Ruhiyye  Rustemova

Nə üçün insanlar intihar edir? – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 799

Əhali arasında baş verən ölümlərin səbəbləri içərisində intihar (suisid) ilk 10-luğa daxildir. İntihar edənlərin 98%-i psixi sağlamlıq cəhətdən problemlərə malikdirlər. Bəzi intihar halları bədbəxt hadisə kimi qiymətləndirilir, bəzən isə ölümün intihar və ya qəsd nəticəsində baş verdiyini müəyyən etmək mümkün olmur.

İntihar (suisidal) yönümlü hərəkətlərin bir neçə bölgüsü var: suisidal məqsədlər- intihar haqqında fikirlər, həyatdan getmək üsullarının düşünülməsi, müxtəlif hazırlıq işləri, məsələn vəsiyyətnamələrin tərtib olunması, ölümqabağı məktub yazmaq, zəhərli maddələr haqqında məlumat toplamaq suisidal intihar məqsədlərinə aid edilir. Digər intihar cəhdləri nisbətən az təhlükəli davrnaış formalarından, məsələn, az miqdarda dərman qəbul, həyat üçün təhlükəli olan autoaqressiv sahəni əhatə edir. Tamamlanmış intihar isə insanın həyatdan getməsi ilə əlaqədardır. İntihar məqsədi, cəhd və tamamlanmamış intiharın ümumi cəhətləri ola bilər. Suisidin sosial faktorları; eqoistik intihar- öz ortamı ilə psixoloji ünsiyyət hissini itirmiş, ailəvi, dini, ictimai nəzarətə tabe olmayan şəxslər tərəfindən törədilir. Anomik intihar – cəmiyyətə uyğunlaşa bilməyən, sosial inteqrasiyası pozulmuş şəxslərə aiddir. Altruistik intihar isə- öz həyatını sosial motivlər naminə qurban verənlərdir. Sadə intiharlarda insan öz həyatı ilə hesablaşmaq məqsədi ilə, genişlənmiş intihara isə az yaşlı uşağını güya əzabdan qurtarmaq üçün öldürmüş qadını(kişi) nümunə çəkmək olar. Kollektiv intiharda isə intihara üçün razılığa gəlmiş qrupları nümunə çəkmək olar. Bəzən intiharlarda dərman preparatları, kimyəvi zəhərlər, özünü asma, özünü kəsmə, hündürlükdən atılma və ya özünü hərəkət edən nəqliyyatın qarşısına atma hallarına rast gəlinir. İntiharlar bir ailənin üzvlərini hətta nəsildən-nəsilə bir bəla kimi izləyə bilər. İntihar etmiş şəxslə yaxın qohumluğu olanlar arasında intihar riski 4 dəfə artıqdır. İntihar davranışla əlaqədar olan bəzi psixi xəstəliklərdə, məsələn depressiya, şizofreniya, alkoqolizm, irsi meyilin müəyyənləşdirilməsi genetik hipotezi qismən təsdiq edilir.

“Nə üçün insanlar intihar edir?” sadə sual deyildir. Bu qəliz suala ən sadə cavabı intihar davranışını psixi xəstəliyin ayağına yazmaq ən rahat cavabdır. Amma bütün intiharları psixi xəstəliklərə bağlamaq olmaz. Heç bir sağlam insan qarşılıqlı münasibətlərdən sarsılma, nüfuzun itirilməsi, münaqişələr, ağır fiziki xəstəliklər və s. müşayiət olunan ağır böhranlı psixoloji gərgin vəziyyətlərinə düşməkdən sığorta olunmayıb. Psixoloji gərgin olan insan yaranmış problemin həll oluna biləcək amillərini görmür və ya onları düzgün qiymətləndirə bilmirlər və yeganə çıxış yolunu intiharlarda görürlər.

Bəzən intihar edən şəxs öz əməllərinə tam cavabdeh olur, öz həyatı ilə istədiyi kim rəftar etmək hüququ olduğunu düşünür. Bəzən isə ziddiyətli düşünərək bir tərəfədən ölüm arzuladıqları halda, digər tərəfdən yaşamaq istəyi olur. Bəzi insanlar isə bir dəfə həyatdan getmə qərarına gəlirsə bu onun həyat böhranı dövründə yarana bilər və şəxs böhrandan çıxan kimi intihar ehtimalı sıfıra enə bilər. Ciddi fikirləri olan insanları çoxu uzun illər ömür sürürlər. Digər tip intihar etmək istəyən insanların 80%-i isə, tez-tez intihardan danışdıqlarına baxmayaraq, özlərinə qəsd etmirlər. Psixoloji gərgin və intiharı düşünən insanla intihar fikirlərinin müzakirə olunması bəzən onu özünə qəsd etmək fikrini də möhkəmləndirə bilər. İntihar qərarına gəlmiş şəxsə qayğıkeş münasibət və həssas psixoloji söhbət onun vəziyyətini yüngülləşdirib və intiharın qarşısını almağa imkan kömək edə bilər. İntiharın qəfl törədilməsi isə impulsiv aktdır. İcra olunmazdan çox-çox əvvəl intihar risikinin əlamətləri nəzərə çarpır, bir çox intihar cəhdləri qabaqcadan planlaşdırılır. İntiharın həyata keçirilməsini müəyyən edərkən yaş amillərinə nəzərə yetirmək lazımdır.  Kiçik yaşlı uşaqlar praktiki olaraq intihar etmirlər, belə ki, 7 yaşından sonra intihar cəhdlərinə çox az hallarda rast gəlinir. Əksər hallarda bu intihar formalarını bədbəxt hadisələrdən fərqləndirmək çətin olur. Ən kəskin yaş dövrü 15-24 yaşlı yeniyetmə və gənclərdə intiharların miqdarı kəskin artır. Əlbəttə ki, bu yaş dövrünə düşən həyati-psixoloji sınaqların artması intihara yol aça bilir. Məsələn, gələcək peşənin seçilməsi, əks cinslə ilk kontaktlar, sosial adaptasiyada qorxular, alkoqol və narkotiklərdən istifadə hallarında intiharlar bu yaş dövründə daha aktual olur. Orta yaş dövründə kişilərdə intiharların miqdarı azalır, qadınlarda isə arta bilər.

İntiharlarınq arşısın alınması yönəlmiş bütün tədbirlər birincili, ikincili və üçüncülü profilaktikaya bölünür. Birinci profilaktikada sağlam tərzinin təbliği, narkomaniya və alkoqolizmə qarşı müdafiə tədbirləri, psixoloq və sosial işçilərin peşəkar maarifləndirici görüşləri aiddir. İkinci profilaktikada müraciət mərkəzləri, xəbərdarlıq mərkəzləri, “inam” telefonları kimi ictimai yönümlü müəssisələr, qadın, uşaq və ya gənclər üçün olan təşkilatların mövcudluğu aiddir. Üçüncü profilaktikaya isə intihar cəhdlərinin qarşısını alan, tibbi sosial tədbirlər, özünə yardım və qarşılıqlı yardımın müxtəlif formaları aiddir.

Yaxın ünsiyyət qurduğunuz insanlarda özünəqapanma, qısa müddətdə davranış dəyişikliyi, ünsiyyət azlığı, aqressiya, sosial uzaqlaşma halları gördüyünüz zaman şəxslə ünsiyyəti artırmaq və psixoloji yardım almaq üçün psixoloqa müraciət etmək lazımdır.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir