zorakiliq

Əlinizi şillə üçün yox, tumar üçün qaldırın

Baxış sayı: 542

Zorakılıq həyatımızın hər anında qarşılaşa biləcəyimiz davranış növüdür, amma ailəmizdə qarşılaşanda bir çoxumuz haqlı olaraq qəbul edə, varlığı ilə barışa bilmirik. Çünki ailə bizim ən güvəndiyimiz, ən məhrəm hesab etdiyimiz qalamızdır. Bütün bəlalardan, təhlükələrdən ailəmizə sığınaraq qorunuruq, ən tənha hiss etdiyimiz anlarda ailəmizin varlığını xatırlayıb kimsəsiz olmadığımızı anlayırıq. Ailəmizdə baş verənləri başqalarına danışmamağımız da onu məhrəm hesab etməyimizdən qaynaqlanır. Sosial zorakılıq tez aşkarlansa da məişət zorakılığı uzun illər gizli qala, ona məruz qalan ailə üzvləri bu vəziyyətdə çox uzun müddət yaşaya bilər.

Təəssüf ki, məişətdə zorakılıq aşkar olunanda qanun təhrif olunmuş ənənəvi baxışlarla təzad təşkil edir. Məişətdə zorakılığa “özəl həyatdır”, “ər-arvad arasında belə şeylər olur”, “atadır, özü bilər”, “ərdir, arvadına istədiyi kimi davrana bilər” kimi bəhanələrlə məişət zorakılığına haqq qazandılır. Lakin araşdırmalar göstərir ki ailədə zorakılıq görən şəxsi məruz qaldığı vəziyyətdən daha çox bu cür yanaşmalar yaralayır. Buna görə də məişət zorakılığı inkar edilməməli və ciddi qəbul edilməli bir problemdir.

Məişət zorakılığı əsasən qadınlara və uşaqlara qarşı yönəldilir. Onu törədən şəxs çox vaxt kişilər olur. Məişət zorakılığının səbəblərini bioloji, psixoloji və sosial hesab etmək olar. Çox təəssüfedici haldır ki, ailədaxili zorakılığın bir növü də ailəiçi cinsi istismardır. Bu dövrümüzün ən çox narahatlıq doğuran məişət problemidir.

Məişətdə törədilən zorakılığa səbəb kimi göstərilən bioloji zorakılıq səbəblərinə ailədəki kişinin şizofreniya, paranoid şizofreniya və antisosial şəxsiyyət pozuqluğu kimi bəzi psixi pozğunluqlardan əziyyət çəkməsi daxildir. Məişət zorakılığı hallarında ən çox zorakılıq göstərən şəxsin kişi olması və bu aqressiv davranışların yaşa dolduqca azalmağa başlaması, zorakılıq tətbiqində kişi hormonlarının təsirli olduğunu göstərir. Əslində olmayan şeyləri görmək, reallıqdan uzaqlaşmaq, qısqanclıq və paranoya ilə müşahidə olunan şizofreniya zorakılığa səbəb ola bilər.

Qəzəbi idarə etmə bacarığı pozulan kişi antisosial birinə çevrilir, məsuliyyətsiz, düşüncəsiz, vicdansız, cinayətkar kimi xarakterləri yaranır. Bu xarkterlər onu ailə üzvlərinə zərər verməkdən həzz alan, zərrə qədər peşmançılıq duymadan rəftar edən birinə çevirir. Sosial həyatında tamamilə normal biri kimi tanınan, ailəsinə zorakılıq tətbiq etməyəcək biri kimi xarakterizə edilən bu insanlar müalicə olunduqda ailə üzvlərinə normal münasibətlərini bərpa edə bilirlər.

Ümumiyyətlə, ünsiyyət və dialoqun, habelə gündəlik ailədaxili müzakirələrin yetərli olmadığı, ailə fərdlərinin bir-birinə olan hörmət və inamının zədələndiyi vəziyyətlərdə zorakılıq işə düşür. Kişilər qadınlara hakim olmaq, onlar üzərində haqq sahibi olmaq, qadınları sıxışdırmaq, qarşı tərəfin çatışmazlıqlarını hər fürsətdə ona qarşı istifadə etmək, öz çatışmazlıqlarını ört-basdır etmək üçün zorakılıq etməyə başlayır. Psixo-terapevtlər zorakılıq etdiyi an insanın ən zəif olduğu an olduğunu deyir. Yəni, zorakılığa, şəxsiyyəti zəif, bacarıqsız kişilər əl atırlar.

Qadina zorakiliq

Zorakılıq adət edilən, zamanla öyrənilən bir davranışdır. Təəsüflə qeyd etmək olar ki, öyrənmə mənbəyi də elə zorakılıq edənin ailəsidir. Uşaqlıq və yeniyetməlik dövründə məişət zorakılığının tez-tez yaşandığı bir ailədə böyüyənlərin zorakılğa meylli olduğu müşahidə edilib. Bundan əlavə, zorakılıq ailədən ailəyə miras kimi keçə bilən, nəsildən-nəsilə ötürülən davranış növüdür. İnsanlar arasında ünsiyyət bacarıqlarının yetərincə olmaması, hiss və düşüncələrini qarşı tərəfi narahat edəcək formada ifadə edilməməsi, əsassız ittihamlar, namus və əxlaqın ölçü vahidi kimi istifadə edilməsi də zorakılığın sosial səbəbləri sırasına daxil edilə bilər. Həmçinin, yoxsulluq, özünü şanssız hesab etmək, həyatdan gözlədiyinin qarşılığını ala bilməmək kimi sosial-iqtisadi faktorlar da zorakılığa səbəb olur.

Məişət zorakılığında ən çox rast gəlinən fiziki təzyiq formalarından ailədən birini silkələmək, döymək, sillələmək, əşyalar atmaq, qarşı tərəfi itələmək, saçından tutmaq, hər hansı bir əşya ilə döymək, əllərini və qollarını bağlamaq, zorla cinsi əlaqədə olmaq, kəsici alətlər və odlu silahdan istifadə edərək kimisə yaralamaq, öldürmək kimi halları misal çəkmək olar. Ailədə mənəvi zorakılıq dedikdə, ailə üzvlərinin üstünə qışqırmaq, başqalarının gözü qarşısında onu alçaltmaq, qürurunu sındırmaq, fiziki zorakılıqla hədələmək, şəxsin öz hiss və düşüncələrini açıq ifadə etmək azadlığını əlindən almaq, onu özü kimi düşünməyə və hərəkət etməyə məcbur etmək, şəxsin hərəkət azadlığını məhdudlaşdıran, öz ailə üzvləri və ya dostları ilə ünsiyyətini qadağan edən, ruhi sağlamlığa zərər verən və fiziki təzyiq olmadan həyata keçirilən bütün hərəkətlər nəzərdə tutulur.

Ailədə iqtisadi zorakılıq da müşahidə edilən zorakılıq növlərindəndir. İnsanların işləmək və gəlir əldə etmək azadlığını əlindən almaq, təmin etməmək, gəlir əldə etmək üçün işləməyə məcbur etmək və onun gəlirlərini müsadirə etmək kimi hərəkətlər bu qəbildəndir. Ailədə uşaqların istismarı isə ən dəhşətli zorakılıq növüdür. Azyaşlının əqli və fiziki toxunulmazlığını pozan bütün davranışlara uşaq istismarı deyilir. Bundan əlavə, valideynlərin, övladlarının baxım, qidalanma, sığınacaq, istilik, geyim, sağlamlıq və təhsil kimi əsas həyati ehtiyaclarını ödəməməsi və ya bu məsələlərə diqqət göstərməməsi də uşağa qarşı etinasızlıq və zorakılıq hesab olunur.

Zorakılıq, bir insanın başqa bir insana edəcəyi ən böyük pislikdir, zorakılıq göstərilən insan ailə üzvüdürsə, dəhşəti ikiqatdır. Dillər söyərkən yox, sevərkən var olsun. Əllər şillə üçün yox, sığal, tumar üçün qalxsın havaya. Ailə, insanın maddi dünyada qazandığı ən müqəddəs qazancdır. Növbəti dəfə də ailənin dəyərini bilməyənlərin aqibəti barədə də danışaqmı?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir