mekteb

Uşağı məktəbə necə alışdırmalı?

Baxış sayı: 1. 522

Tədris ilinin başlanmasından az müddət ötsə də, valideynlərin ənənəvi qayğıları artmaqdadır. Valideynlər övladlarının yaxşı dərs oxumağını istəsələr, bunun uğrunda əziyyət çəksələr də, bu, hər uşaqda alınmır. Uşaqların bir qismi dərsə həvəslə yanaşsa da, bir qismi dərs oxumaqdan imtina edir, qışqırır, ağlayır, bir qismi oxusa da, qavraya bilmir.

 

Psixoloq Aydan Nəzərova bildirir ki, hər bir uşağın özünəməxsus bacarıq, intellekt səviyyəsi var: “Xüsusi testlərlə uşaqların qavrama qabiliyyətini, intellekt səviyyəsini ölçürük. Mütləq uşağın məktəb üçün hazırlıqlı olub-olmadığını öyrənmək lazımdır. Ailədə beş uşaq ola bilər, amma onların hamısı eyni qavrama səviyyəsinə malik ola bilməz. Bir uşağın beş yaşında, altı yaşında etdiyini digər uşaq daha gec yaşda bacarır və ya güclü götürmə qabiliyyəti olmaz”.

A.Nəzərovaya görə, valideynlərin səhvlərindən biri odur ki, övladlarını başqa uşaqlarla müqayisə edirlər. “Məsələn, bacım uşağının 5 yaşı var, filan qədər şeir bilir, 3 dildə danışır, amma mənim uşağımın 6 yaşı var, hələ heç bir xarici dil bilmir. Uşaqları müqayisə etmək olmaz. Çünki hər bir uşaq individualdır, şəxsiyyətdir”.

Həmsöhbətimiz qeyd edir ki, uşağı dərslə yükləmədən öncə onun inkişafının hansı yaşa uyğun olduğunu ölçməliyik: “Uşağın fizioloji olaraq 6 yaşı ola bilər, amma inkişaf səviyyəsi 4 yaşa uyğundursa, biz onu birinci sinfə göndərə bilmərik. Öncə onun zəka səviyyəsini yüksəltməliyik ki, qavrama səviyyəsi qalxsın. Uşağın bilik və bacarıqları aşağıdırsa, o, heç vaxt dərslərini yaxşı öyrənə bilməz. Çünki onun götürmə qabiliyyəti zəifdir. Elə uşaqlar var ki, zəka səviyyəsi yüksək olsa da, dərslərini qavraya bilmirsə, biz onun psixoloji durumunu yoxlamalıyıq. Uşaqda hiperaktivlik, davranış pozuntusu, disleksiya, disqrafiya, səsə adaptasiya problemi ola bilər. Uşaq ünsiyyət çətinliyi yaşaya bilər. Ailədaxili bəzi gərginliklər üzündən uşaqda posttravmatik streslər müşahidə olunar. Bunlar araşdırılmalıdır”.

Nəzərovanın dediyinə görə, hiperaktiv uşaqlar üçün uzun müddət oturub dərsi dinləmək çətin gəlir: “Çünki onlar enerji bolluğu yaşayırlar. Enerjilərini bərabər şəkildə bölə bilmirlər. Ona görə də daim hərəkətli olurlar, fikirlərini toplaya bilmirlər. Onlarda diqqət defisiti olur. İmpulsiv olurlar. Səbirsiz olduqları üçün bir işdən o biri işə tez keçirlər. Bu səbəblərdən də dərsi yaxşı mənimsiyə bilmirlər. Davranış pozuntusu olan uşaq isə dərslərini oxumaqdan imtina edə və oxumağı müqabilində hansısa şərtlər kəsə bilər. Ünsiyyət çətinliyi olan uşaq sosiallaşa bilmir, ünsiyyətə girməyə çəkinir, dərsi bildiyi halda cavab vermir, utanır. Müəllimə də həmin şagirdi zəif kimi qəbul edir”.

Psixoloq bildirir ki, uşaqların pis dərs oxumasında valideynlərin də günahı var: “Planşeti uşağın əlinə verib işlərinin dalınca gedirlər. Uşaq oyunlar oynayır, videolara baxır. Təbii ki, bunlar da uşağın psixologiyasına mənfi təsir göstərir, dərs oxumaqda maraqlı olmur”.

ders

Psixoloq Ramil Nəcəfli deyir ki, istənilən valideyn övladının gələcəyini düşünür: “Uşağını sevməyən valideyn yoxdur. Sadəcə, nəyi və necə eləmək məsələsi var. Hər kəsin bildiyi bir standart var; uşağı fənn repetitorlarının yanına göndərmək və ya məktəbdə davamiyyətinə nəzarət etmək, məktəbdə dərslərini necə oxuduğuna fikir vermək. Hamının bildiyi budur. Amma uşağın intellektual səviyyəsinin yaxşılaşdırılmasına, yaddaş problemləri, qavrama problemlərinə baxan yoxdur. Çünki bu barədə məlumatsızlıq var. Nəzərə almaq lazımdır ki, insanlar fərqli qavrayırlar – bəziləri dinləyərək, bəziləri görərək, bəziləri oxuyaraq. Valideynlərin məlumatları olsaydı, bu məsələlərə ciddi yanaşardılar”.

Nəcəfli əlavə edir ki, məktəblinin fərdi intelektual inkişafı önəmlidir. Psixoloq hesab edir ki, qavrama və yaddaşsızlıq problemi ilə bağlı valideynlər daha çox maarifləndirilməlidir ki, üstünə düşsünlər. “Ona görə ki, uşaqların çoxu dərsini oxusa da, qavraya bilmir, yadında qalmır”.

R.Nəcəflinin dediyinə görə, uşağın dərs oxuyarkən olduğu mühit, otaq, şərait çox mühüm rol oynayır: “Uşağın dərs masası elə bir yerdədir ki, qarşısında televizor işləyir, uşağın diqqətini yayındıran çoxlu əşyalar var. Bunların hamısını yığışdırmaq lazımdır. Uşağın dərs masası divarla üzbəüz, televizordan maksimum uzaq olmalıdır. Yeri çox rahat olmamalı, divanda, kresloda oturub yuxuya getməməlidir”.

Psixoloq dərslərini pis oxuduğuna görə uşaqları döyən valideynlərə də irad tutub: “Uşağa əsəbiləşməklə problemi həll etmək olmaz. Valideynlər bir-birilə davranışlarına fikir verməlidirlər. Uşaqların yanında dava-dalaş salmaq, çoxlu yalanlar danışmaq yolverilməzdir. Müxtəlif əyləncəli, öyrədici metodikalar var. Bunlardan istifadə etmək lazımdır”.

 

Füzuli rayonu 7 nömrəli tam orta məktəb direktoru Gülşən Novruzova bildirir ki, müəllim özünü şagirdə sevdirərsə, şagirdlər dərslərini daha həvəslə oxuyarlar: “İstər valideyn, istərsə də müəllim şagirdi yaşından və bacarığından artıq yükləməklə nəticə əldə edə bilməz. Nəzərə almaq lazımdır ki, erkən yaşlarından hazırlığa yönləndirməklə övladın uşaqlığını əlindən almaq olmaz. Bu, uşaqda dərs oxumağa və məktəbə qarşı fobiya yaradır”.

G.Novruzova deyir ki, uşaqlar çox vaxt dərs oxuyanda bunu məcburiyyət kimi görürlər və belə olanda çalışmaq istəmirlər: “Bunu məcburiyyət kimi qəbul etməsinlər deyə, onlara əyləncəli şəkildə dərs oxumaqları üçün şərait yaratmaq lazımdır. Belə ki, dərsləri ancaq nəzəri cəhətdən öyrənmək çox darıxdırıcıdır”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir