“Ailə münasibətlərinin korlanması səbəbilə bizə müraciət edən tərəflər daha çox bir-birlərini xasiyyətcən dəyişməkdə ittiham edirlər”.
Bu sözləri Psixologia və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ailə qurduqdan sonra münasibətlərdə tarazlığın pozulmasına gətirib çıxaran amillərdən danışarkən dedi.
Psixoloqun sözlərinə görə, ailədə münasibətlərin təmzimlənməsində ailə psixologiyasına əsasən müəyyən qaydalar mövcuddur:
“Bu qaydalar isə ailə qurana qədər tətbiq edilməlidir. Əvvəllər qadın və kişinin üzərinə düşən işlər məlum idi. Ancaq indi həm qadın, həm də kişi işlədiyi üçün ailədə balansı qorumaq bir az çətinləşir. Buna görə də tərəflər ailə qurmazdan öncə şifahi formada olsa da istər məişətlə, istərsə də uşaqla bağlı ailə qaydalarını öncədən razılaşdırmalıdırlar. Araşdırmalarımız zamanı məlum olur ki, ailə qurduqdan sonra münasibətlərin pozulmasına səbəb olan ən əsas amil tərəflərin bir-birlərini daha yaxından tanımadan ailə qurmalarından qaynaqlanır. Belə olan təqdirdə isə sözügedən məsələdə tarazlıq pozulmağa başlayır. Tarazlıq pozulduqda isə ailədə konfliktlər böyüyür. Nəticədə tərəflər arasında ayrılıqlar baş verir. Buna görə də ailə qurduqdan sonra 3 ilədək adaptasiya prosesi getdiyindən tərəflər bunu nəzərə almalıdır. Hər iki cinsin nümayəndəsi ideal münasibətlərdən birbaşa ailə dövrünə və artıq bilinməyən tərəflərin də özünü biruzə verəcəyi bir dövrə keçdikləri üçün problemləri çox qabartmamalı və mütəxəssisə müraciət etməlidirlər. Buna görə də hesab edirəm ki, ailə qurmazdan öncə tibbi müayinə ilə yanaşı, psixoloji müayinə də zəruri sayılmalıdır. Əks təqdirdə, baş verənləri sonradan önləmək çətin ola bilər”.