Nermine  Abbasova

“Xəstəlik irəlilədikcə, oynaqlarda hərəkət məhdudiyyəti yaranır” – TERAPEVTLƏ MÜSAHİBƏ

Baxış sayı: 2. 865

Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Əzələ, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova “Gencaile.az”-a müsahibəsində çiyin ağrılarından, onun səbəblərindən, müalicəsindən danışdı.

 

– Nərminə xanım, çiyin ağrıları nədir?

– Bel, boyun və diz ağrılarından sonra ən çox rast gəlinən oynaq ağrıları arasında çiyin yer alır. Sıxışma, fibromialgiya, duzlaşma, sinir zədələnmələri, infeksiyalar, boyun yırtığı, metobolik və daxili orqanların xəstəlikləri kimi müxtəlif səbəbləri olan çiyin ağrıları zamanı düzgün diaqnoz qoyulması çox böyük əhəmiyyət daşıyır.

Bazu oynağı orqanizmin ən hərəkətli və bir çox istiqamətə hərəkət imkanları olan oynaqlardan biridir. Çiyin ağrısı ortopediyada bel və diz oynağı ağrısından sonra ən çox rast gələn ağrı şikayətlərindəndir. Çiyin qurşağı ağrıları istirahət vaxtı, müəyyən hərəkətlərlərdə, ya da daimi ola bilər.

 

Bəzən görürsən ki, xəstə çiyinlərinin səbəbsiz yerə ağrımasından şikayətlənir. Doğrudanmı, çiyində səbəbsiz ağrılar ola bilər? Ümumiyyətlə, çiyin ağrılarının səbəbləri nələrdir?

– Çiyin ağrısı oynağı əhatə edən yumuşaq toxumalardan, bazu oynağından və onu əmələ gətirən sümüklərdə və boyundan gələn sinirlərdən yarana bilər. Çiyin nahiyyəsi boyunda və ya daxili orqanlarda yaranmış müxtəlif problemlərdən də ağrıyır. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına yaxın orqanlar olduğu üçün onlardakı ağrılar təsir edə bilir. Eyni zamanda, boyunda fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilir.

Nermine Abbasova

– Çiyin ağrısının simptomları necə olur?

– Ağrıyan qolu yuxarı qaldırdıqda sanki xəncər sancılmış kimi ağrı yaranarsa, yük qaldırarkən çətinlik, saç darayarkən çiyində yanma hissinin olması, gecələr yer dəyişdirərkən ağrı ilə oyanma halları çiyin əzələ yırtığı əlaməti ola bilər.

Çiyin oynağı kapsulunun donması nəticəsində çiyin hərəkətliliyində məhdudluq əmələ gəlir, geyinmə, soyunma kimi hərəkətlərdə xəstədə çətinlik yaranır. Əlini kürəyinə çatdıra bilmir. Çiyin ətrafı əzələ və sinirlərin zədələnmələri ilə əlaqəli də çiyin ağrılarına rast gəlmək olur və çiyində gücsüzlük, zəiflik daha çox ön planda olur. Bəzən daxili orqanların xəstəlikləri də çiyin ağrılarına səbəb ola bilir. Öd kisəsi, ağciyər, süd vəzisi xəstəlikləri də yansıyan ağrı şəklində çiyin ağrısına səbəb olur.

 

– Oxucularımız üçün aydın olsun deyə gəlin sadalayaq, hansı xəstəliklər çiyin ağrıları ilə müşayət olunur?

– Boyun yırtıqları, Rotator cuff yırtığı, Tendinit və bursitlər

Oynaq kirəcləşməsi, travma nəticəsində vətər, bağların zədələnməsi, əzələ yırtıqları, çiyin tendonları, vətərləri ilə əlaqəli sıxışma sindromu adlanan xəstəlik, donmuş çiyin, vətərlərdə kirəcləşmə ilə yaranan kalsifik tendinitlər, çiyin boşalmaları və ya çiyin yarı çıxıqları, miofassiyal ağrı sindromu- çiyin ətrafı əzələlərə bağlı ağrılar, çiyin ətrafı əzələ-sinir zədələnmələri.

