film

Serialların ssenarisi real həyatdan götürülür, yoxsa…

Baxış sayı: 1. 680

Televiziya evimizin çağırılmamış qonağıdır. Evdə asudə zaman keçirmək üçün televiziya ən ideal vasitədir. Adətən bütün ailə üzvlərinin evə toplaşdığı zaman, kanallarımızda serial saatları olur. Tamaşaçılar bəzən şikayət edilərlər ki, serialların ssenariləri real həyatdan tamamilə uzaqdır. Seriallarda milli mənəvi dəyərlərimiz qorunmadığı, maarifləndirici nüanslara az yer verildiyi barədə də iradlar eşidirik. Bu iradları nəzərə alıb, telekanallarımızda nümayiş olunan serialların ssenaristlərinə, müstəqil ssenaristlərə, rejissorlara müraciət etdik. Öyrənmək istədik ki, onlar ssenarini yazarkən daha çox nələrə diqqət yetirilər. Maraqlıdır ki, fikirlər haçalandı. Ssenaristlər gördükləri işi tərifləsələr də…

 

“Bəzən əhvalatı şişirtməyə məcburuq, başqa çarəmiz yoxdur”

“Xəzər” telekanalında yayımlanan “Ata ocağı” serialının ssenaristi  Valeh Əhmədov deyir ki, serialın ssenarisini yazarkən, real hadisələrə əsaslanmağa çalışırlar: “Nə qədər fantaziyadan istifadə edirsən et, insanların yaşantılarından da nələrisə qeyd etməyə çalışırıq. Bizim 12 nəfərdən ibarət yazar qrupumuz var. Onlar hekayələri axtarıb tapır və bir yerdə müzakirə edirik. Hadisələri müəyyən istiqamətə doğru aparır və o yöndə davam edirik. Ssenarini yazarkən xarakterlərə xüsusi önəm veririk, çünki xarakter çox önəmlidir. Xarakter ona həvalə olunan obrazı, o yükü peşəkar səviyyədə daşımalıdır. Nə qədər güclü ssenari yazırsan yaz, xarakterin zəif olsa, o serial istədiyin kimi alınmayacaq. Biz davamlı olaraq aktyorlarla ünsiyyət qururuq. Bu yöndə rejissorlar da bizə kömək edir”.

Ssenarist etiraf edir ki, bəzən mövzuları şişirtmək məcburiyyətində qalırlar: “Təbii ki, bir insanın həyatda  başına bu qədər hadisə gələ bilməz. Bəzən əhvalatı şişirtməyə məcburuq, başqa çarəmiz yoxdur. Bir hadisə hər hansı xarakterin üzərində cərəyan edirsə və bu məqamda yeni bir şey edirsənsə, təbii ki, bu, bir qədər riskli olur. Ancaq bu yeniliyi oturuşmuş bir xarakter üzərindən tamaşaçıya ötürdükdə, daha tez qəbul olunur. Tutalım, bir insanı maşın vurur, bəxti heç bir işdə gətirmir, bütün bədbəxt hadisələr onun qabağına çıxır. Həyatda belə bir şey olmur axı”.

Valeh Əhmədov qeyd etdi ki, yazdıqları ssenarilərin hər bölümündə maarifləndirici nüanslar olur. Ssenarist deyir ki, cəmiyyətə ziyan vuracaq mövzuya heç vaxt toxunmurlar: “Dünya praktikasında bir hadisəni reytinq xətrinə şişirdirlər. Bəzi səhnələr var ki, ailə ilə birlikdə həmin səhnələrə baxmaq olmaz. Hadisə baş verir, filmdə hadisənin nəticəsi qeyd olunur. Biz də hadisədən çox, nəticələri göstərməyə çalışırıq. Biz o hadisələrə də toxunmalıyıq, ancaq bəzi məqamları çox şişirtmirik”.

Hadisələri  real həyatdan götürürəm

ARB telekanalında nümayiş olunan “Uçurum” serialının ssenaristi, yazıçı Xanım Aydın deyir ki, serial çəkərkən  əvvəlcə onun sinopsisi qurulur: “Əgər məhz serialdan danışırıqsa, serialın ümumi skeleti, ümumi karkası olmalıdır. Yəni ərsəyə gətiriləcək hər hansı bir serialın öncədən çəkilmiş çertyoju hazırlanır. Amma bu çertyoj da, təbii ki, təxmini və ümumidir. Gedişat boyu dəfələrlə müəyyən hissələri dəyişə,  seriala yeni qollar artırıla, hansılarısa ləğv oluna bilər. Bu, artıq gedişatdan asılıdır. O ki qaldı, ssenarinin reallıqla səsləşməsinə, sinopsisin özü mənə ssenarist kimi real və canlı görünməsə, həmin işə əl qoymaram. Yaratdığım bütün obrazları və qurduğum bütün hadisələri, konkret olaraq, real həyatdan götürürəm. Çünki film də, serial da, elə teatrın özü də həyatdır! Həyatın səhnəyə, ekrana köçməsidir. Tamaşaçı efirdə gördüyünə inanmasa, baxmaz. İnanması üçün də, mütləqdir ki, gördüyü hadisə real hadisələr əsnasında yazılsın və ən əsası, həyatdan bir parça olsun. Hər halda, mən belə düşünürəm. Hazırda ssenaristi olduğum ARB kanalında həftə içi hər gün tamaşaçıların görüşünə gələn “Oscar production”nın ekranlaşdırdığı “Uçurum” serialının uğur qazanmasının səbəbini də bunda görürəm. Gündəlik məişət hadisələri, sosial problemlər, erkən nikah, təhsil, ailədaxili münaqişələr bu serialın özəyidir. Və aparılan sorğular, “Youtube” kanalında yazılan minlərlə rəy bunu göstərir ki, günümüzün reallığı ilə səsləşən serial özünü tamaşaçı qarşısında doğrulda bilib. Düşünürəm ki, mənim  ssenarist kimi uğurum, nə qədər də yazıçı-tərcüməçi kimi təcrübəmin olmasından, geniş mütaliəmdən irəli gəlsə də, bunun əsas səbəbi gündəlik müşahidələrimdir. Yəni real həyatı müşahidə etmədən, onu ssenariyə gətirmədən, serialın uğurlu olacağına inanmıram”

 “Reallıqdan kənara çıxmasaq, ssenari olmaz”

ATV telekanalında yayımlanan “O gecə” serialının ssenaristi Çinarə Nüsrətli deyir ki, ssenarini yazarkən  ilk növbədə ruhuna əsaslanır: “Ssenarini yazarkən içimdəki qurmaq, yaratmaq istəyinə daha çox əsaslanıram. Mənim üçün ruhumu, dünyaya baxışımı ifadə etmək çox əhəmiyyətlidir. Sonra da gördüklərimə və bildiklərimə əsaslanıram.  Düşünün ki bir obraz yaradırsınız, obrazın danışıq tərzindən ta yerişinə qədər, hətta yanağındakı xala qədər sizə məxsus olur. Obraz mənfi də, müsbət də olsa, mənim üçün çox doğmadır. Böyük çıxmasın, bunu mən yaratmışam, mən ərsəyə gətirmişəm. Ssenari yazarkən real həyat hadisələrindən istifadə edirəm. Belə olmasa, inandırıcı olmaz. Amma bu o demək deyil ki, təkcə real həyat hadisəsi yazılır, reallıqdan kənara çıxmasaq, bu, ssenari olmaz. Onda adi qəzet məqaləsinə, adi hekayə, esse və ya sənədli yazıya bənzəyər. Hər gün xəbərlərdə o qədər hadisələr görürük, amma ssenari hadisəni tamaşaçıya necə təqdim etməyinizdən asılıdır. Yazıya reallıqdan yola çıxılsa da, mütləq dəyişiklik və əlavələrlə mövcud sxemə uyğunlaşdırılır. Bir filmin və ya bir serialın ərsəyə gələ bilməsi üçün real həyat hadisəsi kifayət etmir, əsərin fabulasından ta ki ekranlaşdırılana qədər, çox zəhmət sərf olunur”.

Ssenarist ona ünvanladığımız suallara cavab verərkən bildirdi ki, bəzən yazdığı ssenarini aktyor düzgün şəkildə ifadə edə bilmir: “Ssenaridə daha çox həyatda gördüyüm, tanıdığım obrazlardan istifadə edirəm. Amma bəzən də görmək istədiklərimdən yazıram. Təbii ki, bütün bunlar cəmiyyət üçün bir mesajdır.  Əgər ssenari cəmiyyətə təqdim etmək üçün yazılırsa, deməli, onlara nəyisə göstərmək, aşılamaq üçün nəzərdə tutulur. Bunun üçün də ssenaridə ən böyük rolu, obrazların xarakterləri oynayır”.

film

Bu, təkcə Azərbaycanda belə deyil

Ssenarist Arzu Soltan yeni çəkilən serialların ssenarisinin məqbul olmadığını bildirdi: “Açığı, yeni çəkilən serialları aktiv şəkildə izləmirəm, amma təsadüfən gördüklərim və başqalarından eşitdiklərimə görə, serialların ssenariləri yaxşı vəziyyətdə deyil. Bu, təkcə Azərbaycanda belə deyil. Qabaqlar biz türk seriallarını nümunə gətirirdik, onlardan öyrənməyə çalışırdıq. İndi türk seriallarında da eniş var. Sanki mövzu reytinq naminə qoyulur, tamaşaçını cəlb etmək üçün nələrsə edilir. Dərin məna, maraqlı süjet xətti, reallığa uyan ssenarilər get-gedə azalır və mən buna təəssüf edirəm. Hətta, rus seriallarında da vəziyyət belədir”.

 

Ssenari sahəsində sürətli geriləmə var

Tanınmış rejissor Rövşən İsax qeyd edir ki, əgər ssenari pisdirsə, televiziyalar onun yayımını dayandırmalıdır: “Ssenarist düşünür ki, əgər yazıramsa, onun nə cür olmasından asılı olmayaraq yazdığım çəkilir və yayımlanırsa, niyə canıma cəfa verməliyəm? Onsuz da pis-yaxşı, yazdığımı çəkən tapılır. Onda da mən özümü güclü ssenarist hesab etməyə başlayıram. Bizdə reallıq budur. Serial sektorundan söhbət gedirsə, aktyorlarda da, rejissorlarda da inkişaf var. Operatorlar da inkişaf edə bilib. Amma ssenari sahəsində tam əksinə, sürətlə geriləmə var. Bu sahə bizdə iflic olub. Nəzərə alın ki, bu gedişlə gələcəkdə bundan da ağır vəziyyətlə üz-üzə qalarıq. Bizdə keyfiyyətə önəm verən yoxdur. İki dövlətin serial, kino sektorunu dəqiq bilirəm. Orda müqavilə bağlanır. Bir neçə bölüm üçün müqavilə bağlanır. Əgər reytinq vermədisə, yayım dayandırılır. Amma bizdə bu ənənə, bu təcrübə yoxdur. Ona görə də, heç kimdə o məsuliyyət hissi yoxdur. Serial, film elə bir yaradıcılıq sahəsidir ki, burda zəncirvari bağlılıq var. Bunun ssenarisi də güclü olmalıdır, rejissor işi də düzgün qurulmalıdır, aktyor ifası da özünü göstərməli, bəstəkar işi də sözünü deməlidir. Yəni kompleks şəkildə peşəkarlıq tələb olunur”.

 

 Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir