zeli

Zəlinin süni şəkildə çoxaldılmasının nə kimi əhəmiyyəti var?

Baxış sayı: 155

Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılması üçün danışıqlara başlanılıb. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib. E.Yusifovun sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasında zəlilərin Zoologiya İnstitutu tərəfindən yetişdirilməsi, onun daha sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə tutulur. Zəlilərin, institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır.

E.Yusifov qeyd edir ki, Azərbaycanda ilk dəfə olaraq, Zoologiya İnstitutu tərəfindən zəlilər süni şəraitdə çoxaldılıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir Təcrübə Dayaq Məntəqəsinə təhvil verilir.

Zəlilərin çox yüksək artım qabiliyyətinin olduğunu söyləyən institut direktoru əlavə edib ki, 1 zəli bir il ərzində 1-2 barama verir, hər baramadansa 12-13 bala çıxır: “Min zəli bir ilin sonunda təxminən 15 min, ikinci ilin sonunda 350 min, üçüncü ilin sonunda isə 5 milyon zəli olur. Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2 manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır”.

Zəlilərin getdikcə tükəndiyini nəzərə çatdıran E.Yusifovun sözlərinə görə, süni şəraitdə çoxaldılması, onların təbiətdən ovlanmasına olan ehtiyacı aradan qaldırır. Zəlilərin süni şəraitdə çoxaldılması təcrübəsinin genişlənməsi ölkəmizin gəlir mənbəyini də artırar: “Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Hazırda respublikada satılan və xaricə ixrac edilən zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəliləri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar. Zəliləri süni surətdə çoxaltdıqda, onu istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil”.

İnsanlar qədim vaxtlardan başlayaraq zəlinin köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirlər. Hətta, bu günümüzdə də bu müalicə üsulundan uğurla və geniş şəkildə istifadə olunur. Qara, sürüşkən, qurdabənzər və qanla qidalanan zəlilərdən çox vaxt iyrənirik. Halbuki bu “təbiət həkimləri” bəzən insanların elə orqanlarını sağaldırlar ki, həkimlərin özü belə bunu bacarmır. Xoşagəlməz təsir bağışlasa da, müasir dövrdə zəli insanların bir çox dərdinin dərmanına çevrilib.

Məlumat üçün qeyd edək ki, zəli 1984-cü ildən «Qırmızı kitab»a daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var ki, bunun ancaq üçü (şərq zəlisi, aptek zəlisi, tibb zəlisi) tibdə istifadə edilir. Bütün dünyada zəlinin ən yaxşı növlərindən biri – şərq zəlisi Azərbaycandadır. Zəlinin insan və başqa canlılar üçün təhlükəli növləri də vardır.

Zəli ilə müalicə hirudoterapiya adlanır. Zəlinin köməyi ilə ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemində olan müxtəlif xəstəlikləri müalicə etmək mümkündür. Hirudoterapiya ilə məşğul olan Unar Abbasov bildirir ki, zəli ilə müalicə üsulu laxtalanma problemi olanlarda, revmotoloji və nevroloji xəstəliklərin müalicəsində daha yaxşı effekti verir: “Zəli bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər zamanı zəli ilə müalicə çox yaxşı nəticələr verir. Hipertoniya xəstəliyinin müalicəsində də bu müalicə üsulundan uğurla istifadə olunur. Həmçinin bir çox dəri xəstəliklərinin müalicəsində zəli ən təsirli tibbi vasitədir. Zəli ilə müalicə bəzi xəstəliklər zamanı hətta ənənəvi təbabətdən yaxşı nəticələr verir. Bədəndə toksinlərin yığılması ilə bağlı yaranan xəstəliklərin müalicəsində istənilən effekti almaq mümkündür. Amma bəzi genetik, onkoloji xəstəliklərdə istənilən nəticə bir az gec əldə olunur. Hətta elə xəstəliklər var ki, müalicə üsulunun nəticəsi olmur. Ona görə də, bu məqamda xəstəliyin diaqnozuna xüsusi önəm vermək lazımdır. Bu müalicə üsulundan istifadə, qoyulan diaqnozdan asılıdır. Düzgün diaqnoz nəticəsində zəli ilə müalicə üsulu çox yaxşı effekt verir.”

Həmsöhbətimiz deyir ki, zəli ilə müalicəni yalnız bu sahəni bilən, təcrübəli adam etməlidir: “İlk növbədə hirudoterapiya yalnız həkim tərəfindən təyin olunmalıdır. Çünki bəzi xəstəliklər zamanı zəli ilə müalicənin əks təsirləri ola bilər. Burada söhbət bəzi hemofiliya, ağır anemiyalar, həmçinin allergik və onkoloji xəstəliklərindən gedir. Hipotoniyadan (qan təzyiqin daim normadan aşağı olması) əziyyət çəkən insanlar üçün da bu müalicə üsulu uyğun gəlmir. Hirudoterapiya seansını lazım olan səviyyədə yalnız bu işdə təcrübəsi olan həkim keçirə bilər. Heç bir halda “ara həkimləri”nə müraciət etmək düzgün deyil. Yalnız təcrübəli həkim insan bədənində olan xüsusi nöqtələri tanıyır ki, zəlinin məhz bu nöqtələrdə yerləşməsi müalicəvi effekt verə bilər. Müxtəlif xəstəliklər zamanı bu nöqtələr də müxtəlif olur”.

Zəlilərin süni şəkildə çoxaldılmasının faydasından danışan U.Abbasov qeyd etdi ki, bu addım ilk olaraq infeksion xəstəliklərin yayılmasının qarşısını alacaq: “Normal olaraq, zəlilər təbiətdən götürülərək istifadə olunur. Bu isə onların sayının azalmasına təsir edir. Amma süni şəkildə çoxaltma faydalı olacaq. Belə ki, bu ilk olaraq hepatit kimi infeksion xəstəliklərin yayılmasının qarşısını almaq baxımından əhəmiyyətlidir. Say az olanda, bir zəli bir neçə dəfə istifadə olunur. Düşünün, bir adamın qanındakı zərərli maddələri soran zəlini, bir müddət sonra başqasının bədəninə qoyurlar. Burada təbii ki, xəstəliklərin müalicəsindən daha çox infeksiyaların yayılması halı baş verə bilər. Ona görə, düşünürəm ki, süni çoxaltma üsulundan mütləq şəkildə istifadə olunmalıdır. Çoxaltma zamanı isə daha sağlam və qansoruculuq qabiliyyəti yüksək olan zəliləri çoxaltmaq lazımdır. Zəlilərin süni yolla çoxaldılması üsulundan beynəlxalq təcrübədə də istifadə edilir. Məncə, ölkəmizdə də bundan istifadəni əhəmiyyətli addım kimi qiymətləndirmək olar”.

Maraqlıdır, bəs zəlilinin süni yolla çoxaldılıb satılması, xüsusilə ixracı iqtisadi baxımdan bizə nə qazandıracaq? İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov qeyd etdi ki, qiyməti 50 qəpikdən 2 manata qədər olan zəlinin xaricdə 8 avroya satılması neftdən, qızıldan heç də zəif gəlir mənbəyi demək deyildir: “Ölkəmizdə elə sahələr və ilk baxışda elə ağlagəlməz gəlir mənbələri vardır ki, bunlara diqqət ayırmaqla külli məbləğdə xarici valyuta əldə edə bilərik. Ümumiyyətlə, bizlər sahibkarlıq fəaliyyətinə çox bəsit çərçivədə yanaşırıq. Azərbaycanımızın zəngin flora və faunası olduğu sirr deyil. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu və ya digər elmi-tədqiqat və AMEA-nın ayrı-ayrı istiqamətlər üzrə ixtisaslaşmış institutları ilə məsləhətləşmələr aparmaqla, əlaqə yaratmaqla birgə iş qura bilərlər. Bu yolla da böyük qazanc götürərlər. Məsələn, ilan zəhəri, zəli biznesi çox böyük qazanc gətirə bilən sahələrdir. Bizdə qiyməti 50 qəpikdən 2 manata qədər olan zəlinin xaricdə 8 avroya satılması neftdən, qızıldan heç də zəif gəlir mənbəyi demək deyildir. Bu və ya digər yerli şirkətin Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanması əslində, gecikmiş bir hadisədir. Bəli, təbiətimizdə hazır hər şey var. Lakin söhbət, onun istismar edilməsi yolu ilə gəlir əldə olunmasında getməməlidir. Bunun üçün yetişdirmə, süni yolla artırma kimi vasitələrdən istifadə olunmalıdır. Müvafiq qurumlarla biznes dairələrinin bu istiqamətdə birgə fəaliyyəti məşğulluğun da inkişafına mühüm təkan verə bilər”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir