cinsi heyat

Cinsi həyatın astanası: “pərdəni” kim qaldıracaq?

Baxış sayı: 1. 538

İnsan həyatının müxtəlif mərhələləri arasında yeniyetməlik ən həssas dönəm hesab edilir. Məhz yeniyetməlikdə fərdin cinsi yetişkənlik dövrü başlayır. Oğlan və qızlar yeniyetməlik dövründə baş verən psixoloji və hormonal proseslərin təsiri ilə yeni bir aləmə daxil olurlar. Onların bütün diqqəti qarşı cinsə yönəlir. Hətta yeniyetmələr əks cinsə qarşı duyğularının ən yüksək zirvəsini yaşayır.

Valideynlərin də çətinliyi bu andan başlayır. Bəs yeniyetməlik dövründə olan uşaqların qarşı cinslə münasibətinə valideynlər necə yanaşmalıdır? Ümumiyyətlə, yeniyetmələrə cinsi həyatı kim başa salmalıdır? “Gencaile.az” bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

 

Azərbaycanda cinsi məlumatsızlıq var   

Androloq-seksopatoloq Orxan Ağabəyov cinsi həyat haqqında söhbətlər mövzusunda hər ölkədə bir prinsip olduğunu vurğulayır. Məsələn, elə ölkələr var ki, məktəblərdə bu mövzularda uşaqlarla individual söhbətlər aparan xüsusi psixoloq var. Bəzi ölkələrdə isə ümumi dərs formatında bəzi vacib informasiyalar verilir. Lakin Azərbaycanda valideynlərlə övladları arasında böyük bir baryerin olması cinsi həyat haqqında məlumatsızlığa gətirib çıxarıb. Elə arasında deyilən “ata-ana ilə uşaq arasında pərdə olmalıdır” fikri yeniyetmələri cinsi inkişafdan geri salır. Həyatlarının özəl hissələri haqqında vaxtında məlumatlanmayan yeniyetmə isə gələcəkdə bunun fəsadlarını yaşayır: “Bir çox ölkələrdə məktəblərdə elementar olaraq kişilərlə qadınlar arasındakı fərq, körpənin dünyaya gəlməsi, cinsi həyatın necə olması, prezervativlər, ondan istifadə və digər bu kimi lazımlı ilkin, təməl məlumatlar verilir. Valideynlə uşaq arasında sərhəd olmayan ölkələrdə bu məlumatları valideynlər verir. Azərbaycanda isə bu mövzu acınacaqlıdır. Bizim ailələrdə adətən bu informasiyalar uşaqların özü tərəfindən haradansa əldə edilir, ya dostları, ya hansısa qohumu tərəfindən alınır. Çox nadir hallarda valideynlər övladları ilə cinsi həyat haqqında danışırlar. Azərbaycan ailəsində “pərdə” olduğu üçün mütəxəssislər tərəfindən tövsiyə olunsa belə, valideynin uşağı ilə cinsi həyat haqqında söhbət aparması qeyri-realdır”.

Azərbaycanda fəaliyyət göstərən qadın məsləhətxanaları isə yeniyetmələrin ən az baş çəkdiyi müəssisədir. Halbuki adından da göründüyü kimi, qadınların üz tuta biləcəyi bu məkanlara analar qızları ilə birlikdə gedə bilərlər: “Əgər ana qızı ilə cinsi həyat haqqında söhbət apara bilmirsə, qızlar ilk dəfə menstruasiya olan kimi ana onunla qadın məsləhətxanasına getməlidir. Orada qadınlar üçün hər cür xidmətlər var və yeniyetmələr ilk informasiyaları əldə edə bilərlər. Oğlan uşaqları üçün bu məsələ daha çətindir. Ona görə ki, ilk növbədə kişi məsləhətxanası yoxdur. İkincisi isə, Azərbaycanda ata ilə oğlan arasında məsafə daha çoxdur”.

O. Ağabəyov övladları ilə bu mövzuda söhbət aça bilməyən valideynlərə başqa bir yol da göstərir. O bildirir ki, əgər valideyn üçün cinsi həyat haqqında danışmaq çətindirsə, inandığı qohumu və ya hansısa bir insan vasitəsilə istənilən informasiyanı oğluna ötürə bilər: “Yeniyetmələrə ən azı cinsi infeksiyalardan qorunmaq barədə informasiyalar verilməlidir. Burada bir məsələ də var. Qız övladı ilə oğlan övladı arasında fərq var. Azərbaycan ailəsində qızla ana arasında olan sərhəd daha azdır. Ona görə də ananın qız övladları ilə bu mövzuda danışması daha rahat baş verir”.

Mütəxəssis qızlarla 12-13, oğlanlarla 14-15 yaşından cinsi yetişkənlik haqqında söhbətlər aparmağı vacib hesab edir. Lakin bu, həm də fərdidir. Çünki yeniyetmələrdə cinsi yetişkənlik müxtəlif vaxtlarda baş verir: “Qızlarda ilk menstruasiya başlayandan sonra cinsi həyat barədə məlumatlar verilməlidir. Oğlanlarda isə 14-15 yaşda kişi cinsi əlamətləri əmələ gəldikdə, müəyyən yerlərdə tüklənmə başladıqdan sonra qarşı cinsə olan həvəs, maraq yaranır. Bu dönəmlərdə oğlanları məlumatlandırmaq lazımdır ki, düzgün istiqamətlənsin, hər hansı yanlışlığa yol verməsin, nəyisə ayıb hesab etməsin və ya cinsi həyat haqqında olar-olmazları bilsin”.

 

İnternet və cinsi həyat

Psixoloq Elnur Rüstəmov uşaqlarda cinsi həyat haqqında maariflənmə işinin 3 yaşından başlanmalı olduğunu deyir. 3 yaşından sonra uşaqlarda müəyyən hisslər yaranır ki, bu, xarakterin formalaşmasına təsir edir. Ata və ya anasına bağlı olan uşaqlar onları bir-birinə qısqanmağa bağlayır. Bu isə artıq onun cinsi yetişkənliyinin ilk göstəricisidir: “Bu mərhələdə valideynlər prosesin özünü tənzimləməyi bacarmalıdırlar. Məsələn, ata oğlan övladı ilə daha çox zaman keçirməlidir. Bu, həm ata ilə münasibətləri yaxşılaşdırır, həm də özünü kəşf etmədə çox yaxşı təsir göstərir. Ata-oğul münasibətləri bu cür davam edərsə, yeniyetməlik dövründə də cinsi həyat haqqında söhbət etmək çətin olmaz. Bu cür münasibət olmadığı təqdirdə zaman keçdikcə, yeniyetməlik dövrü başlayanda bəzi oğlan uşaqlarında hər hansı davranış və ya ünsiyyət fonunda pozulmalar müşahidə edilir”.

Psixoloq qız uşaqları ilə də eyni problemin yaşandığını deyir. 3 yaşından başlayaraq ana-qız arasında gələcək münasibətlərin təməli qurulur. E. Rüstəmov valideynlərlə övlad münasibətlərinin tənzimləməsində genetik, psixoloji və sosial faktorların əsas olduğunu vurğulayır: “Qız uşağı yeniyetməlik dövrünə girəndə 11-12 yaşında menstruasiya olmağa başlayır və digər narahatlıqlar baş verir. Bu vaxt ana qızını məlumatlandırmalıdır. Eləcə də oğlan uşaqlarının yeniyetmə dönəmində ata ilə münasibəti yaxşı olarsa, onda digər hərəkət və davranışlar özünü az büruzə verəcək. Burada genetik faktoru bir kənara qoymaq lazımdır. Söhbət psixoloji faktorlardan gedir. Bu prosesdə valideynlər aktiv iştirak etməlidirlər. Sonrakı proseslərdə məktəb, məktəb psixoloqu da prosesə müdaxilə etməlidir. Əgər hər hansı yeniyetmədə narahatlıq yaşanarsa, məktəbdə onlarla fərdi iş aparılmalıdır”.

E. Rüstəmov müasir dövrdə internetin inkişaf etməsinin bu məsələlərdə də üstünlüyə malik olduğunu vurğulayır. Yeniyetmələrin internetdən sərbəst istifadə etməsi onların cinsi həyat haqqında məlumatlanmasına kömək edə bilər. Az qala hamının əlində olan telefon, planşet, kompüter ana-atadan əvvəl yeniyetmələri məlumatlandırmaq gücünə malikdir. Lakin burada bir məqama toxunmaq mütləqdir. Yeniyetmələrin internetdən aldığı informasiyalar onları hər zaman düzgün istiqamətləndirməyə bilər. Ona görə də valideynlər övladının internetdən istifadə qabiliyyətinə, dost-tanış, yaxın qohumlarla cinsi həyat haqqında danışmasına arxayın olmamalıdır. Uşaq nə qədər məlumatlı olsa da, valideyn onu istiqamətləndirməlidir: “Valideyn övladı ilə intim həyatdan danışmır, sadəcə olaraq bu haqda bilgiləndirir, məlumatlandırır. Burada nə valideyn, nə də uşaq utanmalıdır. Məsələyə yanaşma tərzindən çox şey asılıdır. Düzdür, dünənə qədər bu prosesdə analarımız aktiv iştirak edirdilər. Hətta oğlanların sözü olanda ana vasitəsilə atalarına çatdırırdılar. Bu gün artıq münasibətlər dəyişib. Müasir ailələrdə bir, maksimum iki uşaq var. Belə çıxır ki, oğlandırsa, ata ona həm də qardaş olmalıdır. Eləcə də, ana-qız münasibəti bacı münasibəti ola bilər. Belə olduqda məsələlər o qədər də problemli və ciddi hal almaz”.

Psixoloq onu da əlavə edir ki, yeniyetmə cinsi yetişkənliyini problem kimi qarşılayırsa, ona bu prosesin təbii olduğunu başa salmalıdır. Cinsi yetişkənlik zamanı hər hansı problemin yaşandığı müşahidə edilərsə, mütləq ona mütəxəssis müdaxilə olmalıdır: “Elə ailə var ki, nə ata, nə ana cinsi yetişkənlik haqqında söhbət aparmır, amma uşaq cinsi yetişkənliyi normal və yaxşı keçirir. Lakin hər bir halda yaxşı olar ki, uşaq cinsi yetişkənliyi haqqında ata-anasından da məlumat alsın. Çünki valideyn heç zaman övladına yanlış yol göstərməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir