13608277_10154294714447445_1022177860_n-735x400

Niyə də yox?! – həkim RƏŞAD SULTAN yazır

Baxış sayı: 4. 852

Yerli çempionat və avrokubok oyunları ilə dolu bir həftə daha geridə qaldı. Və yenə milli həyəcan yavaş-yavaş əsməyə başladı.

Klublarımızın uğurlu oyunlarına artıq öyrəşmişik. Qəbələ Avroliqanın qrup mərhələsində zəif görünsə də, Azərbaycanın ikinci klubunun artıq iki il üst-üstə bu mərhələdə iştirakı uğurdur. Çempionlar Liqasının seçmə oyunlarında və Avroliqanın ilk iki qrup oyununda tərəfdarlarını tərəddüdə salan Qarabağ isə son iki oyunda həm aldığı nəticələr, həm göstərdiyi oyunla əvvəlki sevimli komandamızın yenə də ayaq üstdə olduğunu göstərdi. PAOK-la son oyunda səfərdə ilk dəqiqələrdən Avropa səviyyəli bir komanda oyunu gördük. Nəticə əksinə də olsaydı, eyni sözləri Qarabağ haqqında yenə də deyəcəkdik.

Bu iki klubumuzun oyun səviyyəsinin yüksəlməsi istər-istəməz milli komandanın oyununda da öz əksini tapır. O zaman belə bir fikir yaranır: çempionatımızda Qəbələ və Qarabağ kimi və ya heç olmasa bir pillə zəif 2-3 klub olsaydı, futbolumuz necə də rəngarəng, gözəl və güclü olardı.

Futbol ən gec bar verən meyvə bağıdır. Burda səpdiyin toxumlar ancaq 20 il sonra cücərir. Bu gün milli komandada gördüyümüz cücərtilər hələ Berti Foqts zamanında səpilən toxumların bəhrəsidir. Bəyənilməsə də, aldığı bir-iki pis nəticəyə görə tənqid atəşinə tutulsa da, futbolumuza intizamlı, ağıllı, savadlı oyunu o gətirdi. Ondan əvvəl milli komandanın oyun ssenarisi belə idi:   ev oyunlarında 60 dəqiqə müqavimət, sonra yorğunluq, buraxılan ilk qoldan sonra  nizamsız hücuma atılmaq, 2-3 qol buraxıb uduzmaq. Səfər oyunlarında isə bu elə ilk dəqiqələrdən belə olurdu. Əlbəttə, yeni məşqçinin gəlişi və ya sehrli bir hərəkətlə bir anda futbolumuzun düzələcəyini gözləmək olmaz, amma oyun tərzinin dəyişdiyi artıq hiss olunmağa başlamışdı. Milli komanda məşqçisin əsas işi əldə olan qüvvəni düzgün seçmək və ona uyğun taktika ilə maksimal nəticə əldə etməkdir ki, bu işi Prosineçki uğurla davam etdirə bildi. Bu bir neçə il ərzində yetişən yeni futbolçular və klublarımızın beynəlxalq oyun praktikası isə milliyə güc qatdı.

Komandanın oturmuş bir skeleti var. Bu skeletin onurğası dəyişməzdir: Kamran Ağayev, Portuqaliyanın adlı-sanlı Boavişta klubunun əsas qapıçısı. Klubda oyunlara baxanda görürük ki, Kamran klubunun adına layiq stabil oyun göstərir, bu da hər keçən gün özünə inamı artırır. Yada salaq ki, Seçmə mərhələdə hələ də qapısında qol görməyib.

Stoperlər Rəşad Sadıqov və Bədəvi Hüseynov, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Rahid Əmirquliyev. Müdafiənin sağında Maksim Medvedev də ən sabit futbolçularımızdandır. Mirzəbəyov da sol cinahda yerini möhkəmlədib. Ən son oyunda Ruslan Qurbanov yarımmüdafiənin cinahında heç də pis deyildi. Hücumların kəsərini artırmağı gözlənilən idi, amma müdafiəyə də canla-başla kömək edirdi. Ağabala  Ramazanov hələ inamsız görünsə də, müdafiə cəhətdən pis təsir bağışlamırdı. Oyuna sonradan daxil olmağına adət etdiyimiz Əfran İsmayılov sanki bu şəkildə daha effektiv olur. Dmitri Nazarov kimi texnikalı bir oyunçunu isə cinahda itirməkdənsə, mərkəzdə oyun quruncu kimi oynatmaq daha yaxşı olar. Rahidin oyun qurmaqda göstərdiyi inkişaf, Nazarovun vuran ayağının da olması onu daha da irəli çəkib hücumçu arxası kimi daha səmərəli oynamağına imkan verər. Belə ki, son oyunlarda bu mövqedə oynayan Eddi İsrafilov fiziki və texniki cəhətdən yaxşı təsir bağışlasa da, komandaya uyğunlaşa bilməməsi açıq-aşkar hiss olunur. Hücumda isə Ramil Şeydayev üçün yeganə mübahisəli məqam klubunda oyun praktikasının azlığı ola bilər. Trabzonsporlu forvard Vaqif Cavadov və Rauf Əliyevdən sonra hücumçu boşluğumuzu doldura biləcəyini son oyunlarda göstərdi.

Rəqibimiz güclüdür. Bir neçə il əvvəl səfərdə bərabərə qalıb, burda 2-0 yendiyimiz Şimali İrlandiya yoxdur, onun yerində əsl Britaniya futbolu oynuyan mütəşəkkil komanda var. Bu oyunda 1 xal bizim üçün qələbəyə bərabər olacaq. Hələ də bizi görməzdən gələn qərb mətbuatı bizdən danışacaq.

Niyə də yox?!

 

Həkim ginekoloq Rəşad Sultan

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir