xal

Ət xalı kəsdirmək istəyirsinizsə, bu yazını MÜTLƏQ OXUYUN

Baxış sayı: 2. 580

Ət xallar haqda nə bilirik? Onları kəsdirmək doğrudanmı təhlükəlidir? Ailem.az çoxlarını maraqlandıran sualları bu yazıda cavablandırmağa çalışıb.

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə olan, oval, ya da yumru şəkildə nöqtələrdir. Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın bütün yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.

Bəs ət xal nədir? Çox zaman ziyillərlə ət xallarını qarışıq salırlar. Dermatoloq Elçin Sadıqov bildirir ki, ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd rəngli də ola bilirlər. Ölçüləri 1 mm-dən 5 sm-ə qədər dəyişə bilər. Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 50-60-a çata bilir. Əsasən də aşırı kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil. Bununla yanaşı, ət xalların yaranmasında aşağıdakı faktorlar rol oynayır:

 

– Dəridə sürtünmə

– Şəkər xəstəliyi

– İnsulin rezistensliyi

– Obez insan popiloma virusu

 

E. Sadıqov deyir ki, ət xalların kəsilməsinə dair insanlar arasında bir qorxu var: “Belə bir mif dolaşır ki, guya ət xalı kəsdikdə xərçəngə dönüşə bilir. “Bıçaq dəyərsə, xərçəng olar”, – deyirlər. Bu, qətiyyən belə deyil. Ümumiyyətlə, ət xallarının insan səhhəti üçün heç bir qorxusu yoxdur. Onlar sadəcə qıcıqlanmaya qarşı dərinin verdiyi bir reaksiyadır. Ət xalı kəsdirmək qətiyyən təhlükəli deyil. Əksinə, bəzən estetik baxımdan xoş təsir bağışlamır, kompleks yaradır. Onu kəsdirməklə kompleksdən qurtulurlar. İstənilən xalı kəsdirmək olar. Sadəcə bəzi xallar vardır ki, onları sırf peşəkar cərrahlar kəsib götürməlidir, sıradan bir kosmetoloq və ya hansısa həkim yox”.

Dermatoloqun sözlərinə görə, xal kəsilməzdən öncə müayinə şərtdir: “Tünd rəngli xalları dermatoskop vasitəsilə müayinə etmək şərtdir. Dermatoskop böyüdücü bir cihazdır. Onunla xalın daxilinə rahat şəkildə baxmaq olur”.

Ümumiyyətlə, ət xallarından qurtulmaq üçün müasir tibdə xüsusi metodlardan istifadə olunur. Bura krioterapiya, cərrahi yolla koterizasiya (koaqulyator) və steril bir cərrahi sapla bağlama üsulları daxildir. Elçin Sadıqov bildirib ki, bu 3 üsuldan ən çox istifadə olunanı krioterapiyadır: “Krioterapiya daha rahat, qansız, ağrısız bir üsuldur. Maye azot qazndan istifadə olunur. Soyuq şəkildə olur, buz kimi. Bu qaz törəmənin üzərinə sıxılır və onu dondurur. Donan törəmə 2 həftə ərzində quruyub tökülür. Ağrısızdır, sadəcə cüzi göynəmə hissi olur, vəssalam. Odur ki, ət xalı olanlar onu kəsdirməkdən qorxmasınlar. Heç bir əks təsiri, narahatlığı yoxdur”. (Lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir