hekim

Ürəkbulanma və qusma infarktın əlaməti ola bilərmi?

Baxış sayı: 1. 304

Eyni xəstəliklərin simptomları qadın və kişilərə görə fərqli ola bilər. Bir sıra xəstəliklər kişilər və qadınlarda müxtəlif formalarda özünü büruzə verir. Bu simptomların fərqliliyi həyat üçün təhlükəli ola bilər.

 

İnfarkt

Çoxlarına infarktın ilk simptomları məlumdur. Bunlar əsasən döş qəfəsində ağrı və sıxılma hissi, nəfəs almada çətinliklərdir. Mütəxəssislərin fikrincə bu kişilərə xas xüsusiyyətlərdir. Bəzi qadınlarda da eyni simptomlar ola bilər, lakin bunu hamıya şamil etmək düzgün deyil. Belə ki, hələ qədim zamanlardan bir çox xəstəliklərin tədqiqi kişilər üzərində aparılıb və nəticələrin hamıda, yəni kişi və qadınlarda eyni olacağı düşünülüb. Lakin bir neçə müddət əvvəl həkimlər infarktın kişilərə nisbətən qadınlarda daha fərqli baş verdiyini müşahidə ediblər. Bildirilib ki, bu səbəbdən kişilərə və qadınlara infarktdan fərqli müalicə tətbiq olunmalıdır. Əks halda kişilərin müalicəsində kömək edən üsul qadınların ölümünə səbəb ola bilər.

Alimlər bu prosesin qadınlarda neçə baş verdiyini öyrənmək məqsədilə araşdırma aparıblar. Məlum olub ki, ürək tutması zamanı qadınlar döş qəfəsində deyil, kürəkdə, çənədə, boyunda və qarında ağrı hiss edə bilərlər. Bundan əlavə xanımlarda ürək tutması zamanı baş gicəllənməsi, təngnəfəslik, ürək bulanması, qusma və həddindən artıq tərləmə kimi əlamətlər də ola bilər. Sadalanan qeyri-adi simptomlar səbəbindən infarkt adi soyuqdəymə və ya mədə problemi kimi də qəbul edilə bilər ki, bu da zaman itkisi ilə nəticələnər.

 

Alkoqolizm və narkomaniya

Müəyyən maddələrdən asılılıq da qadınlar və kişilərdə müxtəlif formalarda özünü büruzə verir. Misal üçün kişilər qadınlara nisbətən pis vərdişlərə daha tez aludə olurlar. Qadınlar isə bu problemlə daha yuxarı yaşda üzləşirlər. Buna baxmayaraq qadınlar müalicə üçün daha sıx müraciət edirlər ki, bu da onların asılılıq dövrünü nisbətən azaldır. Hər iki cinsin zərərli maddə istifadəsinin səbəbləri də fərqlidir. Qadınlar çox vaxt bu vərdişlərə yanaşı psixi pozuntular, depressiyalar və həyəcan kimi problemlər səbəbindən aludə olurlar. Kişilər isə içki və narkotiklərdən xoş təəssürat, stressin aradan qaldırılması kimi bir sıra səbəblərdən istifadə edirlər.

 

Sidik sistemi xəstəlikləri

Sidik sistemi xəstəliklərinin kişi və qadınlarda fərqli xüsusiyyətləri olur. Kişilərə nisbətən qadınlar sidik kisəsi xəstəliklərindən daha çox əziyyət çəkirlər. Buna səbəb qadınlarda sidik kanalının kişilərə nisbətən daha qısa olmasıdır ki, bu da müxtəlif bakteriyaların asanlıqla kisəyə düşməsinə problem yaratmır. Kişilərdə isə əksinə sidik kanalı iltihabı çoxdur. Belə ki, kanalın uzun olması infeksiyaların sidik kisəsinə çatmadan orada inkişaf etməsinə şərait yaradır.

 

Şizofreniya

Bu psixi pozuntu qadınlara nisbətən kişilərdə daha erkən yaşlarda yaranır. Kişilərdə şizofreniyanın ilk simptomları 18-25, qadınlarda isə 25-35 yaşlarında meydana çıxır. Qadınlarda bu problem daha gec-40 yaşdan sonra da özünü büruzə verə bilər.

Xəstəliyin özünü göstərməsi cinslərə görə də dəyişir. Kişilərdə xəstəlik özünü apatiya, halsızlıq, yuxusuzluq, qavrama qabiliyyətlərinin pozulması kimi bir sıra mənfi simptomlarla bəlli edir. Qadınlarda isə şizofreniya depressiya, yüksək həyəcan, paranoid psixoz, qəribə fikirlərlə müşahidə edilir.

Şizofreniya diaqnozu olan qadınlar xəstəlik zamanı klinikalarda daha az zaman keçirir, vəziyyətləri daha asan tənzimlənir. Mütəxəssislərin fikrincə buna səbəb dərman preparatlarının qadınlara daha yaxşı təsir etməsidir. Kişilərdə isə bu preparatların nisbətən az təsiredici olması ilə yanaşı, onların cinsiyyət orqanlarına da mənfi təsir göstərir. Məhz bu səbəbdən də kişilər dərman vasitələrindən imtina edir, müalicəni yaradı dayandırırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir