Son dövrlərdə ölkəmizdəki kirayə bazarında bahalaşma müşahidə olunur. Bu proses özünü ötən ay daha da qabarıq şəkildə göstərdi. “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov aprel ayında tədbirlərlə bağlı olaraq kirayə mənzil bazarlarında bahalaşma olduğunu deyir.Mütəxəssis bildirir ki, paytaxtda yerindən və zonasından aslı olaraq kirayə bazarında bahalaşma 5-8 faiz müşahidə olunur:
“Bu həm havaların istiləşməsi ilə, həm də keçirilən tədbirlərlə bağlı oldu. Bundan qabaq kirayə mənzil bazarında bahalaşma Novruz bayramı ərəfəsində olmuşdu.
Kirayə bazarında qiymətlərin ucuzlaşması isə tədris ilinin başa çatmasından sonra olacaq. Buna səbəb isə tələbələrin kirayə tutduqları mənzilləri təhvil verməyə başlamaları olacaq ki, bunun sayəsində də paytaxtda boş mənzillərin sayı artacaq”.
N.İbrahimov əlavə edir ki, kirayə bazarı üçün mövsümü aylar mart, aprel, həmçinin avqust, sentyabr və oktyabr aylarıdır.