Xallar

Xalların götürülməsi xərçəngə səbəb ola bilər – DERMATOLOQ YANAŞMASI

Baxış sayı: 2. 082

Hansı xallar təhlükəlidir? Xalları lazer, yoxsa cərrahiyyə üsulu ilə götürmək olar? Yəqin ki, bu suallar heç də az adamı maraqlandırmır. Məsələyə münasibət bildirən dermatoloq Şikar Hüseynov deyir ki, xal tibbi adı ilə nevus adlanır. Nevuslar melanositik və non-melanositik (qeyri-melanositik) olmaqla iki yerə bölünür. Melanositik nevuslar dərimizə rəng verən melanosit adlanan hüceyrələrdən yaranır. Melanositik nevuslar sağlamlıq baxımından adətən qorxulu deyil. Lakin uzunmüddətli günəş radiasiyası, təkrarlanan günəş yanıqları və travmalar (xallarının kəsilməsi, zədələnməsi) melanositik xallar üçün xərçəng təhlükəsi törədir.

Dermatoloq qeyd edir ki, ən təhlükəli xərçəng növlərindən olan melanoma məhz melanositlərin tipikləşməsi, nəzarətsiz artıb çoxalması nəticəsində yaranır. Buna görə də, melanositik nevuslar daha diqqətli olmağı tələb edir. Melanositik olmayan xallarda isə bu təhlükə riski yoxdur.

 

Xalların təhlükəli olduğunu necə ayırd edə bilərik?

“Xalların müayinəsində ən müasir metod – dermaskopiyadır (dermatoskopiya). Bu diaqnostika metodu, dermatoloq tərəfindən həyata keçirilir. Dermaskopiya xalların melanositik və ya non-melanositik olduğu, təhlükəli olub-olmadığı haqda məlumat verir”.

Həkim əlavə edir ki, xalların izlənməsində A, B, C, D, E kriteriyaları vardır ki, bununla hər kəs öz xalının təhlükəli olub-olmadığı haqda informasiya ala bilər.

A – Asimetriya: xalı xəyali olaraq üfüqi və ya şaquli xətlə iki yerə bölmək lazımdır. Əgər xalın yuxarı və aşağı hissələri və ya sağ və sol hissələri bir-biri ilə eynidirsə, bu asimetrinin olmadığını göstərir, yəni, qorxulu deyil. Əgər eyni deyilsə, bu yaxşı əlamət sayılır.

B – Border (Kənar, sərhəd): Əgər xalın kənarları girintili-çıxıntılıdırsa, bu da heç yaxşı hal deyil.

C – Color (Rəng): Əgər xalın üzərində homogen bir rəng varsa, yaxşı əlamətdir. Əgər bir neçə rəng varsa, bu qorxuludur.

D – Diametr: xalın diametri 6 mm-dən böyükdürsə, təhlükəli hesab olunur.

E – Evolution (İnkişaf, dəyişmə): xalda böyümə, qabarma, qabıqlanma, qanama, qaşınma, qızartının olması qorxuludur.

Əgər siz xallarda bu əlamətlər müşahidə olunsa, dərhal həkimə müraciət edilməlidir.

Xalların götürülməsinə gəldikdə isə Şikar Hüseynov qeyd edir ki, melanositik xalları yalnız cərahi üsulla tam şəkildə götürmək və patohistoloji müayinəyə göndərmək lazımdır. Bu xalların lazerlə götürülməsi çox təhlükəlidir. Çünki lazer xalın sadəcə üst görünən hissəsini götürür, xalın dərində olan hissələrini götürmür. Tam tərsinə, lazerlə xala travma verilir ki, bu, gələcəkdə xalın maliqnizasiyasına (xərçəngləşməsinə) səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir