İndi böyük marketlər o qədər inkişaf edib ki, demək olar, bazara getməyə ehtiyac qalmır. Marketlərdə kibritdən tutmuş meyvə-tərəvəzə qədər, hər şey satılır. Belə xidmətin olması insanlar üçün çox yaxşıdır. Lakin yaxşı olmayan məsələ haqq-hesab məsələsidir. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür.
Fikirləşirsən ki, alış-veriş edəsən, rahat olasan, amma aldadılasan.
Müştərilər mağazalarda, iri marketlərdə alış-veriş zamanı aldıqları məhsulun vitrin qiyməti ilə kassa qiyməti arasında müəyyən qiymət fərqi ilə rastlaşırlar. Elə sosial şəbəkələrdə bununla bağlı paylaşılan fotolar, məlumatlar da bu cür faktların olduğunu bir daha təsdiq edir.
Alıcılar daha çox mal alanda, ən çox üz tutduğu super-marketlərdə bu hal, sanki, bir siyasətə çevrilir. O mənada ki, müştəri çox çeşiddə mal alır və satıcı kassada fərqli qiymətlər vurur, müştəri isə bunu hiss etmir, ya da…
Sakin: “Özlərinə deyirəm düzəldirlər”.
Böyük market şəbəkələrindən də bu cür faktların olduğunu təsdiqlədilər. Səbəbi isə belə izah etdilər.
Satıcı: “Günahkar satıcılardır. Qiymət dəyişir, amma vitrində qiymət dəyişilmir.
Vitrində məhsulu başqa qiymətə görən müştəri kassada fərqli məbləğ ödədikdə özünü bir növ aldadılmış hesab edir.
Bu kimi hallarla bağlı çox sayda şikayətin olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu, sadəcə, bəhanə adlandırır.
“Bu iş market sahiblərinin istehlakçılarını aldatmaq jestidir. İstehlakçı kassa çekini götürüb, iradını bildirməlidir”.
Mütəxəssislərin fikrincə, marketdə rəf qiyməti ilə kassa çıxış qiyməti fərqli olduqda ucuz olan qiymət keçərlidir. Hətta bəzi marketlərdə, belə hal baş verərsə, həmin mal alıcıya pulsuz verilir.