Ətiri belə seçin

Baxış sayı: 2. 100

Ətir almağa qərar verdiniz? Elə isə sizə kömək edə biləcək bəzi məsləhətlərlə tanış olun:
Nəyi iylədiyinizə əmin olun! Əgər eyni zamanda bir neçə ətiri yoxlayırsınızsa, onda dərinizin hansı yerinə nə vurduğunuzu qeyd edin. Bu, sizi sonrakı çaşqınlıqdan qoruya bilər.

* Parfümeriya məhsullarının hansını seçdiyinizə fikir verin. Üzərində “Parfum”, “Eau de Parfum” və “Eau de Toilette” yazılmış eyni adlı ətirlər bir-birlərindən növlərinə, dayanıqlılığına və hətta qoxusunun xarakterinə görə fərqlənirlər.

* Yalnız parfüm firmasının adına (“Şanel”, “Dior” və sair) yox, həm də ətirin adına və nömrəsinə diqqət verin. Nədənsə son illərdə hətta ən tanınmış firmalar belə ətirlərin üzərində nömrəni asanlıqla oxunulacaq qədər aydın qeyd etmirlər. Bəzən elə olur ki, identik ətirləri bir-birlərindən ancaq qutunun rənginə görə ayırmaq olur. Ancaq bunu bacarmaq üçün mütləq uzun illər boyu təcrübə toplamaq və ətir üzrə mütəxəssis olmaq lazımdır. Sonradan peşman olmamaq üçün əvvəlcədən bütün nüanslara diqqət yetirmək gərəkdir.

* Ətiri dərinizin müəyyən hissəsinə vurmamışdan öncə burada başqa bir qoxulu maddənin olmamasına (başqa ətir, sabun, krem) diqqət edin. Çünki istənilən ətir başqa qoxu ilə qarışdıqda effektini itirir.
Tələsməyin, spirtin tam buxarlanmasını gözləmək lazımdır. Ancaq bu da hələ hər şey demək deyil. Ətir dəridə dəyişə bilər. İlk anda sizə çox xoş təsir bağışlayan ətir sonradan əks çalarlar verə bilər. Ya da əksinə, ürəyinizə yatmayan ətir bir neçə dəqiqə sonra əsl siz axtardığınız qoxuya çevrilə bilər.

Ətirin dayanıqlılığı ilə ehtiyatlı olun. İnsanın burnu tez yorulur. Əgər sizə elə gəlirsə ki, ətir həddən artıq tez buxarlanır, bu, sizin burnunuzun yorulması ilə də əlaqədar ola bilər. Buna görə də ətir seçərkən onu tez iyləyin və sonra burnunuza istirahət verin.
* İlk növbədə hər şeyə diqqətlə yanaşmağa çalışın. Gözlərinizi yumun, kənar fikirləri özünüzdən uzaqlaşdırın, bütün qəlbinizlə ətirə köklənin. Tələsmədən özünüz üçün ətiri analiz edin: mən bu ətiri necə təsəvvür edirəm? O mənə nəyi xatırladır? O soyuq, yaxud istidir? Ağır, yaxud yüngüldür? Tanış, yoxsa yaddır? Zərif, yoxsa kəskindir? Çiçək ətridir, yoxsa kosmetika? Bu sualları bir-bir cavablayaraq ideal seçim edə bilərsiniz. Doğrudur, bu, o qədər də asan deyil. Lakin azacıq səbir və diqqət sizi bu sahədə həqiqi biliciyə çevirə bilər. Bu, ətir seçmək sənətinin ən vacib mərhələsidir. Əgər siz ətirə məhz belə məhəbbətlə və diqqətlə yanaşsanız, onda sonrakı mərhələlərin necə asan olduğunu görəcəksiniz. Unutmayın ki, ətir sizə bütün ömrünüz boyu lazım olacaq.

* İlk anda xoşunuza gəlməyən ətirdən dərhal imtina etmək lazım deyil. Əgər bu, sizə tanış qoxu deyilsə, onda həm ona, həm də özünüzə daha bir şans verməlisiniz. Adət etdiyiniz qoxuların sizi ömrünüz boyu müşayiət etməsi şərt deyil. Dünyanın ən nəhəng parfümerlərindən olan “Femme”nin yaradıcısı Edmond Rudniçkanın fikrinə görə, ilk anda insanı fiziki şoka salmağa qadir olan ətirlərin yaradıcıları dahidir.
* Yeni ətirlə qarşılaşan zaman o, sizdə radikal təsir oyadırsa, onda bir qədər gözləyin. Qoyun spirt buxarlansın, qoxu isə yerini alsın. Yeni ətrin sevimlinizə çevrilmək şansı heç də az deyil.
* Əgər ətirin sizin diqqətinizi yayındırdığını hiss edirsinizsə, o, sizə metalın iyini, xörək ətrini xatırladırsa, yaxud sevmədiyiniz adamı yadınıza salırsa, ondan dərhal yaxa qurtarın. Unutmayın ki, bu qıcıqlandırıcı qoxular əvvəlcə yalnız diqqətinizi yayındırısa, sonradan sinir sisteminizi poza bilər. Çünki hər istifadə zamanı bu xoşagəlməz çalar bir az da artacaq. Ətir seçiminin həddən artıq geniş olduğunu nəzərə alın və qətiyyən kədərlənməyin.

* Ardıcıl olaraq, iki, yaxud üç ətirdən artıq sınamayın. Seçimin nə dərəcədə geniş olduğunu düşünəndə, bu məsləhətə əməl etmək o qədər də asan deyil. Ancaq unutmayın ki, ətir dodaq boyası, burun isə göz deyil. Boya seçərkən onunu, hətta iyirmisini də sınamaq olar. Seçimdə yanılmayacağınız faktdır. Burun isə bir neçə anın içində qoxunu özəlləşdirə bilir. Sonrakı müqayisə və seçim ilk ətirlərin qoxusunu unutdurmayacaq və nəticədə seçim effektsiz olacaq. Həm də ətir haqqında boya kimi ilk baxışdan qərar vermək qeyri-mümkündür. Bu məsləhətlərin heç olmasa, bir neçəsinə əməl etməklə özünüzə uyğun ətiri seçə bilərsiniz. Ətir sizin gözəlliyinizi tamamlayan ən vacib aksesuardır. Unutmayın ki, sizə həm də ətirinizə görə qiymət verirlər. Ehtiyatlı olun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir