xumar qedimova

Xumar Qədimova: “Əgər sevirəmsə və mənimlə tanış oldusa…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 165

İşvəli baxışı, nazlı-qəmzəli duruşu çoxlarının canına “od” salıb. Səsindəki məlahətlə dinləyicilərinin qəlbində təlatüm yaratmağı, bir dəniz fırtınası qoparmağı bacarıb. Səsinin sehrinə düşüb ünyetməzlərə qədər getmək, elə oradaca xəyallara dalıb keçmişə boylanmaq mümkündür Xumar Qədimovanın. Bu günlərdə bu cilvəli səs sahibinin adının yanına daha bir mötəbər titul yazıldı. Səhnəmizin sevilən siması Xumar Qədimova əməkdar artist adı aldı. Əlamətdar hadisə münasibətilə onu təbrik edib, bu xoş xəbərin təsirindən çıxmamış sorğu-suala çəkdik Xumar xanımı…

– Salamlayıram sizi. Fəxri adınız mübarək. İnanın çox sevindim, çünki hesab edirəm ki, bunu ürəklə istəyən jurnalislərdən idim. Bu şad xəbəri ilk sizə kim çatdırdı? Nə hiss etdiz ?

– Xoş gördük Əfruzə xanım, çox təşəkkür edirəm. Mən idmanda idim. İdmandan çıxdım, gördüm bacım mən tərəfə gəlir. Söhbət mənim Matanımdan gedir. Üzündə qəribə sevinc hissi var. O istəyir mənə sürpriz eləsin. Hiss etdim ki, mənə nə isə xoş xəbər deyəcək. Qucaqlayıb, öpdü məni və məni təbrik etdi ki, fəxri ad aldın. Çox sevindim, sürpriz xəbər oldu. Nə bilim… İnsan biləndə ki, orada sənin əziyyətinin bəhrəsi var çox xoş olur.

– Siz xanım sənətçi olaraq tək olaraq bu ada laiq görüldünüz, düzdürmü . Bunun özü də məncə xüsusi qiymətdir, dəyərdir. Hə? Necə düşünürsünüz ?

– Çox xoş oldu. Düzü duyğulandım. Bir çox sahə xanımları içərisində tək sənətçi olaraq mənim adım qeyd olundu və mən “Əməkdar artist” adı aldım. Təşəkkürümü bildirdim Cənab Prezidentə …

– Xumar xanım, həyatınızda gözlənilməz xəbər, sürpriz hadisələr çox olubmu? İlk belə hadisəni necə xatırıayırsız?

– Ümumiyyətlə, həyatım həmişə sürprizlərlə, möcüzələrlə dolu olub. Sürprizlər, möcüzələr sanki həyatımı idarə edib. Allah gözdən nəzərdən saxlasın Əfruzə. Həyatımda mənə xoşbəxtlik, stimul verən o möcüzəli anların bir neçəsini sizlərlə bölüşmək istərdim.

Bir gün bir ailənin qonağı idim. Eyvana yaxınlaşdım, pərdəni açdım, üzbəüz binaya baxdım və arzu etdim ki, kaş o binada evim olaydı. Sonra isə bu istəyimə heç əhəmiyyət vermədim, bunun haqqında düşünməməyə başladım, boş verdim, dedim ki, öz-özümə bu mümkün deyil. Çünki zənnimcə, həmin an üçün bu mümkün olan bir şey deyildi. Ancaq Allah möcüzə yaratdı. Aradan illər keçdi, mənim həmin binada evim oldu. Baxın, bu, möcüzə deyilmi?!

Həyatımda baş verən möcüzələrdən birini də universitet həyatımda yaşamışam. Birinci ixtisas üzrə imtahan verirdim. Xalq mahnısı oxudum, keçdim royalın arxasına, digər mahnılar da ifa etdim. İnanın, səsimə bütün universitet yığılmışdı. Hamı məni alqışlayır, bu necə qeyri-adi, maraqlı səsdir deyə bir-birinə sual verirdilər. Baxın, bu da həyatımda mənim üçün möcüzə oldu. İxtisas imtahanından “5” qiyməti aldım. Daha sonra isə tarix imtahanım oldu. Bu, mənim üçün çox çətin imtahan idi. Suallardan bir-ikisini bilirdim. İmtahan zamanı birdən müəllimlərdən biri mənə “O ixtisas imtahanında oxuyan qız sən idinmi?” deyə soruşdu. “Bəli” dedim. Fars müğənnisi Hayidədən bir zəngulə elədim, öz mahnılarımızdan da təbii ki, ifa etdim. Və müəllimlər mənə dedilər ki, dur get, qiymət yazdılar. Elə bil ovsunlandılar. O anda türklərin hikmətli bir sözü yadıma düşdü: “Nə qədər ki sənət var, sənət işıq saçacaqdır qaranlıqlara” … Bax bu mənim üçün əsl möcüzə oldu. Həqiqətən sənət qaranlıqlara işıq saçdı. Bu sürpriz deyilmi?

Daha sonra məni gənc mütəxəssis kimi universitetdə saxladılar. Bu da mənim üçün möcüzə idi. Çünki çoxları çalışırdı ki, universitetdə qalıb gənc mütəxəssis kimi fəaliyyət göstərsin. Amma mən çalışmadan buna nail oldum, məni işə götürdülər.

Həyatımda sürprizlər çox olub. Məsələn, məni sevən insanlardan sürpriz təkliflər almışam. Elə insanlar məni sevib ki, çox qızlar xoşbəxt olardılar ki, həmin oğlan onları sevsin. Baxın, bu, möcüzə deyilmi insanın həyatında?

– Xumar Qədimova bu gün Azərbaycan səhnəsində işıq saça bilirmi?

– Məncə, hə. Belə deyirlər ki, mən işıq saçıram. Çünki tanıyan, tanımayan, hamı mənə deyir ki, xüsusi xarizmam var. Onu da qeyd edim ki, xarizmam olması üçün xüsusi çalışmıram. Çünki xarizması olan istər kişi, istərsə də qadın işıq saçır. Sənətim də ki, şükür Allaha, göz qabağındadır. Bir az bundan qabaq dediyim kimi, türklər “Nə qədər ki sənət var, sənət işıq saçacaq bütün qaranlıqlara” deyib. Deməli, nə qədər ki, sənətim var, bütün qaranlıqlara Xumar işığı düşəcək.

– Naz, qəmzə, işvə, baxışlar, xanım – xatunluq heç bir şeyi Allah əsirgəməyib. Əksər xanımların qibtə etdiyi, qısqandığı bu qədər şeylər necə təkcə sizdə cəm olub? Hə?

– (gülür-red) Vallah ona çalışmıram. Mənim adım Xumardır axı. Xumar da sərxoş, naz, gözəl göz, məst deməkdir. Adım da kifayət qədər duruşuma, görünüşümə sirayət edir.

– Belə deyirlər ki, Xumarla bir dəfə münasibətdə olan şəxs ondan əl çəkə bilmir. Ay Xumar xanım, sirrinizi bölüşün də bu 8 mart günündə biz xanımlarla …

– Həmişə deyirəm ki, bir mənimlə tanış olan sevinir, bir də canını qurtaran … Mənimlə tanış olan canını qurtara bilmir, çünki (gülür). Məndə ağ və qara, yəni ya hər şey ya heç nə. Orta xətt olmur. Yəni, mən belə insanam. Dost, sevgili yar, əziz insan fərq etməz. Mən Xumar əgər sevirəmsə bir dəfəlik olur, sevmirəm, xoşlamıramsa da, sünilik, saxtakarlıq olmur, ola bilməz. Əsla! Məncə insanları mənə bağlayan səmimiliyimdir. İnsanlar görür axı mən saxta deyiləm. Candan münasibət saxladığım üçün məndən ayrılmağı bacarmırlar.

– Bəs Xumar xanımın həyatından silə bilməyəcəyi sevgi yaşadığı yarı olubmu ?

– Fərqi yoxdur, dost (rəfiqə) və ya yar… Mən bağlanıramsa, o insan mənə əziz olur, ayrılmaq çətin olur. Mən qarşımdakı şəxsdən bir halda ayrılıram. XƏYANƏT olan zaman. Həmin dəqiqə o insanı silib, heç nifrət belə etmirəm, sadəcə unuduram anındaca. Elə bil belə adam olmayıb, vəssalam.

– Yəni elə bir sevgi yaşamısınız? Xəyanət edib və anındaca silinib?

– Olub. Mənə xəyanət edib, onu anındaca silmişəm. Mənim üçün xəyanətin ölçü və dərəcəsi yoxdur. Xəyanət xəyanətdir!

– Deyirəm axı, “Aman ayrılıq, yaman ayrılıq …” Bəh-bəh nə gözəl, o ifalar o cür içdən səslənməzdi bəlkə də …

– “Ağlamadan, çalamaz heç bir saz …” – nə gözəl demişlər. Mən daha çox xoşbəxt olanda mahnılar bəstələyirəm, bir də kədərli olan zaman… Allah dərd verməsin təki. Atam rəhmətə gedən ərəfələrdə “Sənsiz bu xəzan dünyama gözümü aça bilmirəm, qanadı qırılmış quşam, arxanca uça bilmirəm” – belə bir sözlərə musiqi bəstələdim. Oturdum royalın arxasında musiqi bəstələdim, sonra o musiqiyə uyğun sözlər tapıb, ifa etdim. “Ayrılıq” mahnım da o dönəmlərdə yaranıb. Elə olub ən xoşbəxt günümdə belə kədərli mahnı ifa etmişəm. İnsanın halından, xarakterindən də aslıdır. Amma adam var ki, adam kimi adam deyil də … Onun üçün fərqi yoxdur, iç yoxdur. Onun ifa etdiyi mahnı nə olar ki ?!

– Belə çıxır ki, Xumar xanımı xoşbəxt eləmək asan deyil. Maraqlıdır sizin kimi xanımı tam bəxtəvər edən bir sevgili yar olubmu ?

– Qarşı tərəfdən bəli olub, amma mən tam xoşbəxt ola bilməmişəm. Məncə tam xoşbəxtçilik də normal hal deyil. Hətta qarşımdakı bəy mənə deyib ki, sən necə qadınsan, mən birinci dəfə belə insan görürəm. Sən hər şeyin içində heç nə olursan. Ona görə deyirəm ki, çoxu mənim atdığımı gəzir əli çıraqlı. Bəlkə də başqa qadının həyatında elə bəy olsa uçar göylərdə … Amma mənim üçün adi bir şey olub. Şansıma həmişə xarakterim mane olub.

– Bu gün münasibətilə sizi, ananızı, bacınız Matanı bütün ailənizdəki xanımları təbrik edirəm. Məncə sizin də bütün xanımlara bir sürpriziniz var.

– Mən də səni Əfruzə təbrik edirəm. 8 mart münasibətilə bütün xanımlarımızı təbrik edirəm, hər kəsə qadın xoşbəxtliyi arzu edirəm.

– Keçək sürprizə. Varmı Xumar xanımın əziz dostu ?

– Nə gözəl sualdır. Mən bütün xanımlarımıza əziz dost arzu edirəm küsüb gedən yox. Nəğmədə deyir, əziz dostum məndən küsüb incidi. Nə xanımların, nə də ki, bəylərin yarı küsüb getməsinlər, hər zaman mehribançılıq olsun. “Əziz dostum” mahnısını sizlərə təqdim edirəm. Qaldı sən dediyin əziz dosta o hələ ki, həyatımda yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir