yuxu

Yuxudan doymamaq xəstəlikdirmi?

Baxış sayı: 1. 379

Artıq payızın ilk günlərini yaşayırıq. Sərin payız havası yuxu gətirir. Yuxululuq günəş şüalarının az düşməsi, xroniki yorğunluqla bağlı olsa da, bir sıra xəstəliklərin əlaməti kimi də özünü bürüzə verir.

İnsanın daim yuxulu olmasına az və ya narahat yatması, müəyyən dərman vasitələrini, alkoqollu içkiləri və stimulyantları qəbul etmək də təsir edir. Alimlərin hesablamalarına görə, ideal halda yeni doğulanlar hər gün 14 saatdan 17 saatadək, körpələr (1-2 yaş) 11-14 saat arası, məktəbəqədər uşaqlar 10-13 saat, məktəblilər (6-13 yaş) 9-11 saat arası, yeniyetmələr, gənclər və orta yaşlı insanlar 8-10 saat arası, yaşlılar gündə 7-8 saat yatmalıdır.

Yuxululuğa meyllilik şəkərli diabet, apnoe, narkolepsiya, xərçəng, ürək xəstəlikləri zamanı özünü göstərir.

Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.

Narkolepsiya üçün üç əlamət: yuxu tutmaları, katoplektik tutmalar katapleksiya, gecə yuxusunun pozulması xarakterikdir. Narkolepsiya zamanı insanın gecə doyunca yatmasına baxmayaraq, gündüzlər əlavə yuxululuq müşahidə olunur. Narkolepsiya haqqında insanlar az məlumatlı olduğu üçün bu xəstəliyə tutulduqda belə həkimə getməyi gecikdirirlər. Bir çox xəstələr uzun illər, bəzən də ömür boyu aşırı yuxululuğu normal qəbul edir və bunun xəstəlik olduğundan şübhələnmirlər. Belə insanlar sükan arxasında, iş yerində, nəqliyyatda yol gedərkən yatıb qalmağı adi hal kimi qarşılayır.

Yuxululuq xroniki yorğunluğun da əlamətidir. Çox vaxt xroniki yorğunluq narkolepsiya ilə qarışdırılır. Amma narkolepsiya zamanı xəstə birdən-birə yatmaq istəyir və yuxululuğu aradan qaldıra bilmir. Qısa vaxt ərzində olsa belə yatdıqdan sonra özünü istirahət etmiş hiss edir.

Şəkərli diabet xəstəliyi də yuxululuğun səbəbi ola bilər. Şəkərli diabet zamanı insulin defisiti yarandığı üçün qlükoza hüceyrələrə keçə bilmir, bu səbəbdən də orqanizm lazım olan enerjini almır və daim yatmaq istəyir.

Gün ərzində müşayət olunan yuxululuq apnoe (yuxuda nəfəsin kəsilməsi) xəstəliyinin əlaməti ola bilər. Apnoe tutması-yuxuda olan zaman insanın nəfəsinin dayanması səbəbindən baş verən ciddi pozuntudur. Apnoe xəstəliyindən əziyyət çəkənlərdə çox vaxt hipertoniya xəstəliyi müşahidə olunur. Bundan başqa, onlarda infarkt və insultunn inkişaf riski də yüksəkdir.

Anemiya – qanazlığı zamanı da insan yuxululuqdan əziyyət çəkir. Anemiya zamanı qanda hemoqlabin az olduqda halsızlıq, yorğunluq başlayır. Dəri rənginin ağarması, saralması, soyuq əllər və ayaqlar, başgicəllənmə, təngnəfəslik, baş ağrıları anemiyanın əlamətləridir.

Bütün bu hallar və xəstəliklər insanın normal yatmasına mane olur və nəticədə o, gündüzlər özünü yuxulu hiss edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir