“Sosial müavinətlər haqqında” Qanuna əsasən təyin edilən birdəfəlik müavinətin növü uşağın anadan olmasına görə verilən müavinətdir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyin edilməsinin ilkin şərti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim olunmasıdır. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri nəzərdə tutulur. Yəni uşağın anadan olmasına görə birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir.
Uşağın doğulması haqqında arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər. Bu hallarda valideynlər tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanının vasitəsilə müavinətin alınmadığı barədə arayış təqdim olunmalıdır.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.
Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) nəzərdə tutulur.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət hər bir uşaq üçün təyin edilir. Belə ki, iki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Hal-hazırda uşağın anadan olmasına görə ödənilən birdəfəlik müavinətin məbləği 109 manatdır.
Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları (ƏƏSMN) tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları (ƏƏSMN) səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir.
Ümumilikdə müavinət təyin edilməsi üçün tələb olunan sənədlər:
• Müavinət təyin edən komissiyanın protokolu (işçisi olmayan öz-özünü sığortaedən fiziki şəxslər üzrə istisna olmaqla) – kağız formada və ya elektron formada skan edilmiş surəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş doğum haqqında sənəd – kağız formada və ya elektron formada skan edilmiş surəti/
Uşağın anadan olmasına görə birdəfəlik müavinət tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Yəni müvafiq bank hesabı açılaraq banklar vasitəsilə ödəniş həyata keçirilir. Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən ödənilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. Bu zaman müavinət uşağın doğulmasından sonra nə qədər yaşamasından asılı olmayaraq verilir. Uşaq ölü doğulduqda müavinət verilmir.
Müavinətin təyin edilməsi üçün həyata keçirilən xidmətə görə heç bir ödəniş və rüsum nəzərdə tutulmayıb. Xidmətin göstərilmə yeri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının inzibati binalarıdır.
Müavinətin təyin edilməsi üçün müraciət iki formada həyata keçirilir:
• Elektron müraciət və nəticənin elektron təqdim edilməsi;
• Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması.
Elektron müraciət üçün aşağıda qeyd edilən linkə daxil olaraq bu xidməti həyata keçirə bilərsiniz:
https://www.e-gov.az/az/services/read/3142/0
Hazırladı: Sevinc Quliyeva