Valideynlər, diqqət! Uşaqları düzgün böyütmək üçün 6 qayda

Baxış sayı: 577

Hər bir uşaq müəyyən zaman müddətində tərbiyə edilir və bu müddətdə edilən səhvlərin qarşıdakı illərdə düzəldilməsi çətin ola bilər. Uşağın tərbiyəsində, xüsusən ilk illərdə çox sadə səhvlər belə, ömrü boyu fərdin həyatına mənfi təsir edə bilər. Uşaqların təhsil və tərbiyəsi dövründə tez-tez edilən səhvləri “Gencaile.az” Aile.lent.az-a istinadən bu cür sıralayıb.

1. Başqa uşaqlarla müqayisə etmək. Ailələr tez-tez övladlarını başqa uşaqlarla müqayisə edirlər. Belə vəziyyət uşağınızı bədbin edir, özünü dəyərsiz və önəmsiz hiss etdirir, güvən hissinə zərər verər, uşağın qayğı və stresini artırır. Uşağın müqayisə edildiyi uşaqla rəqabət aparması çox zaman mümkün deyil. Belə olduqda da rəqabətə başlamadan onu buraxır və “mən bunun öhdəsindən gələ bilmərəm” fikrini beyninə yeridir.

2. Uşağın bir dediyini iki etməmək. Bəzi ailələrdə qayda-qanun, nizam-intizam yoxdur və uşağın hər dediyi yerinə yetirilir. Övlad evin şahzadəsi olur, saysız-hesabsız ərköyünlüklər edir. Məsuliyyət daşımaq ona çətin gəlir, çünki hər şey onun ayağına qədər gəlir. Uşaq hətta dost ola bilmir. Çünki paylaşmağı bacarmır. Hər bir arzusu yerinə yetirilən uşaq özünə bir həyat məqsədi təyin edə bilmir, bədbin və acgöz olur. Bundan başqa, nizam-intizam hissi olmadığı üçün qayda-qanun olduğu yerdə özünü narahat hiss edər, qayda-qanuna tabe olmaqda problem yaşayar.

3. Başqalarının yanında tənqid edilmək və danlanmaq. Yetişkin bir adam kimi düşünün – əgər həyat yoldaşınız sizinlə bağlı xoş olmayan şeyləri insanlar arasında yüksək səslə dilə gətirsə, hansı hissləri keçirirsiniz? Bax, bu cür hərəkət etdiyiniz zaman övladınız da həmin hissləri keçirir. Övladınızı mütəmadi olaraq tənbeh və tənqid etməkdən, səhvlərini, qüsurlarını axtarmaqdan və bunu tez-tez dilə gətirməkdən əl çəkin. Uşaqlarınızın səhv etməyindən qorxmayın, ona məsləhət verin. Sanki onun xətalarını görmürsünüz, düzgün hərəkət etdikdə isə bunu ona deyin.

4. Söz verib əməl etməmək. Uşaq davranışlarında ana və atasını nümunə kimi görür. Valideynlər övladlarına kiçik yalanlar danışmağı qəbahət görmürlər. Bəzən söz verib yerinə yetirmirlər. Həmin vaxt isə uşaq bunu öyrənir: hər verilən söz yerinə yetirilməyə bilər. Ona görə mənim də ana-atama və başqa insanlara verdiyim sözü yerinə yetirməyimə ehtiyac yoxdur. Uşaqlarınıza necə davranmaq lazım olduğunu söyləyin, lakin siz bunu əməlinizdə tətbiq etmirsinizsə, heç bir faydası olmayacaq.

5. Suallarına cavab verməmək. Əlinizdə xəritə olmadan tanımadığınız şəhərə getdiyinizi düşünün. Sözsüz ki, o şəhərdə hər yeri gəzmək istəyirsiniz. Bax, uşaqların vəziyyəti də bu cürdür. Onların kəşf edəcəkləri böyük bir dünya var. Bu müddətdə valideynlərin vəzifəsi onlara yaxşı bir bələdçi olmaqdır.

6. Ona xüsusi vaxt ayırın. Müasir dövrdə qadınların böyük əksəriyyəti işləyir. Ailədə hər iki valideynin işləməsi vaxt çatışmazlığına səbəb olur. Qaçhaqaçda olan valideynlər uşaqlardan yalnız “dərslərini etdin? Dişlərini fırçaladın? Tez yat, səhər tez oyanmalısan” kimi tapşırıqlar verir və bununla da övladları ilə maraqlandıqlarını düşünürlər. Lakin uşağın ən çox ehtiyacı olan şey gün ərzində ona vaxt ayırmaqdır. Söhbət etmək, hisslərini paylaşmaq, gün ərzində nə etdikləri ilə maraqlanmaq, oyun oynamaq, birlikdə nəsə hazırlayıb yemək, rəsm çəkmək və s. onlarla birlikdə olmağınız üçün ən yaxşı vasitələrdir. Övladınızla birlikdə keçirdiyiniz vaxt onun özünə güvənini artırır. Çünki vaxt ayırmaqla ona dəyər verdiyinizi bildirirsiniz. Bundan başqa, övladınıza ayıracağınız vaxt onun xoşbəxt olmasına şərait yaradacaq və psixoloji inkişafına müsbət təsir edəcək.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir