Lazımsız və düzgün olmayan qidalanma alışqanlıqları, ən çox məktəb yaşına çatan uşaqlarla bağlı ortaya çıxır. Uşaqların məktəbdə uğur qazanmasına təsir edən əsas amillərdən biri də qidalanmadır.
Mütəxəssislər hesab edir ki, azyaşlıların böyümə və inkişafının ən sürətlə getdiyi məktəb yaşı dövründə qidalanmaya daha diqqətlə yanaşmaq lazımdır. Qidalanma ilə bağlı yol verilən kiçik yanlışlar, nizamsızlıq uşaqlarda diqqət, qavrama problemlərinin yaranmasına səbəb olur.
Bununla yanaşı piylənmə, dəmir çatışmazlığı, dişdə çürüklərin yaranması, bu dövrdə yanlış qidalanma alışqanlıqlarına bağlı ən çox sıx rast gəlinən sağlamlıq problemləridir.
Məktəb yaşına çatan uşaqlar gündə ən azı 4 dəfə qida qəbul etməlidir.
Uşaqların qida menyülərində karbohidratlar, zülal, vitamin, minerallar, yağlar yetərincə yer almalıdır. Süd və süd məhsulları, ət, yumurta, paxlalılar 2-3 porsiya, mövsümə uyğun olaraq meyvə və tərəvəzlər ən azı 5 porsiya, çörək, taxıl məhsulları 6-9 porsiya olmalıdır.
Bu dövrdə ən vacib qidalanma dövrü səhər yeməyi sayılır. Səhər yeməyi dərslərdə uğur qazanmaq üçün çox vacib təsirə malikdir. Səhər yeməyində mütləq pendir, zeytun, yumurta, mövsüm meyvələri ilə yanaşı Omega-3 yağı ilə zəngin qoz, doşab, fındıq, az miqdarda bal olmalıdır.
Səhər və günorta yeməkləri arasında olan aralıq dövrdə isə daha sağlam qidalara üstünlük verilməlidir. Hazır satılan tortlar, biskvitlər, qurabiyələr, şokoladlar, çipslər, qazlı, şəkərli içkilərdən uzaq olmaq lazımdır. Bu aralıqda meyvələr, yoqurtlar, tərkibində şəkər olmayan, südlə bişirilən peçenyelər, ayran, süd, təzə meyvə suyu tövsiyə olunur.
Bəzən uşaqlar qida qəbul etmək istəməsələr də valideynləri onları zorla yedizdirirlər. Bu, düzgün deyil. Təbii qidalar onlara təkrar-təkrar təklif olunmalıdır, bu, alışqanlıq halına gətirilməlidir.
Həmçinin evdə bütün yeməklərin eyni anda süfrəyə nizamsız şəkildə qoyulması da uşaqların diqqətini çəkmir, onlarda iştahasızlıq, yeməyə qarşı laqeydliyə səbəb olur.
Uşaqların yemək saatları bəlli olmalıdır. Yemək aralarında iştahasızlığa səbəb olan şəkərli qidalar, şokolad, qazlı içkilər, işlənmiş qidaların qəbuluna birmənalı olaraq imkan verilməməlidir.