imtahan

Abituriyentləri ağlına hakim kəsilən kabusdan necə qorumalı?

Baxış sayı: 2. 084

İki gün öncə – Dövlət İmtahan Mərkəzinin (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanından sonra Sumqayıt şəhərində bir gündə iki abituriyentin intihar etməsi xəbəri gündəmi silkələdi. Mediada və sosial şəbəkələrdə intiharın səbəbi kimi hər iki abituriyentin imtahandan yüksək bal toplamaması göstərildi. Bir-birini əvəzləyən statuslar, rəylər bədbəxt hadisədə gah valideynləri günahkar saydı, gah məktəbi qınadı…

Cəmiyyətin həssaslıqla reaksiya verdiyi hadisə Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin iclasında yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı da narahatlıqla müzakirə olundu: “Valideynlər uşaqlara “sən oxumasan, vəziyyətin pis olacaq”, “Hüquq fakultəsinə və ya hansısa fakultəyə daxil olmasan, dilənçi olacaqsan” deməklə düzgün etmirlər. Belə şeylərlə uşağı yükləyirlər. İntiharların da səbəbi budur. Valideyn uşağa demir ki, sən filan peşəni seç, amma məcbur edir ki, filan fakültəyə daxil olmalısan. Onlar uşaqlara düzgün istiqamət verməlidirlər”. “Peşə təhsili haqqında” qanunda hər bir insanın özünə peşə seçmək hüququnun olduğunu bildirən komitə üzvləri: “Uşaqlar niyə intihar etməlidirlər ki? Axı hamı alim ola bilməz… Xarici ölkələrdə bu məsələlər xüsusi diqqətdə saxlanılır” – deyə narahatlıqlarını ifadə ediblər.

Gerçəkdənmi, intiharlarda sosial şəbəkələrdə vurğulandığı, millət vəkillərinin də qabartdığı kimi, valideynlər günahkardır? Necə etmək lazımdır ki, şagirdlər orta təhsil prosesində “həyat təkcə ali məktəbdən ibarət deyil və ya oxumaq üçün qarşıda illər çoxdur” fikirlərini anlaya bilsinlər? Nəhayət, özünü uğursuz hesab edən abituriyentləri ağlına hakim kəsilən kabusdan necə qorumalı?

 

Əsas məsuliyyət məktəblərin və valideynlərin üzərinə düşür

İntihar hallarının təkcə abituriyentlərlə bağlı olmadığını deyən təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, bu cür bədbəxt hadisələr bütün dünyada müşahidə olunur. Sadəcə, ali məktəblərə qəbulla bağlı məsələlərdə intihar aktı çox geniş ictimailəşdirilir: «Bəzən gənclər sevgiləri baş tutmayanda, hansısa məsələdə depressiyaya qapılanda, psixi problemləri yarananda da intihar üsullarına əl atırlar. Ancaq bu hadisələrin heç biri abituriyentlərin intihar aktı qədər şişirdilmir». Təhsil eksperti abituriyentlərin intihar hadisələrini ümumtəhsil məktəblərində psixoloqların işinin aşağı səviyyədə olması ilə əlaqələndirir: «Psixoloqlar müəyyən yaşlar üzrə maarifləndirmə işləri aparmalıdırlar ki, şagirdlər təhsilin təkcə ali təhsildən ibarət olmamasını dərk edə bilsinlər. Çünki təhsilin peşə təhsili, kollec təhsili və s. kimi pillələri də var. Yəni psixoloqlar şagirdlərə anlada bilməlidirlər ki, həyat təkcə ali təhsildən ibarət deyil. Onlar peşə və kollec təhsili üzrə həyatda layiqli yer tutan insanları nümunə kimi göstərə bilərlər. Şagirdlərin repetitor yanına axışması, valideynlərin övladları üçün kifayət qədər vəsait xərcləməsi uşaqların psixikasına mənfi təsir göstərir. Əgər məktəb təhsilini gücləndirə, uşaqları məktəbə bağlaya və repetitorun kökünü kəsə bilsək, müəyyən qədər irəliləyişə də nail ola bilərik”.

Sovet dövründəki təhsilin hazırkı qəbul imtahanlarına bənzəmədiyini deyən ekspert “o zaman müəllimlə tələbənin ünsiyyətdə olması daha çox psixoloji situasiya yaradırdı” deyə xatırlayır: “Uşaqlar professorların qarşısında imtahan verirdilər. Ancaq imtahandan kəsildikləri halda heç biri intihara əl atmırdı. Mən 80-ci illərin tələbəsi kimi 7 ildən sonra ali məktəbə daxil olub, parta arxasında əyləşərək tələbəlik dövrü keçirmişəm. Bu da heç bir stressə səbəb olmurdu. O zaman müəllimlər həm də tərbiyəçi funksiyasını yerinə yetirirdilər. İndi isə müəllimlər dərslərini deyib məktəbdən tez aralanmaq, evdə, kurslarda hazırlıqla məşğul olmaq istəyirlər”. Ekspert hesab edir ki, məktəbdə şagirdlər arasında psixoloji işləri dərinləşdirmək, onlarda optimist hissləri gücləndirmək lazımdır. Belə ki, hazırda Dövlət İmtahan Komissiyası uşaqlara iki dəfə imtahan vermək şansı yaradır. Yəni əgər birinci dəfə stress vəziyyətində olublarsa, növbəti dəfə özlərini psixoloji duruma hazırlaya bilərlər: “Digər tərəfdən, uşaqlara sakitləşdirici preparatlar vermək qətiyyən doğru deyil, bunun çox mənfi nəticələri olur. Müəyyən maddi maraq kəsb edən bu cür preparatlar telekanallarda təbliğ olunur. Həmçinin sinif rəhbərləri, məktəb müəllimləri və valideynlər uşaqlarda optimist hissləri gücləndirməli, valideynlər övladlarını yüksək nəticə göstərməyə məcbur etməməlidirlər. Təhsil elə prosesdir ki, bütün valideynlər övladlarının hansı biliyə malik olduğunu bilirlər. Heç kim birdən-birə iki metr hündürlüyə tullana bilməz. Hər şey mərhələ-mərhələ olur. Valideynlər bunu bildiklərinə görə, övladlarını təhrik etməməli, övladlarını təhsilin başqa pilləsinə cəlb etməlidirlər. Bundan əlavə, valideynlərin əksəriyyəti nə pedaqoq, nə də psixoloqdur. Ola bilsin ki, bir çoxunun ali təhsilləri də yoxdur”.

E.Əliyevin fikrincə, burada əsas məsuliyyət məktəblərin və valideynlərin üzərinə düşür: “Valideynlər günün müəyyən hissəsini işdə ola və ya övladları ilə maraqlanmaya bilərlər. Ona görə də onlar övladlarını yüksək nəticəyə, həmçinin ixtisas seçiminə məcbur etməməlidirlər. Uşaqlar özlərindəki motivasiyanı dərk edib ixtisas seçməlidirlər”.

imtahan

Psixoloqların vəzifəsi

Əməkdar müəllim Almaz Həsrətin fikrincə, doğma adamlar övladlarına onların yanında olduqlarını hiss etdirməli və uşaqları dəyərləndirdiklərini bildirməlidirlər: “O zaman uşaqlar həqiqətən də özlərinin qiymətli və yaxınlarına, valideynlərinə gərəkli olduğunu dərk edirlər. Çox təəssüf ki, biz hələ də ümumtəhsil məktəblərinin dəqiq hansı funksiyanı yerinə yetirdiyini, hansı işləri görməli olduğunu dərk etmirik. Nəinki dərk etmək, hətta az da olsa anlamağımızı belə istəmirik. Məktəblər cəmiyyətimiz üçün yalnız və yalnız şəxsiyyət, əsil vətəndaş, müxtəlif məzmuna malik olan şagirdləri hazırlamalıdır. Məktəblər əsil insan, əsil vətəndaş, milli ruhda olan əsil azərbaycanlı hazırlamalıdır, ali təhsil müəssisəsinə daxil olan, əzbərçiliyi ilə hamıdan seçilərək, balları ilə yüksək olan bir insan deyil. Şagirdlərin mütləq şəkildə ali məktəbə qəbul olunmasına önəm verilməməlidir. Bəzən ailədə və məktəbdə tədris edən müəllimlərin sözlərində şagirdlərimizə qarşı fərqli yanaşmalar görürük. Müəllim və valideynlər övladlarını, şagirdlərini sanki həyatda ən mütləq və ən vacib olan diplomu mütləq şəkildə almağa hazırlayırlar. Yalnız bu sənədin əldə olunması üçün çalışırlar. Oxumaq deyil, öyrənməyə, peşə sahibi olmağa çalışmalıyıq”.

Ekspertin fikrincə, son olaylar, xüsusilə də ilk uğursuzluqlarının nəticəsində intihara sürüklənmənin əsas səbəbi ailədə və məktəblərdə bu durumun qarşısının alınması istiqamətində işlərin görülməməsidir: “Məktəblərdə psixoloqlar var. Onlar ilk növbədə buraxılış siniflərində təhsil alan şagirdlərin məhz həmin dönəmlərdə çox həssas olduğunu bilməlidirlər. Bu zaman onlar valideynlərə dəstək olmaqdan ötrü daim sinif iclaslarına qatılmalıdırlar. Psixoloq olan bəzi məktəblər var ki, şagirdlər onların nəinki adını bilir, heç üzünü belə görməyiblər. Məktəb psixoloqları mütəmadi olaraq buraxılış siniflərində təhsil alan şagirdlərlə, onların valideynlər ilə  görüşlər keçirməlidir. Bu onların ən ümdə vəzifələrindən biridir. Uğursuzluğun həyatın son nöqtəsi olmadığını həm şagirdlərə, həm də bəzi valideynlərə aşılamalıdırlar”. Əməkdar müəllim hesab edir ki, psixoloqlar məktəbdə təhsil alan şagirdlərlə daim bu yöndə söhbətlər aparmalı, onlara intiharın ən iradəsiz və ən qorxaq insanlara məxsus bir cəhd olduğunu bildirməli, həyatlarına son qoymamalarını daim tarixdən gələn uğurlu nümunələrlə izah etməlidirlər. Belə ki, həyatın gözəlliyininin məhz mövcud yaşlarında olduğunu bilmələri üçün onları daha uğurlu insanların taleləri ilə tanış etmək gərəkdir: “Onlara bir çox məşhur liderlərin məhz peşə məktəbinin məzunları olduqlarını deməlidirlər. Nümunə olaraq kollec təhsilli olanın millət vəkili səviyyəsinə qədər yüksələ bilməsini deməlidirlər. Məsələn, nəinki Azərbaycanda, bütün dünyada tanınan və fəxrimiz olan sənətkarımız Zeynəb xanım Xanlarovanın həyat və yaradıcılığından məlumat verməklə, ali təhsilin insanın həyatında çox önəmli rol oynamadığını bildirmək lazımdır. Ali təhsil insanın özünün aliliyi ilə ölçüləndir, əlindəki diplom-kağız parçası ilə deyil. Ali təhsillilər var ki, ömrünün axırına qədər nəinki işlə təmin olunmur, hətta yaşadığı çevrədə belə adı tanınmır. Əsil ali təhsilli insan mükəmməl bacarığı və peşə təhsili, istedadı olan insanlar sayılır”.

imtahan

Psixoloji hazırlıq

Psixoloq Elnur Rüstəmov da məktəb psixoloqlarının işinin qənaətbəxş olmaması fikri ilə razılaşır: “Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda ali məktəbə sənəd verən abituriyentlərin böyük bir qismi repetitor yanına və yaxud hansısa təhsil kurslarına gedirlər. Repetitor yanına getdikləri üçün şagirdlər orta məktəbdə fəaliyyət göstərən psixoloqlarla əməkdaşlıq şəraitində deyillər. Hətta abituriyentlərin böyük bir qismi bitirdikləri məktəbdə psixoloqları heç tanımırlar. Ancaq ali məktəbə qəbul olunma prosesində fənn hazırlığı ilə paralel psixoloji hazırlıq da diqqətə alınmalıdır. Etiraf etmək lazımdır ki, bu gün psixoloji hazırlıq arxa planda qalır. Ən sonda psixoloqa müraciət edirlər”. Psixoloq valideynlərin hətta alternativ yollara əl atdığını, məsələn, bəzi valideynlərin imtahan öncəsi uşaqlarını ziyarətgaha apardıqlarını, bəzilərinin nevropatoloqa müraciət etdiklərini deyir: “Hərənin bir yolu var. Ancaq dünyada qəbul olunmuş bir yanaşma var ki, fənn hazırlığı ilə paralel olaraq psixoloji hazırlıq olmalıdır. Bu, orta məktəbdə, tədris kurslarında aparılır və yaxud abituriyent fərdi psixoloq dəstəyi alır. Bizim elə abituriyentlər var ki, onlar hazırlığı sırf repetitor yanında keçirirlər və yüksək nəticə də göstərirlər. Ancaq bizim elə abituriyentlər də var ki, çox oxuyur, ancaq nəticəsi zəif olur. Diqqət yayğınlığı, sualı axıra qədər oxumamaq, imtahan fobiyası və s. hallar da olur. Valideyn də bunu bilir. Çünki qəbul imtahanından əvvəl eyni hallar sınaq imtahanlarında baş verir. Ancaq valideyn bunu ciddiyə almır”.

E.Rüstəmov ailədaxili konfliktlərin, valideynlərin övladına təhrikinin də bu tip hadisələrdə rol oynadığını deyir: “Baş verən hadisə birdən ortaya çıxmayıb – bu, yığılıb qalan problemlərin nəticəsidir. Bəzən valideyn gün ərzində uşağından «nə qədər bal yığacaqsan?”, “bu il daxil ola biləcəksənmi?» – deyə soruşmaqla, ona stimul verdiyini düşünür. Ancaq bu, uşaqda daxili qapanmaya və narahatlığa gətirib çıxarır. Övladın nə qədər bal toplayıb-toplamamasından asılı olmayaraq, ona sevgi göstərilməlidir. Uşağa aşılanmalıdır ki, imtahandan zəif nəticə göstərmək bu həyatın sonu deyil. Belə olmadığı təqdirdə biz bu cür hadisələrlə rastlaşarıq”. Psixoloq imtahanların birinci mərhələsindən sonra baş verən faciəni imtahanların ikinci mərhələsində  iştirak edəcək abituriyentlər üçün acı nümunə sayır: “Bu hadisəyə görə SOS siqnalı çalınmalıdır. Bu, bizim ən yaralı yerimizdir. Dünyanın hər yerində – uşaq bağçaları, orta məktəblər və ali məktəblərdə psixoloji hazırlıq ən üst səviyyədə saxlanılır. Bu, həm işin keyfiyyətinin qalxmasına, həm fərdin özünün daxili rahatlığına, həm də faydalı iş əmsalının artmasına yardımçı olur. Bizdə isə bunu etmirlər, fəsadlar da ortadadır”.

Psixoloq valideynlərə səslənərək övladlarının fənn hazırlığı ilə bərabər psixoloji hazırlıqlarını da nəzərə almağa çağırır: “Psixoloji hazırlıq qəbul prosesində böyük rol oynayır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir