Zərgərlik məmulatları fərdi üslubu vurğulamaq üçün ideal vasitədir. Əslində, bəzək əşyaları öz sahibinin xarakteri, həyat tərzi, vərdişləri, hətta mənəvi dünyası barədə çox şey deyir. Merilin Monronun da dediyi kimi, qadının ən yaxşı rəfiqəsi brilyantlardır. Çünki onlar xəyanət etməyi, yalan danışmağı bacarmır və ən nəhayət, siz istəmədikcə sizi tərk etmirlər…
Bu yazıda aksessuarların sirli mənalarından bəhs etmişik. Görək, qadının ən yaxşı rəfiqəsi onun haqqında nə danışır…
İri sırğalar
Böyük və cəlbedici sırğalara üstünlük verən qadınlar bir qayda olaraq, özünə əmin, yaradıcılıq qabiliyyətinə malik, həmçinin, diqqət mərkəzində olmağı sevən qadınlardır. Onların həyata baxış bucağı tamamilə fərqlidir. Bu tip qadınları üzləşdiyi çətinliklər qətiyyən narahat etmir. Onlar istənilən mürəkkəb vəziyyətdən asanlıqla çıxış yolu tapa bilir.
Kiçik sırğalar
Belə yüngül bəzək əşyalarını, adətən, fəal insanlar seçir. Onlar həyat eşqi ilə aşıb-daşır və həyata nikbin baxırlar. Onların hər görüşə uyğun geyinməyə vaxtı olmur. Bu baxımdan hər üslubla uyğun gələn tək qaşlı kiçik sırğalar onlar üçün çox əlverişlidir. Bu insanlar çox sadə olmaqla yanaşı, başqalarına qarşı mehriban və xeyirxahdırlar.
Bilərziklər
Bilərzik əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən insanların seçimidir. Bu zinət əşyasının sahibi aktiv, dinamik və enerjili insanlardır. Xüsusilə, çoxlu qolbaq taxanlar diqqət cəlb etməyi sevirlər. Başına gələnlər onlara heç vaxt dərs olmur. Məsələn, bir eşq hekayəti bitməmiş, başqasına başlayırlar… Qolbaqlar müdafiə olunmaq bacarığını, eləcə də, öz fikirlərini başqalarına sırımaq qabiliyyətindən xəbər verir.
Qızıl zinət əşyaları
Qızıla üstünlük verən insanlar öz baxışlarında kifayət qədər mühafizəkardır. Onlar öz dəyərini yaxşı bilir, bu səbəbdən, hər şeydə birinci olmağa can atırlar. Eyni zamanda, fəal və emosionaldırlar.
Qızıldan düzəldilmiş zərif və klassik zinət əşyaları sahibinin ciddiliyini vurğulayır. Halbuki üstündəki qiymətli daşlar onun əslində, hər kəsin diqqətini cəlb etmək niyyətində olduğundan xəbər verir, bəzən isə yalnız bolluğu və statusu vurğulayır.
Gümüş
Gümüşə, əsasən, təmkinli, təbiətcə yaradıcı, romantik, xeyirxah və əliaçıq insanlar üstünlük verir. Lakin gümüş sevən insanların arasında həyatdan möcüzə gözləməyən çoxsaylı realistlər də var.
Üzüklər
Parıltılı üzük həvəskarları çox güman ki, ikinci yarının axtarışında olurlar. Onlar çox cazibədar və ünsiyyətcildirlər.
Xüsusi qeyd etmək vacibdir ki, orta barmağa böyük qaşlı üzük taxmaq sahibinin qürurlu olduğunu vurğulayır.
Üzüyü şəhadət barmağına taxmaq daha çox başqalarının üzərində rəhbərlik istəyini əks etdirir.
Üzüyü çeçələ barmağa taxmaq öz sahibinin orijinallığı barədə məlumat verir. Bu insanlar çox şıltaq ola bilər, onlar öz əhəmiyyətlərini göstərmək imkanlarını əldən vermirlər.
Ümumiyyətlə, fikir vermisinizsə, üzüyü çeçələ barmağa, adətən, yaradıcı peşələrin nümayəndələri taxır.
Orijinal dizaynda işlənmiş üzük sahibinin özünəinamlı, o cümlədən, hörmətli şəxs olmasından xəbər verir.
Yaxa sancağı
Orijinal yaxa sancağını öz təkrarolunmaz üslubunu vurğulamaq istəyən əsl modapərəstlər seçir. Onlar aşırı mehriban və ünsiyyətcildir. Bundan əlavə, hər bir vəziyyətdə diqqət cəlb etməyə çalışırlar.
Brilyant qaşlı zərgərlik məmulatları
Brilyant bəzək əşyalarından, bir qayda olaraq, özünəinamlı, müstəqil və rasional qadınlar istifadə edir. Şübhəsiz, bu bahalı daşdan istifadə olunmuş zərgərlik məmulatları zənginlik və var-dövlət əlamətidir. Dünyanın ən bahalı daşı sahibinin statusu və maliyyə vəziyyəti haqqında da çox şey deyə bilər.
Mirvari
Bu bəzək əşyasına üstünlük verən insanlar xasiyyətcə romantik və xəyalpərəstdir. O, teatra gedir, sərgilərə baxır, kitab oxuyur. Bir sözlə, incəsənəti və ədəbiyyatı sevir, klassikaya sitayiş edirlər. Mirvari sevən xanımlar səmimiyyəti çox yüksək dəyərləndirir.
Nişan üzüyü
Nişan üzüyünü barmağından çıxarmamaq qadının həyat yoldaşına sadiqliyini bildirir. O, ailə dəyərlərini qoruyub saxlayır və ətraf aləmlə sülh, əmin-amanlıq içində yaşamağı dəstəkləyir.
Boyunbağı
Bu aksessuarın həm orijinallığına, həm ölçüsünə, həm də hansı materialdan hazırlanmasına xüsusi diqqət yetirmək vacibdir. Qızıl boyunbağılara məqsədyönlü və özünəinamı ilə fərqlənən qadınlar üstünlük verir.
Gümüş boyunbağıları isə zəngin daxili dünyaya malik təmkinli və səbirli xanımlar sevir.
Şəffaf daşlı klonlar sahibinin sentimentallığına və həssaslığına işarə edir. Qırmızı rəngli klonlar insanın tez-tez aşiq olma xüsusiyyətini nümayiş etdirir, mavi, yaxud göy daş sakitliyə can atamasından, yaşıl isə özünəinamlı olmasından xəbər verir.
Orijinal, mücərrəd dizaynda boyunbağılara hadisələrə qeyri-standart yanaşması ilə seçilən insanlar üstünlük verirlər. Ürək formasında bəzək əşyalarını romantik və tez vurulan insanlar taxırlar. Bürclərə uyğun klon taxan insanlar fövqəltəbii qüvvələrə inanmağa meyllidir. Dini rəmzlər isə insanın mənəvi dəyərləri hər şeydən yüksək tutmasından xəbər verir.
Ad yazılmış klonları daha çox kütlədən fərqlənmək və özü haqqında danışmaq istəyən insanlar taxırlar. Ümumilikdə, boyunbağını daha çox dürüstlüyü ilə seçilən insanlar sevir.
Paltara uyğun bəzək əşyaları
Əgər siz bəzək əşyalarını qarderobunuzdakı paltara uyğun seçirsinizsə, bu, sizin bədii zövqünüzdən, mütəşəkkilliyinizdən və istənilən işə yaradıcı yanaşmanızdan xəbər verir.
Bəzək əşyalarının yoxluğu
Əgər qadın zinət əşyaları taxmağı xoşlamırsa, deməli, o, əlavə detalların köməyi ilə özünə diqqət cəlb etmək istəmir, onlar olmadan da özünü ifadə etməyi bacarır. Lakin bəzən bu, həyəcan siqnalı ola bilər. Məsələn, insanlar depressiyada olanda heç bir bəzək əşyasından istifadə etmək istəmir.
Bu qeydə diqqət yetirmək yetirin: şəffaf daşlar insanın əhval-ruhiyyəsinə müsbət təsir edir, qeyri-şəffaf daşlar isə sahibinin bütün problemlərin səbəblərini və nöqsanları özündə axtarmaq meyli haqqında məlumat verir.