Əbu-Dabi – səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi, mədəni və turizm mərkəzidir. İnsan əli ilə materiklə birləşən çoxlu adaları dünyanın hər yerindən turistləri cəlb edir. Uca göydələnləri, yamyaşıl bağları, məscidləri, fəvvarələri, gecələr bərq vuran işıqlarının yaratdığı heyrətamiz gözəlliyi, zənginliyi və unikal memarlığına görə bir neçə qeyri-rəsmi adı da var: “Bağ şəhəri”, “Əsl şərq nağılı”, “Yaxın Şərqin Manhetteni” və hətta “qızardılmış Manhetten”. Amma paytaxt şəhərin əfsanələrdən gələn bir adı da var: “Ceyran ölkəsi”. Bu adla bağlı rəvayəti şəhərdə yerlilərin dilindən eşitdik: “Əbu-Dabi “Ceyran ölkəsi” kimi tərcümə olunan qeyri-rəsmi adını əfsanəyə borcludur. Şəhərin yerləşdiyi yerdə əvvəllər boş bir səhra var idi.
Ceyranı qovarkən baş verən qəza ovçulara təmiz şirin su mənbəyi olan ərazini kəşf etməyə kömək edib. Sonradan orada şəhərə çevrilən bir qəsəbə meydana gəlib. 20-ci əsrin ortalarından isə aşkar edilmiş neft ehtiyatları sayəsində Əbu-Dabi dünya biznesinin, iqtisadiyyatının və turizminin əsas mərkəzlərindən birinə çevrilib”.
Təzadlar metropolu
Bu şəhərdə sürətlə inkişaf edən müasir həyat və Şərqin diqqətlə qorunub saxlanılan qədim ənənələri ahəngdar şəkildə birləşir. Müasir Əbu-Dabi parlaq göydələnlərin qədim sivilizasiyaların tarixi abidələri ilə yanaşı mövcud olduğu təzadlar metropoludur. Burada dəbdəbə ilə zərif sadəlik, müasir memarlıqla qar kimi ağ minarələrin rəngi qarışıb. Paytaxt ənənə və tərəqqinin heyranedici qarışığını nümayiş etdirir.
Bu gün Əbu-Dabi azərbaycanlıların ən çox səyahət etdiyi yerlərdən biridir. Təyyarədən möhtəşəm mənzərə – qumlu səhra arasında yaşıllığın bolluğu şəhərə qonaq gələn hər bir turisti ilk baxışdan heyran edir. Əbu-Dabi hava limanına çatdıqdan sonra süni intellektin verdiyi imkandan yararlanaraq, heç bir sərhəd-gömrük xidmətçisi ilə qarşılaşmadan tor qişanın sürətli üz tanıma və skan prosedurundan keçir və əsl şərq nağılına qərq olursunuz…
Yay aylarında gəlməyin
Əbu-Dabini ziyarət etmək üçün ən yaxşı vaxt yaz və ya payızdır. “Yay aylarında gəlməyə cəhd etsəniz, istidən küçəyə belə çıxa bilməyəcəksiniz, sizə deyim… Yayda Əbu-Dabidə küçələrdə gəzən insanları görmək demək olar ki, mümkün deyil. Çimərliklər də bomboş olur və Fars körfəzinin suyunun temperaturu ən azı çöldəki qədər yüksək olur. İstidən qaçıb şəhərdəki çoxsaylı ticarət mərkəzlərindən birinə sığınmalı olursan”, – deyə bizi hava limanından şəhərə aparan sürücü bildirir.
Şəhərdə ən çox yayılmış nəqliyyat vasitələri son dərəcə rahat və nizamlı ağ taksilərdir. Ölkə neftlə zəngin olsa da, taksi ilə daşınma “su qiyməti”nə deyil. Məsələn, hava limanından yaxın hotelə 40 AED (18-20 AZN) ödədik. Şəhərin ictimai nəqliyyat sistemi mükəmməl qurulub. Hava limanında pulsuz əldə edilən avtobus kartını yüklədikdən sonra şəhəri rahat gəzmək fürsəti yaranır.
Taksi sürücüləri əsasən pakistanlılardır. Ümumiyyətlə, şəhərin küçələrində və hotel və restoranlarda təmizlik, sərnişin daşıma işlərini və s. həyata keçirən hindistanlılar, pakistanlılar və Afrika ölkələrindən gələn miqrantlardır. BƏƏ onlara bu qəbil iş imkanları təklif edir. Ənənəvi geyimli ərəb kişilərini əsasən böyük “mall”arda dükanların sahibi kimi görmək olur. Qadınların əsas əyləncəsi isə dəbli dükanlarda vaxt keçirməkdir.
Dünyanın 6 böyük məscidindən biri
Əbu-Dabidə ailə ilə ziyarət etməli çoxlu attraksionlar, muzeylər, parklar və çimərliklər var. Səyahət agentliklərinin turistlərə təklif etdiyi geniş çeşidli ekskursiyalar və marşrutlara səhra safariləri, qum təpələri arasında şam yeməyi, Fars körfəzi sularında kruizlər daxildir. Korniş Parkı, Ağ Qala, Prezident sarayı, Bədəvi həyatı haqqında ipucları verən Heritage Village və Qadın Əl İşləri Mərkəzini ziyarət edərkən ərəb mədəniyyətinin qorunduğunu müşahidə edirsən.
Şəhərdə mütləq görməli yerlərdən biri olan Şeyx Zayed məscidi də müasir memarlığın əsas nümunəsidir. BƏƏ-nin qurucusunun adını daşıyan məscid 40000 nəfəri qəbul edə biləcək qədər böyükdür. Dünyanın 6 ən böyük məscidindən biridir. Dəbdəbəli interyerlər öz əzəməti ilə ziyarətçini heyran edir. Məscidin salonlarından birinə 5 min kvadratmetrdən çox sahəni əhatə edən dünyanın ən böyük əl işi xalçası döşənib. Bu xalçanın 2 il ərzində 1200 qadın tərəfindən toxunduğunu öyrənirəm. Şeyx Zayed Əbu-Dabidə yeganə məsciddir ki, bütün dindən olan insanların üzünə açıqdır. Məscidə ziyarətə gedərkən turistlərin əvvəlcədən bilməli olduğu əsas qayda geyimlə bağlıdır: ekskursiyada şort və ya mini paltar geyinmək qadağandır. Cümə səhərləri istisna olmaqla, məscid hər gün turistlərin üzünə açıqdır.
Dəniz, ədviyyatlar və bahalı ətir iyi…
Söz yox ki, turistləri həmçinin BƏƏ-yə alış-veriş etmək imkanı cəlb edir. Əbu-Dabidə çoxlu şərq bazarları və butikləri var. Paytaxtda tekstil mağazaları məşhurdur, Hindistan yarımadasından və Cənub-Şərqi Asiyadan parçalar, dəbli və ucuz paltarlar satılır. Alış-veriş mərkəzlərində və butiklərdə bazarlıq etmək turistlərin cibinə uyğun deyil. Marketlərdə alış-veriş etmək nisbətən uyğun sayılır. Turistlər buradan əsasən xurma, ədviyyatlar, quru meyvələr və ekzotik suvenirlər alırlar. Yeri gəlmişkən, Birləşmiş Ərəb Əmirliklərində dəvə südü hələ də məşhurdur. Onu şəhərin supermarketlərindən almaq olur. Burada istənilən məşhur ətri tapmaq olur. Bundan əlavə, alıcının istəyi ilə yeni nəfis ətir yarana bilər – o, parfümeriya sexində istehsal olunacaq. Əbu-Dabidə isti, rütubətli havadan belə dəniz, ədviyyatlar və bahalı ətir iyi gəlir…
Təranə Məhərrəmova
Əbu-Dabi-Bakı