 

– Nərminə xanım, gəlin boyun yırtıqlarından danışaq…

– Boyunda yeddi fəqərə, hər fəqərələr arasında fəqərəarası disk yerləşir. Bu disk amortizator rolu oynayır və boynumuzun fırlanmasını və bükülməsini təmin edir. Bu disk toxumasının yırtılaraq onurğa kanalına doğru yerdəyişməsinə və nəticədə onurğa beyni və sinirlərə təzyiq etməsinə “Boyun disk yırtığı” xəstəliyi deyilir. Başlanğıcda yüngül ağrılar ilə başlayır, boyun tutulması olur, işləmək çətinləşir, hər hansı yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur. Yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır. Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə və qollarda gücün zəifliyə və keyləşməyə səbəb olur. Əlindən tez-tez əşyaların düşməsinə səbəb olur. Hər hansı bir kəskin hərəkət və ya ağır yük qaldırmadan baş verən ağrıların səbəbi boyun disk yırtığı ola bilər. Boyun yırtığı zamanı olan ağrılar başı sağa-sola çevirməni, arxaya əyməni çətinləşdirir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur. Bundan başqa ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanma ola bilər.

Nermine Abbasova

– Həkim, bayaq sadaladıqlarınızın arasında diqqətimi donmuş çiyin xəstəliyi çəkdi.

– Donmuş çiyin sindromu çiyin oynağı kapsulunun və oynaq mayesi ifraz edən zarın diffuz pozğunluğu və iltihabı nəticəsində oynaq nahiyyəsində baş verən ağrı, hərəkət məhdudiyyəti ilə özünü büruzə verən sindromdur. Bu sindrom Glenohumeral oynağın ağrı ilə birlikdə aktiv və passiv hərəkətlərinin bütün istiqamətlərdə qısalmasıdır. “Donmuş” çiynin yaranma səbəbi – yapışan kapsulitdir. Oynaq kapsulunun həcminin azaldığı və liflərin yapışması ilə müşayiət edilən kapsul zədələnməsidir. Hərəkət zamanı zədələnmiş kapsul dartılır, travma alır, çiynin hərəkət aktivliyi isə bloklanır. Bloklanmış çiyin oynağının uzun müddət ərzində hərəkətsiz qalması yumşaq toxumalarda yapışıqlıq meydana gəlməsinə, oynaq kapsulasının çəkilib buruşmasına yol açır. Kapsulit sərbəst şəkildə və ya müxtəlif digər xəstəlik fonunda inkişaf edə bilər. Xəstəlik əvvəllər keçirilmiş travma, əzələ yırtıqları, uyğunsuz hərəkətlər, əməliyyat sonrası səbəblərdən ortaya çıxır. Digər xəstəlik fonunda inkişaf edən kapsulit – ikincili kapsulit adlanır. Xroniki obstruktiv ağciyər xəstəliyi, ürək-damar sistemi xəstəlikləri, səkərli diabet, vərəm, Parkinson xəstəliyi, tiriodizm kimi bir sıra sistemik xəstəliklər “Donmuş çiyin” sindromunun inkişafına yol aça bilər ki, bunlar ikincili kapsulit adlanır.

“Donmuş” çiyin sindromu şiddətli ağrı və çiyin oynağının məhdud hərəkəti ilə özünü göstərir. Ən kiçik bir hərəkətdə çiyin və qolda ani sancı şəklində ağrı yaranır. Əvvəl müəyyən hərəkət həcmi qorunur, lakin, zaman keçdikcə, tam bloklanır, əl demək olar ki, iş qabiliyyətini itirir. Xəstəlik müalicə olunmazsa, zədələnmiş tərəfdən əzələlərin atrofiyası başlayır.

 

– Bəs Fibromialgiya nədən xəbər verir və özünü necə büruzə edir?

– Həyat keyfiyyətini ciddi dərəcədə pozan fibromialgiya -tükənmişlik sindromu, xroniki ağrı sindromu və ya xroniki yorğunluq sindromu kimi təyin oluna bilər. Əzələ ağrıları, baş ağrısı, yorğunluq, əldən düşmüşlük, halsızlıq, yuxu nizamsızlıqları və bəzən də spastik kolit dediyimiz tualetə çıxma problemlərinin yoldaşlıq etdiyi xroniki bir xəstəlikdir. Fibromialgiya xüsusilə kürək, boyun, çiyin və bud-çanaqda diqqətə çarpan olmaq üzrə ağrının olduğu bir əzələ skelet sistemi xəstəliyidir. Xüsusilə bədənin müəyyən nöqtələrində həddindən artıq həssaslıqla özünü göstərir. Xəstə ağrının bir yerdən başlayıb bütün bədəninə yayıldığını ifadə edər. Ağrı yanıcı, sızlayıcı olaraq təsvir edilir. Yanaşı olaraq yuxusuzluq və yuxusuzluqdan irəli gələn əsəbilik, tez özündən çıxma xəstələrin həyatına çox pis təsir edir. Fibromialgiya, gecələri kifayət qədər yatmanıza baxmayaraq səhər qalxdığınız zaman özünüzü heç yatmamış kimi hiss etdirən yumşaq toxuma revmatizmasıdır.

 

– Nərminə xanım, istərdim xalq arasında kirəcləşmə adı ilə tanınan Artroz haqqında da oxucularımızı məlumatlandırasınız.

– Artroz – sizin də qeyd etdiyiniz kimi, xalq arasında kirəcləşmə adı ilə tanınan, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın incəlməsi, aşınması və zədələnməsi ilə tez tez müşahidə olunan xəstəlikdir. Artroz, müxtəlif xarici mühit amillərin təsiri nəticəsində oynaq qığırdağı və altındakı sümük toxumasının bütövlüyünün pozulması və klinik müayinə nəticəsində aşkar edilməsi ilə müşahidə olunan bir xəstəlikdir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamən nazilib aradan qalxması və sümük başlarının bir-birinə təmas etməyə başlaması ortaya çıxır. İnkişaf edən qığırdaq zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.

Osteoartritli xəstələri narahat edən əsas şikayət oynaq ağrısıdır. Ağrının şiddəti xəstədən xəstəyə fərqlənir. Ağrı zamanla şiddətli şəkil ala bilər və bu, ən çox hərəkət zamanı arta bilir. Oynaqda ağrı hava dəyişikliyi və soyuq tətbiqi zamanı narahatlıq hissı ilə ortaya çıxır. Xüsusilə oynağı hərəkət etdirdikdə oynaqda şişkinlik və oynaq sərtliyi meydana çıxır. Xəstəni müayinə edərkən oynaqda şişkinlik, qığırdaq səthlərində ağrı, oynaqda hərəkətin məhdudluğu nəzərə çarpır. Xəstəlik irəlilədikcə, oynaqlarda hərəkət məhdudiyyəti yaranır.

Nermine Abbasova

– Həkim, çiyin ağrısının müalicəsi necə aparılır?

– Çiyin qurşağı ağrısının müalicəsi tamamilə səbəbə bağlı olub, qoyulan diaqnoza görə icra olunur. Çiyin ağrısında ən çox istifadə olunan müalicə növləri bu cür sıralana bilər:

Sakitlik və iltihab əleyhinə preparatların istifadəsi, gərilmə və gücləndirmə hərəkətləri, fizioterapiya və reabilitasiya, ağrılı nöqtəyə ya da nahiyyəyə tətbiq olunan lokal inyeksiyalar, çiyin Artroskopiyası, açıq cərrahi əməliyyatlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir