10694409_4685409711129_3657999883176554434_o

“İstəsəydim, indiyə qədər dəfələrlə evlənmişdim” – MÜSAHİBƏ

Baxış sayı: 4. 380

Bu müsahibədə sistem, ardıcıllıq axtarmayın – hardan gəldi, necə gəldi, ürəyimiz necə istəyir, bax elə də danışacağıq. Hətta profesionallığın diqtə etdiyi bəzi tələblər, streotiplər də pozula bilər, lütfən, qəbul edin. Bu söhbətin heç bir donu, heç bir geyimi olmayacaq! LÜT-fən!

Beləliklə, “Gencaile.az”ın yeni rubrikasının – “Kişi sözü” nün ilk qonağı yazıçı-publisist Dilqəm Əhməddir.

–         Streotipləri hara qədər qəbul edirsiniz?

–         Stereotiplərlə yaşayan bir insan deyiləm. Sadəcə toplumun qəbul edilmiş dəyərlərinə hörmətlə yanaşmağa çalışıram. Açıq şəkildə bu dəyərlərə qarşı mübarizə aparmıram. Çünki bu yol nəticə vermir. Bəzi stereotiplər zamanla, yumşaq güclə aradan qalxmalıdır. Bizə ən yaxın olan XIX əsrin sonları ilə XXI-in əvvəllərini müqayisə edin. Xalqın, fərdlərin düşüncəsindəki stereotiplərin necə dağıldığına, nələrin dəyişdiyinə şahid ola bilərsiniz.

–         Nələrdən imtina etməyə hazırsınız?10869707_943275945685220_9042045890853765734_o

–         İmtina cəsarət işidir. Mən ilk romanımın adını seçərkən ən uğurlu variant kimi bunun üzərində dayandım. “İmtina” iki gəncin bütün həyatından, sevgisindən, arzularından imtinası ilə bağlı idi. Burada həm də siyasətdəki qeyri-zorakı mübarizə metodundan doğan imtina nəzəriyyəsi də yer alıb. Özümə gəldikdə isə romanımdakı obrazlar kimi deyiləm. Onlara qibtə duysam da, əslində onların yanlış yol seçdikləri düşüncəsindəyəm. Mən daha praqmatik adamam. Həyatımı elə yaşayıram ki, imtina seçimlərim olmasın. Sadəcə onu deyim ki, bu aralar sevgidən imtina etmişəm. Çünki insana intəhasız kədər və problem bəxş edir :).

–         “Tanrı qadını birinci yaratmağı düşündü, amma ikinci yaratdı. Bütün sənət əsərləri kimi ikinci yaradılanlar daha qüsursuz, daha iddialı olur”. Kişilərdə hansı qüsurlar var ki, onlar qadınlarda yoxdur?

–         Qadınlara xoş gəlməsi üçün deyim ki, kişi Tanrının qaralama variantıdır. Ona görə bədən quruluşundan tutmuş, düşüncələrinə qədər kələ-kötür, kobuddur. Qüsurlara gəldikdə isə, bəşər tarixinə nəzər salın. Bilinən altı min illik tarixi olan insanlığı 99 faiz kişilər idarə edib, edir. Amma bu qədər müddətə dünyanı düz əməlli qurub başa çatdıra bilməyiblər. Bəşəriyyətin yönünü dəyişdirən hökmdarlar və peyğəmbərlər kişilər olub. Terrorçu birləşmələrin başçıları da kişilərdir. Ən azından Şərqdə hələ heç bir qadının ağlına İŞİD kimi qruplaşma yaradıb, öndərlik eləmək keçməyib.1017661_659769447413566_2143554733_n

–         Ədəbiyyat, yoxsa mətbuat?

–         Ədəbiyyat. Mətbuat ədəbiyyata mane olan bir şeydir. Sadəcə vaxt baxımından. Çünki gün ərzinə gündəmi izləməlisən, xeyli material oxuyub redaktə eləməlisən, müntəzəm yazılar yazmalısan. Bu isə vaxt olaraq insanı ədəbiyyatdan uzaqlaşdırır. Mən demirəm ki, Sovetlər dönəmindəki kimi Kislovodskiyə getmək lazımdır. Əsla! Normal vaxt, enerji lazımdır. Amma mən özümü daha çox tədqiqat işində sınayıram. Xüsusən, Azərbaycan tarixi ilə bağlı dəyərli mənbələr tapmışam, qarşıdakı illərdə kitablarımda bunları görəcəksiniz.

–         Məhəmməd Peyğəmbər, yoxsa İsa? Sizcə, hansı Allaha daha yaxın kişi idi?

–         Mənə hər zaman elə gəlib ki, kişilər Allaha daha yaxındır. Qadın allaha dua edir, kişi isə Allahın fəaliyyət mexanizmini axtarır. Tanrının duaları qəbul edib-etməməsi faktındansa, onun işləmə mexanizmini bilib o istiqamətdə onunla razılıq əldə etmək daha yaxşı və uğurlu variantdır. İsa peyğəmbər yarımifik varlıqdır. Hətta onun tarixdə olub-olmaması da müəmmalıdır. Üstəlik çarmıxa çəkilmək məsələsində də xristianlarla, müsəlmanlar arasında fərqli görüş var. “Quran” açıq şəkildə çarmıxa çəkilənin İsa olmadığını, “Allah üçdür” deyənlərin kafir olduqlarını bildirir. İslama görə, İsa sadəcə bir peyğəmbərdir, Tanrı oğlu filan deyil, bu iddiaya düşənlər kafirlərdir. Məhəmməd peyğəmbər isə bütün həyatı ilə bizə məlum olan bir şəxsiyyətdir. İstər “Quran”ın mətnindən, istərsə də hədislərdən onun həyatı ilə bağlı lazım olan məsələləri əldə edə bilirik. Mənə elə gəlir ki, İncildəki Allaha İsa, Qurandakı Allaha isə Məhəmməd daha yaxındır.10329958_902918516387630_6716574024511804523_o

–         Bu qədər mükəmməl sistemlərin, kainatın öz-özünə yarandığına inanmırıq. Bəs bu qədər mükəmməllikləri yaradanın özü öz-özünə yaranmış ola bilərmi?

–         İslamda deyilir ki, Allah var idi, var, var olacaq. Yəni əvvəli və sonu yoxdur. Mən yaradıcı anlayışını qəbul edirəm. Amma ondan o tərəfi mənim üçün elə də maraqlı deyil. Zatən ondan o tərəfini düşünməyin özü də absurd bir şeydir. Ondansa real olaraq kainatı öyrənmək, yeni planetlər, varsa yaşam kəşf etmək lazımdır. Mənim üçün bəşəriyyətin ən böyük kəşfi kənar sivilizasiyalarla əlaqənin qurulmasıdır. Bu, axır-əvvəl olacaq. Təəssüf ki, bəlkə də bizim ömrümüz çatmadı. Gələcəyin insanları çox xoşbəxtdir.

–         Anarı kim əvəz edəcək?

–         Şəxsən mənim üçün AYB-də kimin sədr olmasının əhəmiyyəti yoxdur. Çünki o postda əyləşənlər mənim yaradıcılığıma, uğurlarıma mane ola bilməz. Mən yaxşı əsər yazdım, Anar çap etməyə qoymadı? Bəlkə, mən ingiliscə öyrəndim, ingiliscə əsər yazıb Londonda çap edib, müsabiqələrə qatıldım, Anar mane oldu? Əsla. O post sadəcə bir qurumun idarə edilməsi üçün nəzərdə tutulub. Ona görə də istedadı ilə yanaşı idarəçilik bacarığı olan istənilən şəxsin Anarı əvəzləyə biləcəyini düşünürəm. Konkret şəxsə gəldikdə isə AYB üzvü olmadığıma görə heç kimin adını çəkə bilmərəm.10687324_868670669850875_7875161209639842145_o

–         Niyə AYB üzvü deyilsiniz?

–         Düşünürəm ki, mənim AYB-yə, AYB-nin də mənə ehtiyacı yoxdur. Üstəlik, mən birliklərin məhdud sayda olmasını, çevrənin dar olmasını doğru hesab edirəm.

–         Kimdən bir səhifədən artıq oxuya bilmirsiniz?

–         Bu müəllifə görə deyil, əsərə görə dəyişir. Məsələn, Amin Maalufun “Səmərqənd” əsərini çox sevsəm də, “Afrikalı Leo”nu 25 səhifədən artıq oxuya bilmədim. Nə zamansa yəqin ki, davam edəcəyəm.

–         Bizimkilərdən kimi bezdirici sayırsınız?

–         Mən oxuduğum kitablar haqqında ya yazı yazır, ya da ki ən azından status yazıram. Əgər yazdıqlarım arasında kimsə yoxdursa, demək ki, onlar bezdirici olub mənim üçün. Ad çəkməyəcəm, siz də təxribata çəkməyin 🙂

–         Yaxşı keçək kişilərin xəstəliklərindən birinə – futbola. Baxırsınız hər halda. Niyə Azərbaycanda futbolçu olmaq yaxşıdır, niyə yox?

–         Futbola adətən yarımfinal, final oyununlarında baxıram. Hansısa çempionatı qrup mərhələsindən izləməyə həvəsim olmur. Dünya çempionatında İtaliyanın, Türkiyə çempionatında Fənərbaxçanın, Çempionlar liqasında isə yenə də İtaliya klublarının fanatıyam. Azərbaycanda futbolçu olmaq indi yaxşıdır. Ən azından “Qarabağ”ın timsalında gördük ki, dünyanın tanınmış futbol komandaları ilə oynamaq, hətta onlara qalib gəlmək də mümkündür.

–         “Qarabağ”da kimin oyununu bəyəndiniz?

–         “Qarabağ” sevinci başlayandan mən daha çox oyunçulara deyil, baş məşqçi Qurban Qurbanova azarkeşlik edirdim. Çünki bu sevincin əsas səbəbkarı o idi. Ümumilikdə isə legionerlərin oyunu daha maraqlıdır.

–         Qarabağın axırı nə olacaq?

–         Prosesin uzun çəkəcəyini düşünürəm. Hər şey Vəfa Quluzadənin proqnozunun düz çıxmasından asılıdır.

–         Hansı proqnozunun?

–         Rusiyanın dağılmasını. Neçə illərdir bunu deyir, ümid edirik ki, bir gün həqiqət olacaq.     

–         Yeyib-içməklə münasibətləri necə tənzimləyirsiniz?

–         İçməklə yox, yeməklə aram yaxşıdır. Təəssüf ki, oturaq həyat tərzi yeməkdən müəyyən qədər imtina etməyə vadar edir. Çünki yemək və oturaq iş birləşəndə sağlamlıq üçün ciddi problem yaradır. Ona görə bu aralar diqqət edirəm.

–         Elə olub ki, məclisdən sonra dostlar sizi evə ötürmək zərurəti hiss etsinlər?

–         Yox. Spirtli içki içmədiyimə görə belə hal başıma gəlməyib.

–         Amma “yeyib-içən oğlan yaman olmaz” deyən həmkarlar çoxdur deyəsən…

–         Əlbəttə, yeyib-içmək gözəl bir şeydir. Arzu edirəm ki, həmkarlarım ölənə qədər yeyib-içə bilsinlər. Amma yeməkdən və içməkdən ölməsinlər. 

–         Yazıçı dostlarınızın, həmkarlarının yeyib-içmək məclislərindən fotolarını sosial şəbəkələrdə şəkillərinə tez-tez rast gəlirik. Bu, nə deməkdir? Oxucu öz yazıçısını belə görəndə onu nə qədər ciddi, onun yazdıqlarını nə qədər ayıqbaşla yazılmış əsər kimi qəbul edəcək?

–         Mən nadir hallarda sosial şəbəkədə yeyib-içmək fotosu paylaşıram. O da ki hansısa mühüm tədbirlə bağlı olanda. Adətən, yeyib-içmək fotolarına “tag”lanıram. Çünki camaatın nəyinə lazımdır sən nə yeyirsən, nə içirsən. Üstəlik, bəzi həmkarlarda yemək və içmək mədəniyyəti olmadığına görə bayaq dediyiniz kimi əcaib hallara düşdükləri olur. Süfrə ədəbi deyilən bir şey var.

–         Qadınlarla aranız necədir?

–         Qadınlarla aram həmişə yaxşı olub. İstəsəydim, indiyə qədər dəfələrlə evlənmişdim (gülür – V.M.) Sadəcə sevgi hissləri ilə yanaşı düşüncə və sadalamaq istəmədiyim digər amillərə də nəzər yetirirəm. Yəni aşırı seçiciyəm. Bu isə doğru bir şey deyil, əslində. Çünki sən özün də hansısa qadının kriteriyalarına uyğun gəlməyə bilərsən və buna görə sarsıla bilərsən.

–         Subaylıq nə qədər sultanlıqdır?

–         Otuza qədər sultanlıqdır. Otuzdan sonra taxtı laxlamış, əhalisi üsyan etmiş və sarayı ələ keçirmiş sabiq sultan kimi olursan. O baxımdan taxtımın laxlamasına hələ bir il var. Çalışacam ki, taxt laxlamadan növbəti mərhələyə keçim (gülür – V.M.)

–         Mikayılı tanıyırsan?

–         İki Mikayılı tanıyıram. Biri zamanında müəllim olub, digəri isə müəllimlərin naziridir. Müəllim olan şair Mikayıl Müşfiqin bu yaxınlarda xatirə muzeyində oldum. Xoş təəssüratla ayrıldım. Nazir Mikayıl müəllim isə yəqin ki, mənim kim olduğumu bilmir.

–         Bəs şoumen Mikayıl?

–         ANS-dəki aparıcını deyirsinizsə, təsadüfən görmüşəm. Azərbaycan dilini qətl eləməklə məşğul idi.

–         “Space”dəkini deyirdim… Yeri gəlməmişkən, “Kədər lojası” nədən yaranıb? Necə olacaq lojanın axırı?

–         Lojalar dünya bina olandan var. “Kədər Lojası”nı yaratmağımız dünya mason birliyinə etirazımızdan doğdu. Niyə axı onlar Şərqlə-Qərbin kəsişdiyi yerdə açıq şəkildə loja yaratmırlar? Məsələn, qonşu Türkiyədə rəsmi şəkildə fəaliyyət göstərir, niyə o lojadan bizdə olmasın? Ona görə də dünya masonları tərəfindən qəbul edilməyən virtual bir loja yaratdıq. Buna paralel loja da demək olar. Lojanın tarixinə gəldikdə isə Bəkir Əhmədi tanımaq lazımdır, Bəkir Əhmədi tanımaq üçün isə “İmtina”nı oxumaq lazımdır. Başa düşürəm, artıq ikinci dəfədir romanımı reklam edirəm, hər fürsətdən yararlanmaq lazımdır 🙂

Söhbətləşdi: Vüsal Məmmədov

1523255_742794199066730_1997812002_o

 

f1h2H6iy5V87

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir