Mövsüm trendləri son bir neçə ildir dəyişməz olaraq qalır. Bununla belə vintaj fasonlara və köhnə dəbə müraciət edən dizaynerlər qeyri-adi elementləri və gözlənilməz gedişləri bizi təəccübləndirə bilir.
Ötən həftə yazın gəlişini rəsmi və təntənəli şəkildə qeyd etsək də, mülayim bahar günlərinin özünü nə vaxta çatdıracağı bəlli deyil. Bakının iqlimi nəzərə alsaq, aprelin də isti keçəcəyinə bel bağlamaq olmaz. Lakin biz nə edirik? Əlbəttə ki, ümidsizliyə qapılmır, “Pis hava olmur, pis seçilmiş paltar olur” şüarını əldə rəhbər tutmağa davam edərək yaz qarderobu hazırlıqlarına start veririk.
Kim bilir, bəlkə gələn ay həyatınızı dəyişdirəcək hadisələrlə əlamətdar olacaq. İstənilən halda həyatın xoş sürprizlərinə hazır olmaqda fayda var. Psixoloqlar və bionergetiklər də şiddətlə tövsiyə edir ki, fikirlərimizi hər daim nikbinliyə, nikbinliyə və yenə də nikbinliyə yönəltmək lazımdır. Pozitivdən nə qədər çox yapışsaq, arzuların reallaşma ehtimalı bir o qədər yüksəkdir. Çox danışdığımın fərqindəyəm, odur ki, sizi yormadan əsas mövzuya – mövsümün trendlər siyahısına keçək.
Beləliklə, havaların isinməsini səbirsizliklə gözləyən modapərəstləri 2019-cu ilin yaz-yay trendləri ilə tanış edirik.
Asiya
“Geyşanın memuarı” və ya Akira Kurosavanın klassikasına baxın, Asiya printləri ilə işlənmiş ipək kimono və ya plaş alın, bu, sizə mövsümün ən dəbli qızı adı qazanmağa zəmanət verəcək. Şərq təranələri podiumları ələ keçirib və biz qətiyyən əleyhinə deyilik!
Memarlıq printləri
Gözəl binaların və mürəkkəb printlərin pərəstişkarı sevinə bilər: Dizaynerlər yeni mövsümdə başdan-ayağa şəhər mənzərə təsvirləri ilə bəzənmiş geyimləri məsləhət görür.
Balet kostyumu
Uşaq ikən balerina olmağı arzu edən xanımları bu ilin yazında xəyallarını reallaşdıra bilər. Balet kostyumları mövsüm trendinin əsas mövzularından biri olub. Onları həm zərif dikdaban, həm idman ayaqqabıları, həm də yastıdaban baletkalarla tamamlaya bilərsiniz.
Bandana
Quldur bandaları bu mövsüm yeni həyatını yaşayır: Əgər 90-cı illərin nostalji trendi üçün darıxmısınızsa, bandanı istər boyunuza, istər çantaya, istərsə də saçınıza bağlaya bilərsiniz. Qorxmaq lazım deyil, çünki bu, mövsümün böyük aksessuar trendlərindən biridir.
İri bantlar
Əgər sizin daxili Mariya-Antuanettanız gözəl bir paltar tələb edirsə, yaxşı xəbərimiz var: iri bantları olan paltarlar və geyimlər yaz kolleksiyalarında üstünlük təşkil edir.
Bej dəri
Artıq-urtuq heç nə və sadəlik baharın növbəti trendidir. Qəhvəyi rəngli dəri və zamşa bu bahar qarderobunuzda mütləq özünə yer tapmalıdır. Bu, plaş, şalvar və dəri köynək və s. ola bilər.
Başdan-ayağa krem rəngləri
Zövqünüzdən asılı olaraq kişi kostyumu və ya döşəməyə qədər uzanan qat-qat əlbisənin krem çalarları 2019-cu ilin trendləri arasında güclü təsir yaradacaq.
Bəyaz minimalizm
Başdan-ayağa qədər ağa bürünmək yazın ənənəvi minimalist trendlərindəndir. Bu soyuq trend qızmar yay günəşinin təsirini azaldacaq. Odur ki, sınamağa dəyər.
Həcmli şlyapalar
Zəhlətökən pərəstişkarlardan gözlərinizi bax belə incə üsulla gizlətmək mümkün olacaq. Üzərində örtüyü olan enli şlyapalar yenidən dəbə qayıdır.
Velosipedkalar
Ötən yayda velosipedkaları geymək üçün vaxt tapmayan hər kəs yeni trendi bu yaz sınaqdan keçirə bilər. Moda həftələrində idman qarderobunun ayrılmaz hissəsi olan bu geyim üstünlük təşkil edirdi. Hətta əfsanəvi dizayner Karl Lagerfeld də bu tendensiyaya ayaq uydurmuşdu.
Viktorian dövrü
Baharda bizi gözəl bir dövrün qayıdışı gözləyir: növbəti mövsümün kolleksiyalarında Viktoriya modasının böyük retrospektivi ortaya çıxdı. Odur ki, keçmişin yerə qədər uzanan, volanlı donları, sıx korsetləri, qabarıq qolları, lentləri, krujevaları və digər elementləri geyinməyə hazır olun.
Dəbli üzgüçü geyimi
Yay mövsümə idman zalından hazırlaşmağı tövsiyə edirik, çünki bizi velosipedlə rəqabətə girə biləcək başqa dəb cərəyanı gözləyir. Dizaynerlər yazda isti və seksual üzgüçü geyimində gəzməyi təklif edir, belə bir moda trendini görməzdən gəlməyin.
Xallı donlar
Qızların qəlbində romantik xallı geyimlər üçün həmişə bir yer var. Podiumlarda biz onun müxtəlif və dəyişik versiyalarını gördük. Bu bahar klassik ağ-qara ilə yanaşı tamamilə rəngli xallar da gözə dəyəcək. Bizi yenə də xal printinin dəbli seli gözləyir!
Qaynadılmış və rəngi qaçmış cinslər
Artıq 1980-ci illərin filmlərini seyr etməyə başlaya və qaynadılmış cinslərin yenidən qayıdışını qeyd edə bilərsiniz. İstər pencəklərin, istər şalvarların, istər kombinezonların, istərsə də ətəklərin solmuş və qaynadılmış kimi görünən versiyaları artıq birinci il deyil ki, öz mövqeyini geri qaytarır.
Yağmurluq
Dizaynerlər də bilir ki, yaz ayları yağmursuz ötüşmür. Onlar bu faktı əldə rəhbər tutaraq modapərəstlər üçün incə, yarı şəffaf, çiçək şəkilləri ilə bəzədilmiş və ya tək rəng yağmurluq versiyaları təklif edir.
Həcmli çiyinliklər
1980-ci illər inadla bizi tərk etmək istəmir. Yaz modapərəstlər üçün həmcli çiyinlikli pencəklər hazırlayıb.
Dəri
Yazda bir dəri kurtka ilə məhdudlaşmayın: real dəri terroruna hazır olun. Moda həftələrində modellərin dəri obrazları bu trendin hələ uzun müddət dəbdə olacağını xəbər verdi.
Tor
Ənənəvi “nənə sandığı” cərayanlarından biri də tor şəklində şalvar və sarafanlar oldu. Belə geyimləri sadəcə çimərlikdə deyil, sadə və düz kəsimli libasların üzərindən də geyinə bilərsiniz. Mürəkkəb toxuculuq işləri yeni mövsümdə modapərəstlərin qəlbini fəth edəcəyinə heç bir şübhə yeri qalmır.
Qabarıq qollar
Viktoriya dövründən sonra xanımları razı salacaq ən romantik trend qabarıq qollardır.
Pambıq krujeva
Krujeva donları keçmişin qalıqları olduğunu düşünənlərin hamısı indi şübhəsiz ki, fikrini dəyişəcək, çünki pambıq krujevalar rəsmi şəkildə yenidən dəbə qayıdır. Toxunma krujeva olmadan bu yaz “sevimli qız” obrazını yaratmaq qeyri-mümkündür.
Həddən artıq mini
Artıq daha çox idman etməli və ayaqları incətlməli olacaqsınız. Çünki bu mövsüm qısa donlar aktualdır.
Zərxara
Moda həftələrinin payız mövsümündəki ən zəngin tendensiyalarından biri zərxara parçalar idi. Zərxaranı yazda da geyinməkdən çəkinməyin. Gündəlik həyatda belə bir parıltıya hazır olmayan hər kəs onu gecə mərasimlərinə geyinə bilər. Lakin bir çox dizaynerlər əmindir ki, zərxara parça gündəlik həyatda da ayrı bir yerə malikdir.
Qırçın
Bu vintaj trend növbəti mövsümün əsas dəb cərəyanlarından biri olaraq qalır. Şübhəsiz ki, qırçınlı ətək, don və kiçik qırçın dekoru olan plaşları seçməkdən savayı şansımız yoxdur.
Əyilmiş və ya sallanmış çiyinlər
Əyilmiş çiyinli paltar və bluzlardan bu mövsüm də gizlənməyə yer tapa bilməyəcəyik. Onlar boş və rahat geyinməyi sevən xanımların qarderobunda bu mövsümün ən yaxşı dostları olacaq.
İlan naxışı
İnsanlara daxilinizdəki vəhşi mahiyyəti göstərməkdən qorxmayın və ilan naxışlarına üstünlük verin.
Parçadan qızılgüllər
Keçmişin qadın dəbi istinadlarından biri də parçadan hazırlanmış qızılgüllərdir. Belə dekorlar asanlıqla istənilən aksessuarı əvəz etməyə qadirdir.
Qollar kəmərdə
Yazda bel xəttini vurğulamaq üçün başqa bir yol var: köynək və ya kurtkaları belə bağlayın.
Maksimum nəhəng qatlar
Konfet kağızı kimi bər-bəzəkli geyinməyi sevənlər bu yaz arzularını həyata keçirə biləcək. Moda mütəxəssisləri təvazökar qadınlar üçün qara və ağ kimi sakit rəngləri, çılğınlar üçünsə parlaq çəhrayı kimi tonlarını təklif edir.
İplə yığılma
Beldə, qolda və yarıqlarda iplə yığma üsulu baharda qadınlara bədən quruluşunu vurğulamağa kömək edərək uşaqlığınızdakı rezin bantları xatırladacaq.
Hərbçi stili
Hərbçi və güclü qızlar yeni mövsümdə başdan-ayağa qədər dəri və xaki rəngində geyinməlidir. Diz nahiyəsində iri cibləri olan şalvarlar xüsusi ilə aktualdır.
Gül inqilabı
Növbəti yay hər bir modapərəstin qarderobunda güllü donlar və geyimlər üstünlük təşkil etməlidir. Yay əhval-ruhiyyəsini yüksəltməkdə çiməkləri rolu danılmazdır. Odur ki, sizi bu trendlə ayaqlaşmağa dəvət edirik. Paltarınız nə qədər çox güllüdürsə, xoşbəxtlik saçmaq funksiyası bir o qədər güclü olacaq.
Etnik motivlər
Şərq motivləri bu yaz da həyatımıza gəlməyi vəd edir: bir çox dizaynerlər sanki sözləşərək mürəkkəb ornamentlərlə işləmiş xalat-yubkalar təklif edir.
Mini çantalar
Nəhəng geyim əşyalarını sevənlər bu yaz dəb rinqinə miniatür antaqonistlərlə çıxacaq. Kiçik ölçülü çantaların bu mösvüm çox iddialı versiyaları dəbə minib.
Türkiyəonline mağazalarından istədiyiniz məhsulların sifarişi. Sadəcə məhsulun web ünvanını bizə göndərin sifarişini edib sizə çatdıraq.
https://turkiyedenshop.online