qayınana

Qayınana-gəlin “soyuq savaşı”: QIZIL ORTA AXTARIŞINDA

Baxış sayı: 2. 052

Müasirlik ənənəviliyə qarşı

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, bu məsələ keçmişdən günümüzə qədər bütün cəmiyyətlərdə və ictimai quruluşlarda mövcud olmuş problemdir. Sadəcə, hər dövrdə daha da gərginləşən bu problemə dövrün tələblərinə uyğun yeni çalarlar əlavə olunur. Bu gün də məsələnin bir neçə yeni amili ortaya çıxmaqdadır ki, onlardan da ən başlıcası Azərbaycan ailəsində müasirlik və ənənəviliyin toqquşmasıdır. Belə ki, hal-hazırda ailə qurmağa hazırlaşan fərdlərin baxışları yetişdiyi, formalaşdığı, tərbiyə aldığı mühitdən kəskin fərqlənir. Bu günün ailə başçısı olan şəxs əvvəlki dövrlərdə anasının evin bütün işlərini həyata keçirdiyini görürdüsə, müasir dövrdə qadınların bu ənənəvi rollardan imtina etməsi ilə qarşılaşır: “Əgər indiki dövrdə qayınana olan xanım öz qayınanasına münasibətdə daha fərqli mövqedən çıxış edibsə, əvvəlki dövrdə sayqı, ev işlərinin müəyyən bölgüsü və s. daha fərqli olubsa, müasir qadınlar ailə tərbiyəsindən aldığı, xüsusilə yeni dövrün tələblərinə uyğun olaraq artıq tamam fərqli rol nümayiş etdirirlər. Qadınlar hətta bəzi rolların kişilər tərəfindən həyata keçirilməsini də tələb edirlər. Böyüdüyü ailədə fərqli mühitlə qarşılaşan oğlan isə müəyyən işləri yerinə yetirməyə hazır deyil”. Evdar qadının ənənəvi rollardan imtina etməsi gəlinindən də eyni işlərin icrasını gözləyən qayınananın etirazına səbəb olur. Bu da məsələnin gərginləşməsinə səbəb olur, müasirlik və ənənəvilik münaqişəsinin ortaya çıxması ilə nəticələnir.

Bəs səbəbkar nədir, seriallar ya milli qaynaqlar?

Sosioloq apardıqları tədqiqatların ortaya yeni versiyalar çıxardığını deyir. Belə ki, artıq qayınanalar da gəlinləri ilə yaşamaq istəmirlər. Amma övladlarına müəyyən dərəcədə sərbəstlik vermək istəyi ilə yanaşı, onların üstündəki “himayəedici kölgə”nin itməməsinə də çalışırlar: “Qayınana həm hadisələri kənardan izləyir, həm də ona müdaxilə etmək istəyir ki, bu zaman ortaya yeni problemlər çıxır. Ümumiyyətlə, ümumdünya ailə istitutunda gedən dəyişikliklər Azərbaycan ailəsində də özünü göstərir. Burada medianın, teleserialların, ümumiyyətlə, dəyişən ab-havanın rolu var”. Hazırda ailələrdə rol bölgüsündə qarmaqarışıqlıq yaranıb: “Əsl gəlin, əsl qadının necə olmasını hər kəs özünə görə yozmağa başlayıb. Nisbətən yaşlı dövrün nümayəndələri bu məsələyə öz dövrlərinin kriteriyalarından çıxış edərək yanaşırlar. Müasir dövrün gəncləri isə serialların qəhrəmanlarından nümunə götürərək “əsl qadın” və ya “kişi” obrazını yaratmağa çalışırlar. Amma bizim öz ənənələrimiz, milli mentalitetimiz, hər kəsə nümayiş etdirdiyimiz ailə nümunəmiz var. Milli köklərimizə, qaynaqlarımıza müraciət etsək, əsl qadın, əsl kişi obrazını ancaq orada tapa bilərik”.

Qalibi olmayan “döyüş”

Regional Psixologiya Mərkəzinin psixoloqu Xatirə Səfərova deyir ki, çox zaman münasibətlərin pozulması qayınananın ərinin olmaması, öz oğluna uşaqlıqdan hiper apekadan yanaşması, oğlu ilə arasındakı münasibətlərin simbiatik formada olmasından qaynaqlanır: “Belə uşaqlar valideynlərdən çox asılı vəziyyətdə olurlar. Bəzən övlad özü bu asılılıqdan azad olmaq istəsə belə, şüuraltı bundan xilas ola bilmir”. Gəlin-qayınana münasibətlərində münaqişəyə digər şüuraltı fikirlər də yol açır: “Psixologiyada belə bir tendensiya var. Öz oğlunu evləndirərkən təhtəl şüuraltı formasında qadının düşüncələrində “Sənin arvadın sənə mənim kimi arvadlıq edə bilməz”, qızını evləndirərkən isə “Ümid edirəm ki, mənim yoldaşımdan daha yaxşı olar” deyə fikir formalaşır”.
Psixoloq deyir ki, bəzən münaqişənin səbəbi kənardan çox gülməli görünsə də, əslində ən xırda söhbətdən doğan problemin təsiri tam başqa olur. Burada iki tərəfdən birinin nə zamansa yaşadığı problemli həyat tərzi özünü büruzə verir: “Bu situasiya məqamında tamamlanmadığı üçün insanda xroniki pis bir davranışa çevrilir və onu kiminsə üzərində tamamlamaq istəyi baş qaldırır. Bu baxımdan da, çox hallarda öz həyat problemlərinin həllində gəlin qayınananı, qayınana isə gəlini obyekt seçərək həmin “uğursuzluqları” tamamlamağa çalışır. Ailədə bu cür problemler sanki bir kişi uğrunda duelə çıxan iki qadının döyüşünə bənzəyir. “Kim udsa, o da qalibdir” prinsipindən yanaşaraq ailəni darmadağın edirlər”. Heç bir kəsin qalib çıxmadığı bu vəziyyətdə isə daha çox əzab çəkən hər iki tərəfə mənsub uşaqlar olur: “Konfliktlərin nəticəsi ailəyə çoxşaxəli mənfi təsir göstərir. Zərbə hər iki tərəfə dəyir. Bu “döyüş”ün qalibi olmur”.

Gənc ailələrin müstəqilliyə meyli güclənir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi İlham Hacıyevin fikrincə, gəlin-qayınana münasibətləri cəmiyyətdaxili münasibətlərin mühüm tərkib hissəsidir. Məsələyə yanaşanda müasir cəmiyyətin daim inkişafda olması nəzərə alınmalıdır. Çünki cəmiyyət inkişaf etdikcə cəmiyyətdaxili münasibətlər də təkmilləşərək müəyyən transformasiyaya uğrayır: “Azərbaycan ailəsi yüksək dəyərləri nəsildən-nəslə ötürmək baxımından dünya ölkələrinə nümunə ola bilər. Amma müasir dünyada gedən proseslər, qloballaşma Azərbaycan ailəsindən yan keçmir. İndi əsas məsələ ənənəvi yanaşmalarla müasirliyin optimal nisbətini, sintezini tapmaqdır”.
Komitə rəsmisi deyir ki, sosial orqanizm sayılan cəmiyyətin üzvləri arasında problemlərin yaranması təbiidir. Sadəcə, bu problemlərin düzgün həlli yolları tapılmalıdır: “Cəmiyyət üzvləri arasında ünsiyyət mədəniyyəti yüksəldilməlidir. Bu da böyük maarifləndirmə işi tələb edir”. Onun sözlərinə görə, gəlin-qayınana münasibətləri hal-hazırda həm də sosial spesifikaya malikdir. Məsələn, kəndlərdə formalaşan gəlin-qayınana münasibətləri şəhərlərdə fərqli xüsusisiyyətlərə malikdir. Gənc ailədə oğlanın ata-ana ilə eyni mənzildə yaşayıb-yaşamamaq məsələsi münasibətlərdə çox həlledicidir: “Gənc ailənin valideynlərlə birgə yaşaması müəyyən problemlərin yaranması üçün ilkin səbəbə çevrilir. Son illərdə müşahidələr gənc ailələrin müstəqil yaşamaq meylinin artdığını göstərir. Ölkədə mənzil tikintisinin geniş vüsət alması, gənc ailələr üçün ipoteka kreditlərinin verilməsi, dövlətin məsələyə dəstəyi nəticəsində gənc ailələrin artıq xeyli hissəsi müstəqil yaşayır. Bu isə mümkün ola biləcək münaqişələrin qarşısını alır. Nəticədə ailədaxili, o cümlədən gəlin-qayınana münasibətlərinin tənzimlənməsində müsbət dinamikaya təkan verir”.

Problemin açarı – “qızıl orta”

Bu mübahisələr fonunda oğlanın mövqeyinə gəlincə, İlham Hacıyev deyir ki, gəlin-qayınana münasibətinin düzgün tənzimlənməsində anaya münasibətdə oğul, həyat yoldaşına münasibətdə ər funksiyasını daşıyan şəxsin ailədə düzgün mövqe tutması çox böyük rol oynayır: “Təəssüf ki, bəzi hallarda bu missiyanı daşıyan şəxslər düzgün mövqe tuta bilmirlər. O, oğul kimi ana qarşısında böyük məsuliyyət daşıyır, mənəvi öhdəlikləri var. Ailə başçısı kimi həyat yoldaşının da hüquqlarının qoruyucusu, onun mənafeyinin müdafiəçisi olmalıdır. Burada son dərəcə düzgün və optimal bir mövqe tutulmalıdır ki, həm ailədə ailənin böyüyü kimi ananın mövqeyi sarsılmasın, həm də gəlinin ailə üzvü kimi layiqli yeri olsun, onun hüquqları qorunsun”.
Psixoloq Xatirə Səfərova da bu qənaətdədir ki, münaqişə zamanı oğul hər iki tərəfə neytral yanaşmalıdır. “Ana isə gəlininə qarşı qısqanclıq göstərməməlidir. Ailədə gəlin-qayınana bir-biri ilə dost münasibətində olmalı, ana-bala kimi yanaşmalıdırlar”.
Əbülfəz Süleymanlı də hesab edir ki, ağıllı kişilər hər iki qadını idarə etməyi bacarmalı, həm ana, həm də həyat yoldaşına münasibətdə “qızıl orta”nı tapmağa çalışmalıdır: “Sırf həyat yoldaşının kaprizlərinə görə anadan imtina etməyi ən azından mentalitet baxımından düzgün hesab etmirəm. Bu gün Qərb bizim ailə modelini özü üçün nümunə götürür, müəyyən mənada bizi qısqanırsa, biz niyə onların ailə modelini özümüzə nümunə götürməliyik? Avropalılar bəzi şeyləri bizdən öyrənmək istədiyi halda, niyə biz onları təqlid etməyə çalışmalıyıq? Qərbdə artıq ailə institutu dağılmaq üzrədir, demək olar ki, yox olub. Bizdə də həmin proseslərin bəzi simptomlarını artıq hiss edirik”.

Həqiqət İsabalayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir