Xaricdə yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri də yeməkdir. Xüsusilə də bayram günlərində evdə bişirilən yemək üçün darıxmayan az insan tapmaq olar. Hətta, həmin ölkədə uzun müddət qaldıqdan və bütün adət-ənənələrini mənimsədikdən sonra da, milli yemək üçün darıxmamaq mümkün deyil.
Xaricdə olarkən ən çox arzulanan 10 milli yemək və şirniyyatı təqdim edirik:
Dolma
Dolmanı Qafqazın ən məşhur və təkrarsız yeməyi hesab etmək olar. Ən gözəl bayram süfrələrini də bəzəyən bu yemək üçün darıxanların sayı-hesabı yoxdur. Türkiyədə hazırlanan dolma da bizim milli dolmanın yerini vermir. Heç cürə bu ləzzəti ala bilmirsən.
Xəngəl
Xəngəl soyuq ayların ən sevilən yeməyidir. Xaricdə yaşayan azərbaycanlı bu mövzuda bir xeyli əziyyət çəkir, xüsusilə əgər soyuq ölkələrdə yaşayırsa. Məsələn, Avropanın soyuq ölkəsində yaşayırsan və birdən ürəyinə xəngəl düşdü?! Neyləyəsən axı?
Xaş ləzzəti
Əgər bir xarici vətəndaş bu yeməyi ona təsvir etməyinizi istəsə, bir xeyli əziyyət çəkə bilərsiniz. Necə deyərlər, izahedilməzdir, gərək dadına baxasan. Səhər tezdən, hələ gün çıxmamışdan badımcan turşusu, sarımsaq, suxari və təbii ki, keyfiyyətli bir araqla yeyilir. Buna bir növ əyləncəli qış ritualı olaraq da baxmaq olar.
Plov və qazmağı
İran və Azərbaycanda plov süfrənin şahı hesab olunur. Elə bu səbəbdən də, toylarda sona doğru xüsusi təmtəraqla süfrələrə gətirilir. Həm görünüşü, həm də üzərində olan fərqli qarnirlərlə əvəzedilməz bir dada sahibdir. Xaricdə müxtəlif türk və ya fars restoranlarında plov dadmaq mümkün olsa da, bu da dolma kimi bizim milli yeməyin dadına çatmır.
Dovğa
Adətən yeməyin yanında içki və ya yemək öncəsi soyuq şorba kimi içilsə də, bunu isti-isti içinə çörək doğrayaraq, bir baş soğanla yeməyin ayrı ləzzəti var.
Düşbərə
İsti sulu yeməyin ləzzətini başqa nə əvəz edə bilər ki? Xüsusilə də qış aylarında düşbərə üçün çəkilən həsrətin dərəcəsi ən yüksəyə qalxır.
Piti təmtərağı
Öz mətbəxi ilə məşhur olan Şəkinin ən sevilən yeməyidir. Ancaq piti öz fərqli dadına görə sadəcə Şimal bölgəsində qalmayıb və bütün Azərbaycana yayılıb. Xaricdə yaşayanların dadını ən çox axtardığı yeməklərdən biridir. Lakin bu dadı başqa heç nədə tapmaq mümkün deyil.
Şəkərbura-Paxlava
Novruz bayramının rituallarından biri də şirniyyatlarıdır. Xaricdə yaşayanların “Kaş evdə olardım,” dediyi bəlkə də yeganə bayramdır. Hər şirniyyatın öz spesifik dadı var və süfrədə onları görmək bayram əhval-ruhiyyəsi yaranması üçün kifayətdir. Xaricdə yaşayanlara bu şirniyyatları hazırlayıb göndərsəniz, sizə olan minnətdarlıqlarının həddi-hüdudu olmayacaq.
Təndir çörəyi
İsti təndir çörəyi ilə yağ və pendirin yerini çox az şey verə bilər. Digər yeməklərlə yemək üçün də təndir çörəyi çox sevilir.
Kabab
Dünyanın fərqli ölkələrində, fərqli formada hazırlanan kabablar var. Ancaq gəlin qəbul edək ki, Bakıda yediyiniz kababın dadını heç yerdə tapa bilmirik.