ders

Uşaqlar yayda dərs oxumalımı, oxumamalımı?

Baxış sayı: 256

Yay mövsümünün başlamağına ən çox məktəblilər sevinir desək, yanılmarıq. Çünki uzun müddətli məktəb marafonuna 3 aylıq fasilə verirlər. Dəftər-kitabı bir qırağa atıb yayın dadını çıxarmağa çalışırlar. Kimisi kompüterdə, telefonda, kimisi də həyətdə məhəllə dostları ilə oyunlar oynayır, bəziləri də istirahət üçün ailəsi ilə birlikdə müxtəlif məkanlara üz tutur. Bütün bu xoş anların müqabilində 9 aylıq əziyyət heçə gedir. Uşaqlar nə qədər yaxşı oxuyurlarsa, oxusunlar bir müddətlik yayınma nəticəsində oxuduqlarını unuda bilərlər. Bunun üçün də yay tətilində olsalar belə, mütəmadi olaraq təhsillə məşğul olmalıdırlar. Açığı, bəzi uşaqlar bu fikrə heç də yaxşı baxmır, onlara yayda nə isə oxutmaq və ya yazdırmaq çox müşkül məsələdir.

 

Bəs, necə edək ki, tətildə də uşaqlarda oxumağa həvəs yaradaq?

 

Tətildə oxumağın da vacib olduğu izah edilməlidir

Uzun illərdir ibtidai sinif müəlliməsi kimi çalışan Gülnarə Sultan deyir ki, uşaq yay tətilində istirahətə də, təhsilə də vaxt ayırmalıdır: “Amma uşaqları məcburi şəkildə oxumağa yönəltmək olmaz. Onlar bunu könüllü şəkildə, istəyərək etməlidirlər. İstər müəllim, istər valideyn uşaqda elmə həvəs yaratmalıdır. Heç olmasa avqust ayından başlayaraq müntəzəm şəkildə dərslə məşğul olmaq lazımdır. Çox yox, hər gün 1 saat mütaliə edib, yazı yazsa geriləmə olmaz. Hətta yaxşı oxuyan uşaq da tətildə dərslə məşğul olmasa, il ərzində keçilənləri unudur. Bəzi siniflər üçün xüsusi tətil kitabları var, onlardan istifadə etsələr yaxşı olar. Əlbəttə, bütün günü ancaq dərs oxumaq da düzgün deyil. Uşaq həm əyləncəyə, həm də dərsə vaxt ayırmalıdır”.

 

Müəllimə deyir ki, tətildən qayıdanda dərslə məşğul olmuş uşaqla, heç nə oxumayan uşaq arasında fərq olur: “Çalışmamış gələn şagird zəifləmiş olur və onun dərslərə adaptasiyası da çətin gedir. Ona görə tətildə dərslə məşğul olmaq vacibdir. Bunun üçün də valideynlər dərsi uşaq üçün maraqlı, əyləncəli etməlidirlər. Daha çox şəkilli, maraqlı məsələləri olan kitablar alsınlar”.

 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü düşünür ki, yay tətilində uşaqların dincəlməyi üçün şərait yaratmaq lazımdır: “Yay tətilində uşağın dərs oxumağı məcburi olmamalıdır. İlk olaraq valideyn uşağı ilə söhbət etməli, onun nə istədiyini soruşmalıdır. Ona əylənməsi üçün şərait yaratmalıdır. Ondan hansısa dərsi oxuyub-oxumadığını soruşmamalıdır. Uşaqdan ilk olaraq necə dincəldiyini, istirahətinin necə keçdiyini soruşmaq lazımdır. Tətil başlayan kimi uşağı dərsə yönəltdikdə, əlbəttə, o, bundan boyun qaçıracaq. Ona görə uşağa vaxt verin, bir az istirahət etsin. Bir müddət sonra onunla başa düşəcəyi bir dildə danışıb tətildə oxumağın vacib olduğu izah edilməlidir. Yaxşı olar ki, valideyn, müəllim və psixoloq birlikdə uşaq üçün yay tətili proqramı hazırlasınlar. Bu proqram əsasında şagird həm dərslə məşğul olar, həm də əyləncəsinə vaxt ayırar. Xüsusilə də uşağın hansısa bir fəndən zəifliyi varsa, bu cür proqram mütləq tərtib olunmalıdır. Yəni uşağı çox sıxma-boğmaya salmadan, onu bezdirmədən dərs oxumağa həvəsləndirməliyik. Burada əsas iş valideynlərin üzərinə düşür”.

 

Məktəbə 1 ay qalmış əsas fənlərin təkrarı

Sosioloq Lalə Mehralı uşaqlarını yay tətilində dərs oxumağa məcbur edən valideynləri anlamadığını deyir: “Öz dövrümüzlə müqayisə edəndə görürük ki, övladlarımızın dərs yükü ağırdır. Həm keçdikləri proqram, həm birinci sinifdən etibarən xarici dilin tədrisi onları 9 ay boyunca kifayət qədər yorur. Mən məktəb bağlanar-bağlanmaz uşağını məşğələlərə göndərən, yay tətilində dərs oxumağa məcbur edən valideynləri anlamıram. Uşaq uşaqlığını yaşamalı, top dalınca qaçmalı, həyətdə oynamalı, yıxılmalı, dizini əzməli, əlini-qolunu yaralamalıdır. 9 ay boyunca edə bilmədiklərini doya-doya etməlidir”.

Sosioloq öz uşaqlarının yay tətilindən danışdı: “Yay tətili boyunca övladıma dərs yükləmirəm, yalnız bədii ədəbiyyat üçün gündəlik 1 saat vaxt təyin etmişik. Həmin vaxt ərzində onun üçün yaratdığımız kitabxanadan istədiyini seçib oxuyur. Bunu onun mənəvi istirahəti üçün edirik və məcburi xarakter daşımır. Oğlum bu il 5-ci sinfə başlayacaq və biz hər il yay tətilində iki ay dərslərdən uzaq tam dincəlməyinə şərait yaradırıq. Məktəbə 1 ay qalmış gün ərzində 15-20 dəqiqəlik əsas fənlərin təkrarı üçün cədvəl tərtib edirik, hər gün biri ilə məşğul olur. Bunu tamamilə könüllü edir, çünki iki ay boyunca dərsdən uzaq qalıb və beyni tam dincəlib. Uşaq bu halda oxuduğunu yaxşı qavrayır, dərslərdən yorulmur və daha həvəslə məşğul olur”.

 

Maraqlı tətil planı tərtib edilməlidir

Narınc Uşaq Psixologiya Mərkəzinin baş uşaq psixoloqu Aydan Nəzərova qeyd edir ki, tətil dövründə uşağı sıxışdırmaq olmaz ki, günün böyük bir hissəsini dərs oxusun: “Son dövrlər uşaqlarda müəyyən aqressiya yaranıb. Nəyisə et deyəndə, bunu etməməyə çalışır. Ona görə valideynlər uşaqlarını tanımağa çalışmalıdırlar. Onun nəyi hansı halda, necə deyildiyində edəcəyini bilməlidirlər. Dərs məsələsinə gəlincə, ümumiyyətlə, bu uşağa lap kiçik-bağça yaşlarından aşılanmalıdır. Yəni uşağın özündə belə bir istək olmalıdır. Onu nəyəsə məcbur etmək olmaz, lap etsək belə, istədiyimiz nəticəni əldə etməyimiz mümkün deyil. Bu, sadəcə, uşaqda aqressiya yaradacaq və valideynlə övlad arasındakı münasibətin korlanmasına səbəb olacaq. Valideyn anlamalıdır ki, uşaqlar onsuz da 9 ay dərsə gedib, yorulublar. Bunun üçün də yayda dərslə məşğul olma prosesini daha əyləncəli, maraqlı şəkildə təşkil etməlidirlər”.

Psixoloq deyir ki, yay tə­ti­li­nin sə­mə­rə­li və ma­raq­lı keç­mə­si üçün pla­nı tər­tib olun­ma­lı­dır: “Tətil planını hazırlayarkən mütləq şəkildə uşağın fikrini soruşmaq, istəklərini nəzərə almaq lazımdır. Digər tərəfdən, valideyn özünü uşağın yerinə qoymalıdır. Düşünün ki, yay tətilidir hamı istirahət edir, amma sizi bütün günü oturub dərs oxumağa məcbur edirlər. Bu, düzgün deyil. Əslində biz uşaqla şərt kəsməyi doğru saymırıq, lakin bu kimi məqamlarda olar. Məsələn, uşağınıza şərt qoyun ki, dərslərini etsə, onu gəzməyə aparacaqsınız. Bu, istər-istəməz onda maraq yaradacaq”.

 

 

Günel Azadə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir