində bu məsələlərin şişirdilməsi doğru deyil. İndi bir çox insanlar qəfləti ölüm haqqında soruşur, danışır. Halbuki 20 il bundan əvvəl insanların çoxu heç qəfləti ölümün nə olduğunu bilmirdi. Hətta bəzi dərmanlar məsləhət edənlər ortaya çıxıb. Daha çox aspirin dərmanı tövsiyə olunur, sanki əhalini asprinləşdirmək istəyirlər. Halbuki hər kəsin aspirin kimi dərmanları qəbul etməsi doğru deyil”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir