Orxan Oruc

Tanınmış psixoloq: “Bir çox insan evləndikdə əsl xarakterlərini gizlədirlər”

Baxış sayı: 892

Sosial təcrid və karantin rejimi ilə bağlı verilən bədbin proqnozlar özünü doğruldur. Yadınızdadırsa, bu yaxınlarda bir gecədə üç qadın məişət zorakılığının qurbanı olmuşdu.

Qazax  rayonunun Qaymaqlı kəndində Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdi. Bakının Nizami rayonunda isə 1989-cu il təvəllüdlü Məmmədova Aygül əri ilə münaqişə zamanı bıçaqlanmış, döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilmişdi..  Digər bıçaqlanma hadisəsi  Gəncədə yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınmışdı. 1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı üç bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdi. İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanmışdı. Hər üç faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, COVID-19-un qarşısını almaq üçün sosial təcrid və karantin tədbirlərinin tətbiqi zamanı mütəxəssislər bənzər proqnozlar vermişdi. Karantin rejiminin ailə üzvləri arasındakı münaqişələr, xüsusilə də qadınlara qarşı qəddar davranışların, o cümlədən, qlobal səviyyədə məişət zorakılığının artmasına səbəb olacağı istisna deyildi.

“Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc müxtəlif ölkələrdə aparılan beynəlxalq araşdırmalara istinadən insanların qapalı mühitdə uzun müddət birgə yaşamasının fiziki və psixoloji zorakılıqların artmasına gətirib çıxardığını deyir:

“Burada təbii ki, birlikdə keçirilən zamanın keyfiyyətindən çox şey  asılıdır. Karantinə qədərki müddətdə günün müəyyən saatlarında bir-birini görən ailə üzvləri artıq 24 saat ərzində bir yerdə qalmalı oldular. Ailənin özülü möhkəm deyilsə, sevgi yoxdursa, tərəflər bir-birini digər zamanlarda sadəcə yola veriblərsə, karantin vaxtı onların problemləri daha çox üzə çıxır. Nəticədə insanlar bir-birinə uyğun cütlüklər olmadıqlarını, sadəcə, zamanın müəyyənləşdirdiyi qrafikə görə vaxtı ötürərək, uzun müddət birlikdə yaşaya bildiklərini dərk edirlər.

Eyni zamanda koronavirus pandemiyasının yaratdığı qorxu və stres də psixoloji dəyişikliklərə səbəb olduğundan insanlar  daha da aqressivləşir. Nəticədə qarşı  tərəfin atdığı hər hansı bir addım, dediyi söz qıcıq yaradır.

Cütlüklər arasındakı bu gərginlik getdikcə davaya və son nəticədə fiziki şiddətə, qətlə çevrilir. Bəzi ailələrdə isə  fiziki yox, psixoloji zorakılıq faktorları müşahidə olunur. Təşviş-həyəcan, panikatak, depressiya vəziyyətinə düşən insanlar evdə uşağına, həyat yoldaşına qarşı daha dözümsüz olur və bu da son nəticədə ailədaxili münaqişələrə rəvac verir”.

Psixoloqun sözlərinə görə, karantin rejiminin müsbət tərəfi də var. Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olur:

“Xüsusilə də, vaxt çatışmazlığı, işlərin çoxluğu səbəbindən bəzən valideynlər övladlarına, eləcə də ər-arvad bir-birinə zaman ayıra bilmirdilər. Amma indi insanlar karantin müddətindən istifadə edib yoldaşına və  uşaqlarına daha çox  vaxt ayırır. Xüsusən də diqqətsizlik, laqeydlik səbəbindən ayrılmaq üzrə olan cütlüklər üçün pandemiyanı bir növ fürsət kimi də dəyərləndirmək olar”.

 Karantin dövründə stressə qalib gəlməyin yolları -

– Karantin tədbirləri, ailə münaqişəsinin gərginləşməsi  intihar statistikasına necə təsir edir?

-İnsan xoşbəxt olmadığı, özünü təhlükədə hiss edib, çarəsiz qaldığı mühitdə intihara əl atır. Özünəqəsd ümidi tükənən insanların son sığınacağıdır. Dəfələrlə şahidi olmuşuq ki, məruz qaldığı fiziki və psixoloji şiddətdən bezən insanlar mübarizə aparmaq iqtidarında olmayanda  intihara əl atır.  Çox güman ki, karantin müddətində bu düşüncədə olan insanların sayında artım var.  Müəyyən səbəblərdən  bu istəklərini həyata keçirə bilməsələr də, “ölsəm canım qurtarardı” deyə düşünməkdədirlər.

– Karantin rejiminin uzadılması yəqin ki, boşanmaların da sayına təsir edəcək?

– Əlbəttə! Yuxarıda da qeyd etdiyimiz kimi sosial təcrid və karantin rejimi insanların gündəlik həyat tərzinin ciddi şəkildə dəyişməsinə səbəb olub. Bunun isə uzun müddət davam etməsi insanların maddi sıxıntılarla yanaşı, psixoloji problemlərini də ortaya çıxarıb. İndi bu fərqi hiss etməsək də, karantin dövrü bitdikdən sonra Azərbaycanda boşanmaların sayının daha da artacağını müşahidə edəcəyik. Bir çox  insan evləndikdə əsl xarakterlərini gizlədirlər. Qarşı tərəfi məmnun etmək üçün onun meyilli olduğu xarakteri alırlar. Bu isə təbii olmadığı üçün uzun müddət davam edə bilməz. Az bir vaxtdan sonra insan əsl simasını göstərməyə başlayır. Nəticədə qarşı tərəf onun xarakterindəki mənfi cəhətlərə dözmür və münaqişələr başlayır. Karantin dövründə isə uzun müddət birlikdə vaxt keçirdiklərindən əsl xarakterləri özünü büruzə verir.

 

– Müxtəlif ekspertlər tərəfindən verilən proqnozlara görə, pandemiya uzun müddət həyatımızın tərkib hissəsi olacaq. Deməli, sosial təcrid proqramları da öz aktuallığını qoruyacaq. Bəs, mövcud situasiyada  ailədaxili münaqişələrin və boşanmaların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Bununla bağlı bir sıra ölkələrdə “qaynar xətt”lər yaradılıb. Belə bir xidmət ölkəmizdə də var. Sadəcə olaraq maarifləndirmənin zəif olması insanların bu xidmətdən yararlanmasını əngəlləyir. Bu mövzuda sosial çarxlar  hazırlayıb televiziya kanallarında və ya internet resurslarında yayımlamaq lazımdır ki, insanlar dara düşəndə hara müraciət edəcəklərini bilsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir