443697838_1261122881672001_8633717179038503404_n

“Əxlaq və mənəviyyatmı, yoxsa ailəli qalmaqmı?” və ya “Boşanmamağın ağır bədəlləri”

Baxış sayı: 744

Günay (ad şərtidir) mənə  müraciət edəndə üçüncü övladına hamilə idi. Əri evə gəlmirdi, çünki məşuqəsi ilə bir yaşayırdı… Günayın tez-tez ürək ağrıları tutur və o davamlı olaraq ağlayırdı. O yoldaşının məşuqəsinə göndərdiyi səsli mesajları dinləmiş və ərinin başqa qadına onu necə söydüyünü və ona nifrət etdiyini dediyini öz qulaqları ilə eşitmişdi… Qaynanası və baldızları yaşananlarda onun yanında olsalar belə O indi ərinə daha çox ehtiyac duyurdu…axı o hamilə idi…

Növbəti ünsiyyətimiz bir neçə ay sonra övladı dünyaya gəldikdən sonra baş tutdu. o mənə:
“Daha onlara(əri və məşuqəsinə) fikir verməməyi qərara almışam” dedi…

Əri ilə razılaşmışdılar ki, əri uşaqların xərclərini qarşılayacaq, yaşamaq üçün Günaya pul ödəyəcək özü isə sevgilisi ilə yaşayacaq… Ər bir növ arvadından azadlığını pul qarşılığında alırdı….

Ayselin (ad şərtidir) hekayəsində isə xəyanət edən tərəf o idi. O da işləməyən, həyatını uşaqlarını böyütməyə həsr etmiş ana idi. Yoldaşı ilə ailəsinin təzyiqi ilə evlənmişdi və indi boşana bilmirdi. Axı 2 ailə möhkəm dost idi… O yoldaşından ala bilmədiyi sevgi və diqqəti kənarda axtarır, bir an belə onu tərk etməyən günahkarlıq hissi onu depressiyaya sürükləyir və onu çox çarəsiz hiss etdirirdi…

Yoldaşlar arasında münasibətin formal xarakter daşıdığı, bir yoldaşın(adətən bu kişi olur) xəyanət etdiyi və ya hər ikisinin kənarda münasibəti/ailəsi olduğu evliliklərə hamımız rast gəlmişik. Bu tip evliliklər “uşaqlara görə”, “qohumların basqısıyla”, “qohumlara görə” formal şəkildə davam etdilir.  Bu iki real həyat hekayəsi insanı aşağıdakı suallar ətrafında düşündürür:

Həqiqətən hansı daha önəmlidir: əxlaq və heysiyatmızı qorumaqmı, yoxsa ailədə qalmaqmı?

Ailə mənəviyyatımızı itirmək bahasına davam etdirilməlidirmi?

Qəhrəmanlarımızın hər ikisi xoşbəxt deyildi, çünki onların ailələrindən əhəmiyyətli bir sütün-Sevgi əskik idi. Onlar hər ikisi formal, ölü evlilikdə idilər. Evliliklərində emosional dəstək, qayğı və bir-birinin həyatında aktiv iştirak yox idi və birgəliyi sürdürmə səbəbləri maddi asılılıq, sosial basqı və qorxu idi. Bunlar isə bir evlilik üçün sürüşkən və zəif zəminlərdir.

Əxlaq və seçimlər necə? Bizlər kimsənin seçim və əxlaqının nə hakimi, nə keşikçisi olmadığımız üçün gəlin, diqqətimizi formal evliliklərdəki problemlərə və gələcəyə yönləndirək. Formal evliliyin hansı acı nəticələri olur:

Mənəvi dəyərlər:

Hər iki ailədə bir neçə uşaq yetişir. Növbəti suallar ətrafında düşünməkdə fayda var:

Valideynlər bu ailələri davam etdirməklə uşaqlarına hansı mənəvi dəyərləri aşılayırlar?

Bu tip ailədə qalmağı seçən insanlar özləri şəxsiyyət və mənəvi olaraq necə deqradasiya edir?

Ailəni qorumaq bahasına əslində onlar nəyi itirirlər?

İnanclar və rol modellər:

Bu tip ailələrdə böyüyən uşaqlarda nə dərəcədə sağlam ana-ata və kişi-qadın obrazı formalaşır?

Kişi-qadın münasibətləri, sağlam münasibətlər və sevginin nə olduğu barədə uşaqlarda hansı inanclar formalaşdırılır?

Övladlarımıza verdiyimiz sözsüz mesajlar:

Bu tip ailələrdə valideynlər övladlarına ailə barədə hansı sözsüz mesajları ötürür?

Uşaqlar ailə barədə nə düşünür: Ailə ümumiyyətlə nədir? Ailə budurmu?
Sağlam gələcək:

Bu tip ailələrdə yetişən uşaqların özlərinin gələcəkdə sağlam və funksional ailədə olmaq imkanları nə qədərdir?

İki bir-birini heç zaman sevməmiş insan və ya bir-birini artıq sevməyən iki insan uşaqlarına sevməyi necə öyrədə bilər?

Bizlər vəziyyətə təkcə uşaqlarımızın baza ehtiyaclarının ödənməsi və həyatda qalması pəncərəsindən deyil, həm də yüksək mənəviyyatlı, sağlam şəxsiyyətlər kimi yetişməsi pəncərəsindən baxa bilsəydik bəlkə də gələcəyimizlə bağlı daha fərqli və doğru qərarları verə bilərdik.

Sualım sizədir: sizcə doğru olan nədir?

Xəyanət edərək və xəyanətə pula görə göz yumaraq “ailəli” yaşaşamaqmı, yoxsa bir qarın ac, bir qarın tox mənəviyyatlı yaşammı?

Qeyri-sağlam, lakin “bütöv” ailədə  yanlış dəyər və inanclar aşılanaraq böyüdülən uşaqlarmı, yoxsa yüksək mənəviyyatlı, sağlam şəxsiyyətlər yetişdirməkmi?

Bizlər baxış pəncərəmizi dəyişə bilsək, görərik ki, bəzən boşanma nəinki heysiyatımızı və əxlaqımızı, həm də gələcəyimizi qorumaq üçün ən doğru qərardır.

Öz nüfuzumuzu öz və övladlarımızın gözündə qorumağımız üçün hər nə qədər çətin olsa belə hər zaman doğru olanı etməyi seçək.

Qorxunu deyil, sevgini seçməniz diləyilə.

 

Kama Ahmad

Kouç və Münasibətlər üzrə ekspert

www.kamaahmad.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir