xestelik

Cinsi yolla ötürülən ən yayğın xəstəliyə biganə münasibət nədən irəli gəlir?

Baxış sayı: 1. 920

Azərbaycanda İİV-ə (İnsan İmmunçatışmazlıq Virusu) yoluxanlar arasında narkotik vasitə istifadəçilərinin sayında azalma tendensiyası müşahidə olunur. APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hazırladığı  “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 2016-cı il ərzində ölkədə İİV-ə yoluxanların 151 nəfəri inyeksion narkotik istifadəçisi olub. İİV-ə yoluxma ən çox cinsi yolla qeydə alınıb. Cinsi yolla 335 nəfər (hetroseksual kontaktla 319 nəfər, homoseksual kontaktla 16 nəfər) İİV-ə yoluxub. Anadan uşağa ötürmə yolu ilə 10 nəfər, naməlum yolla 60 nəfər İİV-ə yoluxub. Keçən il İİV-ə yoluxanların 541 nəfəri Azərbaycan vətəndaşı (348 kişi, 193 qadın), 15 nəfəri (6 kişi, 9 qadın) əcnəbidir. Qeyd edək ki, 1987-ci il 1 yanvar tarixindən 2017-ci il 1 yanvar tarixinədək 5979 Azərbaycan vətəndaşı İİV-ə yoluxub. Onların 2968 nəfəri (48,7 faiz) inyeksion narkotik istifadəçisi, 2524 nəfəri (42,2 faizi) cinsi yolla yoluxandır. 108 nəfər (1,8 faiz) anadan uşağa ötürülmə, 436 nəfər (7,3 faiz) naməlum yolla İİV-ə yoluxub.İİV-ə yoluxanların 4424 nəfəri kişi, 1555 nəfəri qadın olub. Bu müddət ərzində Azərbaycanda 206 əcnəbidə (153 kişi, 53 qadın) İİV aşkarlanıb.

Bəs görəsən, cəmiyyətdə İİV xəstəliyi barədə geniş məlumat varmı? Bu xəstəliklə bağlı daha hansı tədbirlər görülməlidir ki, onu blokadaya almaq mümkün olsun?

 

Miqrasiya prosesləri riski daha da artırır

Tibb üzrə ekspert, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, xəstəlik əsasən  cinsi yolla yayılır: “İİV xəstəliyi anadan dölə də, qanköçürmə zamanı da keçə bilər. Ümumiyyətlə,  qeyd edim ki, sözügedən xəstəlik hepatit C-dən daha kantatiozdur, Hepatit B-dən isə  az kantatiozdur. İİV xəstəliyinin ümumilikdə  4 subtitri  var. Bəzi hallarda İİV qana yoluxduqdan sonra uzun illər onun   əlamətləri müşahidə edilməyə bilir. Bu zaman xəstəliyə yoluxmuş insan özünü normal  hiss edir.  Bəzi hallarda  xəstəliyə yoluxan  şəxsin 8, yaxud 10 il arası QİÇS-ə tutulmadığı görülüb. Lakin yoluxma baş verdikdən ən az 3 ay sonra aparılan  testlər ən doğru nəticəni göstərir. İİV-ə yoluxduqdan sonra, xəstəliyin əlamətləri şəxsin həyat şərtlərinə və bədən müqavimətinə müvafiq olaraq bir neçə il içində təsir göstərir. Xəstəlik əsasən orqanizmin immun sistemini  zəiflədir. Orqanizmin müqavimətinin  zəifləməsi  isə həyati keyfiyyətləri aşağı salır”.

A.Qeybulla deyir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün maarifləndirmə işi aparılmalıdır: “Hesab edirəm ki, bu gün xəstəliyə yoluxanların sayının  artması miqrasiyası ilə bağlıdır. Miqrasiya prosesləri bu kimi təhlükəli xəstəliyə yoluxma halları riskini daha da artırır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəyə gələn miqrantların kütləvi dispanserizasiyası aparılmadığından,  bu xəstələr təsadüfən aşkar olunur.  Xəstəlik aşkarlandıqda bu haqda mərkəzə məlumat verilir. Rəsmi qeydiyyat bu səviyyədədir. Kütləvi dispanserizasiya keçirilsə, ciddi bir nəticə ortada olar və bunun yayılmasının qarşısı alınar. Xəstəliyin yayılmasının qarşısını almaq üçün ciddi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Əkər insanların xəstəlik və onun fəsadları haqqında məlumatları yoxdur. Bu işdə KİV-lə birgə əsaslı şəkildə müxtəlif  tədbirlər görülməlidir”.

 

Televiziyalarda sosial çarxlar yox dərəcəsindədir

“Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir ki, məsələnin hansı tərəfindən baxırsan bax, ən başında insanlarımızın tibbi savadının az olması gəlir: “Kişilərin bu məsələdə “əhəmiyyətli” rolu var. Cinsi yolla ötürülən ən yayğın xəstəlik olan bu virus barədə onların məlumatı çox azdır. Əgər əksi olsaydı təsadüfi əlaqədən, narkotik istifadəsindən çəkinərdilər. Virusun statistikası da bunları təsdiqləyir. Anadan övlada keçmə halları da istisna edilmir. Bu da dediyim kimi, tibbi savadın azlığından, hamiləlik müddətində nəzarətdə olmamaqdan irəli gəlir. Normal hamiləlik keçirmək istəyən hər qadın ən azı ayda bir dəfə lazımı analizləri verməli, həkim nəzarətində olmalı, sağlam hamiləlik keçirməlidir. Statistika da göstərir ki, anadan uşağa keçmə halları nəzarətdə olmayan hamiləliklər nəticəsində baş verir, ya doğuş, ya da laktasiya, yəni əmizdirmə prosesi zamanı olur. Yoluxmanın əsas səbəblərindən biri də təbii ki, immun sisteminin zəifliyidir. Bu da bizim əhalinin qidalanmada etdiyi yanlışlar nəticəsində yaranan problemdir”.

Ekspert bəzi məqamları da qeyd etdi: “Əksər müsəlman ölkəsində olduğu kimi, bizim insanlar da ətli qidalara üstünlük verir, çiy halda çox qida qəbul etmir. Bu da təbii ki, orqanizmin zəif düşməsi, immun sisteminin çökməsi ilə nəticələnir. İnsan orqanizminə hücum etməyə hazır olan viruslar da bu zəiflikdən yararlanır. İnsanları öz orqanizminə qarşı diqqətli olmağa yönəltmək lazımdır. Onlar xəstəlikdən müdafiəni çeşidləməlidirlər. Yəni bilməlidirlər ki, hansı hallarda hansı virusa yoluxa bilərlər. Xəstəliyindən xəbərdar olan biri buna etinasız yanaşıb, həyat yoldaşına cinsi yolla virus ötürür, çünki xəstəliyin nə qədər dağıdıcı olduğunu dərk etmir. Biz çox görmüşük ki, vərəmli xəstə evdə körpə uşaqlarla təmasda olur, asqırır, öskürür, eyni qabdan yemək yeyir. Hamısı nədən irəli gəlir? Virusun yarada biləcəyi təhlükədən xəbərdar olmamaqdan. Televiziyalarda sosial çarxlar yox dərəcəsindədir. İşə onlardan başlamaq lazımdır. Gündə 4-5 dəfə bu çarxları yayımlamaq, hər yaş təbəqəsinə aid verilişlər vaxtı tamaşaçıya göstərmək lazımdır. Analara poliklinikalarda, qadın məsləhətxanalarında bukletlər paylanmalıdır. Düzdür, ara-sıra belə bukletlərə rast gəlirəm, amma çox deyil, arenanı genişləndirmək lazımdır”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir