Heç kimə sirr deyil ki, hazırda azərbaycanlı futbol azarkeşlərinin əksəriyyəti böyük futbol turnirlərini yerli yox, xarici telekanallardan izləyirlər. Bu baxımdan üstünlük isə adətən Türkiyə telekanallarına verilir. Təbii ki, belədə türkiyəli şərhçilər də ölkəmizdə az populyarlıq qazanmır. Şübhəsiz, onların matçları şərh edərkən hansı prinsipləri üstün tutması və digər nüanslar azərbaycanlılar üçün az maraqlı deyil. Məhz bunu nəzərə alaraq, SHOW TV, TRT, ATV kimi televiziya kanallarından xatırladığımız, hazırda isə D SMART MEDİA QRUPU-nun əməkdaşı kimi çalışan və həmin media qrupunun CNN TÜRK və Kanal D televiziya kanallarının futbol şərhçisi olan Emre Tilevlə söhbətləşmək qərarına gəldik.
– Sizi daha çox futbol matçlarını şərh edən biri olaraq tanıyırıq. İdman mediasına gəlişiniz necə baş tutdu?
– Ümumiyyətlə, bu sahəyə hələ uşaqlıqdan biganə olmamışam. 1990-cı ildə isə Türkiyədə yeni radiolar fəaliyyətə başlayırdı. Həmin vaxtdan etibarən müxtəlif radiolarda çalışmışam. 1994-cü ildə isə Türkiyə idman mediasının ən tanınmış simalarından olan İlker Yasinlə görüşdükdən sonra Ulusal kanalda işləməyə başladım. Bundan sonra müxtəlif televiziya kanallarında işləmişəm və fəaliyyətim indi də davam edir.
Dediyiniz kimi, bir çox televiziya kanalında çalışmısınız. Maraqlıdır, Türkiyə telekanallarının idman şərhçiliyi baxımından standart və tələbləri nələrdir?
– Türkiyədə şərhçilik baxımından xususi standard və tələblər yoxdur. Təkcə TRT-də müəyyən standardlar var. Orada hər hansı mətni səsləndirmək və ya efirə çıxmaq üçün əvvəlcə imtahandan keçməlisən. Yadımdadır, 1996-cı ildə mən də dövlət kanalında sözügedən imtahanda iştirak etmiş və uğurla keçmişdim. Digər kanallarda isə belə bir şey olmamışdı. Ümumiyyətlə, idman jurnalistikasında yer alan şərhçilərin əksəriyyəti başqa sahənin mütəxəssisidir. Məsələn, mən qida mühəndisiyəm. NTV SPOR-da çalışan Murad Kosova və A SPOR-un əməkdaşı Serkan Korkmaz da mənim kimi qida mühəndisidir. Tanınmışlardan Ertem Şener və Gökhan Telkenarı da başqa sahənin mütəxəssisi kimi qeyd edə bilərəm. Siyahını daha bir neçə tanınmış idman şərhçisi ilə də davam etdirə bilərik. Bu məsələdə əsas şərhçinin səsinin, savadının və digər nünasların bu sahəyə uyğun olmasıdır. Bu işlə məşğul olanlar özlərini inkişaf etdirməklə uğur qazana bilərlər, amma yaradılışdan istedadın olması əsas şərtdir. Bununla belə, məncə, bu sahədə müəyyən standardlar olmalıdır.
– İlk dəfə şərh etdiyiniz matçı xatırlayırsınızmı?
İlk dəfə şərh etdiyim oyun regional kanalda idi. Samsunda fəaliyyət göstərən STV-də “Trabzonspor” – “Aston-Villa” qarşılaşmasında şərhçilik etmişdim. Dəqiq yadımda deyil, amma ya 1993-cü, ya da 1994-cü il idi. O vaxt imkanlar indiki qədər geniş deyildi. Həmin görüşü stadiondan yox, studiyadan şərh edirdim.
– Şərh etdiyiniz matçlar arasında sizin üçün ən unudulmazı hansıdır?
Şərh etdiyim bütün qarşılaşmalar yaxşı yadımdadır, amma ən unudulmaz matçlar kimi “Fənərbaxça”-“İnter”, “Qalatasaray”- “Bordo”, “Fənərbaxça- “Çelsi”, “Liverpul-“Beşiktaş” oyunlarını qeyd edə bilərəm.
– Yəqin ki, yaddaşınızda unudulmaz qarşılaşmalar olduğu kimi, darıxdırıcı matçlar da var
– Şübhəsiz, Türkiyə klublarının məğlub olduğu oyunları şərh etmək çətin olur. Bu baxımdan ən çox 2008-ci ilin fevralında Avropa Liqasında “Qalatasaray”ın Leverkuzen “Bayer”inə 5:1 hesabı ilə uduzduğu matçı qeyd edə bilərəm. “Cim-bom”un matçda dönüş edə biləcəyini düşünsəm də, sonda mümkün olmamışdı.
– Türkiyə klublarının uduzduğu matçların gedişində oyunçulara nələrsə demək istədiyiniz və özünüzü çətinliklə saxladığınız anlar olurmu?
– Yerli klublarımız meydanda olanda bizim üçün də oyun ikiqat həyəcanlı olur. Təbii ki, zaman-zaman biz də futbolçulara nələrsə demək istəyirik, amma bunu etmirik, çünki bu düzgün olmazdı.
– Ən çox hansı türk futbol şərhçisini bəyənirsiniz?
– Ancaq Ercan Taneri bəyənirəm. Düzdü, yaxşı şərhçilər heç də az deyil, amma mən yalnız Ercan Taneri qeyd edə bilərəm.
– Sizcə, Türkiyədə idman şərhçiliyi baxımından hansı çatışmazlıqlar var?
– Bu suala cavab vermək istəmirəm. Məncə, mənim bu haqda danışmağım o qədər də xoş olmaz. Ancaq təkcə onu deyə bilərəm ki, matçları sakit tempdə şərh edən aparııcıların şərhi xoşuma gəlmir.
– İndiyə kimi hər hansı bir azərbaycanlı futbol şərhçisinin təqdimatında oyun izləmisinizmi?
– Azərbaycanlı futbol şərhçilərinin təqdimatında bir neçə dəfə matça baxmışam. Sizin şərhçiləri çox bəyənirəm. Bəzən jurnalistika dərslərində də sizin futbol şərhçilərini nümunə olaraq təqdim edirəm. Sizin aparıcılar oyunu həyəcanlı, eynən mənim kimi şərh edir.
– Şərh etdiyiniz qarşılaşmalar zamanı başınıza gəlmiş və tamaşaçıların fərqində olmadığı maraqlı hadisələrdən yaddaşınızda iz buraxanı varmı?
– Düzü, şərh etdiyim oyunlar zamanı o qədər də maraqlı hadisə ilə qarşılaşmamışam. Amma bir-iki hadisə yadımdadır. Onların da nə qədər gülməli olduğunu bilmirəm. Məsələn, stadionda oyunu şərh edərkən məndən yuxarıdakı lojadan başıma koka-kola tökülmüşdü. Oyunların birində isə yayım başa çatandan sonra əməkdaşlarımıza “baba, qolu gördünmü?” demişdim. Bu anda oyunu yayımlayan xarici kanallardan biri yayımı davam etdirirmiş və mənim səsim efirə getmişdi. Bu hadisə Türkiyədə bir həftə müzakirə olunmuşdu. (gülür-red)
Söhbətləşdi: Tural Məmmədov
İstanbul, Türkiyə