Yeni il

Yeni il şənliyi – Qubada 1100 manata, Laplandiyada 851 avroya

Baxış sayı: 1. 750

Yeni ilin gəlişinə iki ay qalsa da, insanlar qış tətillərini harada və necə keçirəcəkləri ilə bağlı plan qururlar. Turizm şirkətləri də hər il olduğu kimi, yenə də öz təkliflərini əhaliyə təqdim edirlər. Amma böyük əksəriyyəti bunu dollarla  təqdim edir.

Hazırda azərbaycanlı turistlərin xarici istiqamətdə ən çox aldıqları turpaketlər Dubay və Gürcüstanın Bakurianı şəhərlərinədir. Adları çəkilən istiqamətlərdə istirahət qiymətlərinə gəlincə isə Dubayda Yeni ilə 3-4 günlük istirahət paketləri 450-520 dollar arasında dəyişir. Bakuriani də isə  3 gecə 4 gün üçün istirahət qiymətlər 250 dollar civarında dəyişir. Yeni ildə Antalyada 4 günlük istirahət qiymətləri bir nəfər üçün 700-800 dollar arasında dəyişir. Bu məbləğin böyük hissəsini, yəni  400 dolları aviabilet qiyməti təşkil edir.

Yeni il bayramında azərbaycanlı turistlərin Dubayı seçmələrinin əsas səbəbi Dubay Şoping festivalıdır. Dubaya Yeni il turları isə bir nəfər üçün 384 dollar təşkil edir. Bu qiymətə gediş-gəliş aviabilet, 3 gecə  4 ulduzlu hoteldə qonaqlama, səhər yeməyi və sığorta daxildir.

Amma seçimlər bununla bitmir. 30 dekabrdan 11 gecə 12 günlük Yeni il Avropa turunu da yaddan çıxarmayaq. Tur zamanı İtaliya, Fransa, Belçika, Hollandiya, Almaniya (Milan – Berqamo – Strasburq – Paris – (Disneyland – Brussel – Amsterdam – (Volendam ) – Franfurt Mayn -Munhen – Verona – Milan) ölkələrini gəzmək təklif olunur. 999 avroluq tur paketinin qiymətinə aviabilet (Bakı-Milan-Bakı), hotellərdə gecələmə, şəhərlərarası nəqliyyat, aeroport-hotel-aeroport transferi, qidalanma (səhər yeməyi), rus dilli bələdçi xidməti və şəhərlərdə ekskursiyalar daxildir. Qiymətə daxil olmayan detallar isə aşağıdakılardır: hotel vergiləri, viza rüsumu, avtobusda qulaqcıqlar üçün 15 avro, muzeylərə giriş biletləri.

Yeni ili Tiflisdə keçirmək istəyənlər üçün də ilginc qiymətlər var. “188 dollara yeni ili Tiflisdə keçirmək” anonsuna aviabilet, 3 gecə, 4 günlük hotel məsrəfləri daxildir.

Ölkə hüdudları daxilində də Yeni il turları var. Bunlardan biri də Qax-Şəki-Qəbələ turudur. 30 dekabrdan 1 yanvara qədər nəzərdə tutulan turun qiyməti 189 manatdır. 2 gecə 3 gün nəzərdə tutulan turda qidalanma da tam nəzərdə tutulub. Bu, 3 dəfə səhər yeməyi, 3 dəfə nahar yeməyi və 2 dəfə şam yeməyidir.

Amma ən “maraqlı” təklifi hər il olduğu kimi bu il də Quba “Rixos” hoteli təklif edib. 5 ulduzlu hoteldə 31.12.2017-03.01.2018 tarixlərində, yəni  3 gecə 4 gün  boyunca istirahət etmək üçün adambaşına 1000 manat ödəmək lazımdır. Belə ki,  deluxe dağ mənzərəli otaq – 1000 AZN, deluxe göl mənzərəli otaq – 1050 AZN, junior suite – 1100 AZN.

Bura qədər olan qiymətlər və təkliflər sizi qane etmirsə, o zaman sərhədləri aşmağın zamanıdır. Hindistan- Qoa Yeni il turu 11 gün-10 gecə nəzərdə tutulub və qiyməti 946 dollardır. Qiymətə daxildir: avia uçuş – charter flights ilə – Kiyev – Qoa – Kiyev; hoteldə qalmaq (10 gecə – Morjim Hermitage Hotel  2*); Səhər yeməyi; qrup transferi – hava limanı – hotel – hava limanı.

Yeni ili Santa Klausun vətəni – Laplandiyada keçirmək arzusunda olanlar da az deyil. 8 gün – 7 gecəlik turun qiyməti 851 avrodur. Qiymətə daxildir: aviabilet (Kiyev-Kittilli-Kiyev); hoteldə gecələmə; səhər yeməyi; transfer;

İspaniya – Madrid turu da  8 gün/7 gecə nəzərdə tutulub. Onun da qiyməti 468 avrodur. Qiymətə hoteldə gecələmə, səhər yeməyi,  bir dəfə şəhər gəzintisi, 2 dəfə transferdən istifadə və rus dili bələdçisi ilə şəhər gəzintisi nəzərdə tutulub.

Qiymətə daxil deyil: aviabilet, viza, turun qiymətinə daxil olmayan əlavə xərclər, Yeni il gecəsi – şam yeməyi, əlavə ekskursiyalar, ümumi transportdan istifadə və sığorta.

FRANSA | Paris | 8 gün/7 gecə | Klassik tur – 385 avro

Laplandiya turunun daha bir versiyası isə  1308 avro qiymətindədir. Burada qiymətə aviabilet, hotel, transfer və qidalanma (səhər yeməyi) daxildir.

Yeni ili Barselonada keçirmək istəyənlər isə 627 avro ödəməlidir. Qiymətə aviabilet, hotel, sığorta və qidalanma (səhər yeməyi) daxildir.

Yeni ildə Şarm el Şeyx turu yaşamaq istəyənlər isə  629 dollardan başlayan qiymətlər ödəməlidir. Qiymətə aviabilet (Tiflisidən), hotel, sığorta, qidalanma və transfer daxildir.

Yeni ili Milanda keçirmək üçünsə 5 gecə-6 günlük turlardan istifadə etmək lazımdır. Bu turun qiyməti isə 407 avrodur.

Qiymətə aviabilet (Kutaisidən), hotel 5 gecə 6 gün, sığorta və qidalanma (səhər yeməyi) daxildir.

Gördüyünüz kimi, bir-birindən fərqli ölkələr, şərtlər və qiymətlər yeni ildə də azərbaycanlıları gözləyir. Amma təbii ki, dollarla müəyyənləşən tur qiymətləri ilə. Burda insanları riskə salan bir məqam isə hər şeyin dolların kursuna uyğun hesablanmasıdır. Çünki dekabrın sonuna qədər dolların kursunda bir dəyişiklik olarsa, bu, avtomatik olaraq turun qiymətinə də təsir edəcək.

Bundan başqa, siyahıda diqqət çəkən daha bir məqam Azərbaycandaxili turların, xüsusən də Qubadakı “Rixos” hoteldəki qiymətlərin Avropa qiymətləri ilə yarışmasıdır. Bu isə turistləri ciddi şəkildə düşündürən məqamdır.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir